29 Noyabr 2017 23:22
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir müddət əvvəl cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar Prezidentin fərmanı oldu və bunu xalqımız da, beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət də çox yüksək qarşıladı. O cümlədən də mən. Amma mən Milli Məclisdəki çıxışımda da söyləmişdim ki, cəzanın humanistləşdirilməsi ilə əlaqədar olaraq biz Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edirdiksə, orada bəzi istiqamətlər üzrə cəzaların sərtləşdirilməsindən də söhbət gedir. Yəni oğurluğa, soyğunçuluğa və quldurluğa görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.

Teleqraf.com xəbər verir ki, buni Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında bildirib. Xatırlatdı ki, yeni dəyişikliyə görə, hətta quldurluğa görə cəzanın yuxarı həddi 18 ilə çatdırıldı: “Oğurluğa görə 14 ilə qədər, soyğunçuluğa görə 16 ilə qədər cəza nəzərdə tutulur. Əslində cəmiyyətdə sosial sifariş var idi ki, başqa cinayətlərə görə cəzalar sərtləşdirilsin. Biz son vaxtlar quldurluğa, oğurluğa, soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi ilə bağlı cəmiyyətdən hər hansı tələblər, təkliflər eşitmirik. Amma məsələn, azyaşlı uşağı zorlamağa görə biz nə qədər təkliflər eşidirik. Millət vəkilləri, jurnalistlər, ayrı-ayrı tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri hətta ölüm cəzasının bərpasını tələb edirlər. Amma bu məsələ diqqətdən kənardan qaldı. Tutaq ki, külli miqdarda oğurluğa görə cəzanın yuxarı həddi 14 ilə qədər qaldırıldı. Yaxud quldurluğa görə... Quldurluq həyat üçün təhlükəli olan zor tətbiq etmə, yaxud zor tətbiq etmə təhdidi ilə başqasının əmlakını ələ keçirmədir. Burada cəza 18 ilə qaldırıldı. Amma azyaşlı uşağı zorlamaya görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Yaxud qəsdən adam öldürməyə görə. Əgər burada ağırlaşdırıcı hallar yoxdursa, 9 ildən 14 ilə qədər cəza nəzərdə tutulur. İndi belə çıxır ki, kiminsə evinə basqın elədilər, bıçaqla, yaxud odlu silahla təhdid edib onun 500 mindən bir az artıq əmlakını apardılar... 500 minə qədərdirsə, artıq bu, xüsusilə külli miqdar sayılmır, külli miqdar sayılır. Bunun 500 min pulunu götürüb apardılar, amma öldürmədilər. Belə olduqda cinayətkara məhkəmə 18 il iş verəcək. Amma tutaq ki, adamı vurub öldürdün, 9 ildən 14 ilədək həbs olunacaq. Yəni maksimum 14 illik cəza. Mən də deyirəm ki, insanın həyatı dövlət tərəfindən daha ciddi qorunur, yoxsa onun əmlakı? Məsələn, həmin o quldur istənilən bir adamın evinə girsə, onun uşağını tutub desə ki, ya sən evindəki seyfin kodunu ver, ordan sənin pulunu götürəcəyəm, ya da mən sənin uşağının barmağını kəsəcəyəm. Mən sizə tam əminliklə deyirəm ki, istənilən valideyn o 500 mini verəcək ki, uşağının barmağı kəsilməsin. Hələ öldürülməsindən söhbət getmir, həyatı üçün başqa ağır təhlükəni kənara qoyuram. Uşağın bir dənə bayrağının kəsilməsinə razılaşmayacaq, fikirləşəcək ki, 500 mini yenə də qazana bilərəm”.

Q.Həsənquliyevin fikrincə, cəza siyasətində bir məntiq olmalıdır: “Dövlət cəmiyyətdəki münasibətləri tənzimləyir və qoruyur. Daha ciddi qorunan münasibətlər və nisbətən ondan aşağı səviyyədə qorunan münasibətlər var. Ona görə də əmlakın qorunması insan həyatından, insanın cinsi toxunulmazlığından, insan ləyaqəti ilə bağlı məsələlərdən üstün ola bilməz. Özü də xüsusi azyaşlı uşaqlar ki zorlanır, onlar həyatlarını yenidən qura bilmir. Yəni bir insanın həyatı həmişəlik məhv olub gedir, onlar psixi xəstəliklərə düçar olurlar. Özü də bizdə Qərbdən fərqli olaraq, psixoloqların yardımından əhali çox istifadə edə bilmir, bu sahə inkişaf etməyib, reablitasiya yoxdur. O mənada onların həyatı həmişəlik məhv olub gedir. Belə olan halda bu dəyərlər daha ciddi qorunmalıdır. Həm də cəmiyyətdən cəzaların sərtləşdirilməsi ilə bağlı sosial sifariş var idi. Amma siz neynirsiniz? İnsan əleyhinə olan cinayətlər humanistləşdirilir... Mən ölüm cəzası ilə bağlı da dedim ki, əvvəllər 25 il cəza alan şəxs özünü yaxşı aparırdısa, onun cəzası ya 15 ilə qədər azadlıqdan məhrumetmə ilə əvəz oluna bilərdi, ya da şərti azad oluna bilərdi. Amma qanuna edilən dəyişikliyə görə, onun 25 illik həbsdəki davranışı yox, son 5 ildəki davranışı əsas götürüləcək və onun çəkilməmiş cəzası da 10 ilədək azadlıqdan məhrumetmə ilə əvəz olunacaq. Baxın, şəxsiyyət əleyhinə cinayət törədənlərin cəzası ya toxunulmaz qaldı, ya da humanistləşdirildi, amma əmlakla bağlı cəzalar cərtləşdirildi. Halbuki ümumən bu fərman və bu layihə də cəzanın humanistləşdirilməsi ilə bağlı idi. Ona görə də mən bildirdim ki, görünür bu layihəni hazırlayanları daha çox öz pulları narahat edir və daha çox zəngin insanların – ancaq zəngin insanların 500 mini ola bilər - qorunması üçün cəzalar bu qədər sərtləşdirilir. Söhbət oğurluqdan, soyğunçuluqdan və quldurluqdan gedir”.

