Rusiya Prezidentinin sərəncamı ilə Azərbaycanda səfir vəzifəsindən azad edilən Vladimir Doroxinin yaydığı müraciətdə belə bir abzas diqqətimi çəkdi: “Rusiya və Azərbaycan miqyas, mentalitet və mədəniyyət baxımından müxtəlif ölkələrdir. Biz bir sıra məsələlərdə fərqli siyasi maraqlara malikik. Bununla yanaşı, münasibətlərimizi qaydasında aparmağa nail olmuşuq. İnanıram ki, qazanılmış bu təcrübə bütün çətinliklər və yeni çağırışlara baxmayaraq, gələcəkdə də iki ölkə və xalqın maraqları naminə istifadə olunacaq. Sizi əmin edirəm ki, Rusiya hər zaman buna çalışacaq”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, səfir bir neçə cümləsində işlətdiyi “müxtəlif ölkələr”, “fərqli siyasi maraqlar”, “çətinliklər” və “yeni çağırışlar” sözləri ilə iki ölkə arasında münasibətlərdə heç də hər şeyin hamar olmadığına eyham vurub:
“Haqlıdır. İki ölkə arasında fərqli maraqlar az deyil. Səfir bu sözlərlə xələfinə də mesaj göndərir ki, Bakı dincəlmək yeri deyil. Bu ölkənin siyasi dairələri və cəmiyyəti ilə daim işləmək və Rusiyanın maraqlarını anlatmaq, Qərbin və Türkiyənin maraqları ilə rəqabət aparmaq lazımdır. Doroxin demək istəyir ki, o bunu bacardı, ondan sonrakı da bacarmalıdır”.
Rusiyanın yeni səfirinin təyinatı ilə bağlı məsələlərə də toxunan E.Şahinoğlu deyib:
“Moskva nəsə bizimlə oyun oynayır. Bir tərəfdən Dövlət Duması Georgi Zuyevi iyulun 5-də Azərbaycana səfir kimi təsdiq edib. Digər tərəfdən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Belə çıxır ki, Moskva Bakının Zuyevlə bağlı iradını nəzərə alaraq onun yerinə başqa diplomatı Azərbaycana səfir göndərəcək?
Kim olursa-olsun, rəsmi Bakı Doroxinə bənzər sakit diplomatın Azərbaycana səfir göndərilməsində israrlıdır. Gələn il Azərbaycanda prezident seçkisi keçiriləcək. 2013-cü ilin prezident seçkisində Moskvada müxtəlif ssenarilər yazıldı, “milyarderlər ittifaqı” quruldu, bəzi fiqurlar fəallaşdı, sonra planlarından vaz keçdilər. Bunun gələn il təkrarlanmayacağına zəmanət yoxdur. Buna görə də Rusiyanın Azərbaycandakı səfirinin kimliyi 2018-ci ildə Azərbaycan üçün az əhəmiyyət daşımayacaq”.