Aparılan siyasət nəticəsində Azərbaycan bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair söylədiyi geniş mühazirəsində bildirib.
Baş konsul Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birliklə münasibətləri barədə iştirakçılara məlumat verib.
N.Ağayev Azərbaycanın zəngin tarixi, mədəni irsi və yerləşdiyi coğrafi məkan barədə iştirakçılara məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi inkişaf və müasirləşmə yolundan bəhs edib.
Diplomat Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu qeyd edib. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən N.Ağayev bu ənənələrin hazırda Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.
Baş konsul həmçinin çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Sonda baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.
Baş konsul tədbirdən sonra Sədlbək Kollecinin rektoru doktor Qreqori Andersonla görüşüb.