Q.Həsənquliyev hesab edir ki, Cinayət Məcəlləsində islahatlar aparılmalıdır: “Bizdə 66-cı maddə var: cinayətlərin məcmusu üzrə cəza təyinetmə. Bu zaman cəzanın ümumi həddi 20 ildən artıq ola bilməz. Misal üçün deyirəm, ayrı-ayrılıqda hansısa bir seksual manyak müxtəlif vaxtlarda 5 qadını zorlayıb. Məhkəmə hər bir epizod üzrə tutaq ki, 15 il olmaqla ona cəza təyin edir. Sonra isə bunu qismən toplama yolu ilə 20 ildən artıq cəza təyin edə bilməz. Yaxud 5 qadın zorlayıb, 5 nəfəri də öldürüb, bu rəqəmlər daha böyük ola bilər... Ancaq hər biri üzrə ona ayrı-ayrılıqda cəza təyin edəcək. Tutaq ki, qəsdən adam öldürüb, 14 illik cəza verilir. Azyaşlı zorlayıbsa, 15 il cəza təyin edilir. Yekun cəza isə 20 ildən artıq ola bilməz. Necə ola bilər ki, bu qədər ağır cinayətlər törətmiş insanlar 20 il cəza alır, biri də gedir həyat üçün təhlükəli olan zor təhdidi ilə kiminsə əmlakını oğurlayır, ona da 18 illik həbs verilir? Deməli, bunların arasındakı fərq 2 ildir. Ona görə də ABŞ kimi inkişaf etmiş ölkədə bəzən 300 - 400 illik cəza təyin edirlər. Yəni hər bir törətdiyin cinayətə görə cəza təyin olunur, sonra cəzalar toplanır. Deməli, cəzaların əhatə olunması söhbəti yoxdur”.

Deputat Azərbaycanda maksimum cəzanın 20 il, hökmlərin cəmi qaydasında hesablanan cəzanın isə 25 il olduğunu bildirdi: “Hökmlərin cəmi nə deməkdir? Yəni sən artıq məhkum olunmusansa, haqqında hökm çıxarılır və həbsxanada cəza çəkə-çəkə, yaxud şərti azadlıqdan məhrum olunmusan və bu zaman daha bir neçə cinayət törədirsən, o halda həmin işlər üzrə də hökm çıxarılır. Bunlar toplananda cəza müddəti 25 ildən artıq ola bilməz. Daha 5 il artırılmasının səbəblərinə gəldikdə, deyirlər ki, cəza çəkdiyin zaman cəza sənin tərbiyənə təsir göstərməyib. Amma mən bu fikirdəyəm ki, bu yuxarı hədd – 25 illik müddət götürülməlidir. Kim nə qədər cinayət törədibsə, hər bir cinayət üzrə hökm çıxarılmalı və onlar da toplanmalıdır, yuxarı hədd nə qədər olur-olsun. Yaxud da bu olmursa belə, yuxarı həddi heç olmasa 35-40 ilə qaldırmaq lazımdır. Ona görə ki, 20 yaşında ağır cinayət törədən adam getsin 30 -35 il otursun, 50-55 yaşında çıxsın azadlığa. Əgər ona cinayətlərin birinə görə ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulmursa, gedib həbsdə 60 yaşına qədər otursun. Yoxsa bu cür ağır cinayətlər törətmiş adam 40 yaşında yenidən cəmiyyətə qayıdıb, gedib kiminsə uşağını zorlamasın”.

Q.Həsənquliyev bildirdi ki, bir çox Avropa ölkələrində də belə cəza var: “Orda cinayətkarlar könüllü seçim edirlər: ya ömürlük azadlıqdan məhrumetmə, ya da onları axtalamaq. Kimyəvi maddə vurmaqla, yaxud cərrahi əməliyyatla seksual manyaklar gələcəkdə təkrarən bu tipli ağır cinayətlər törətməsinlər deyə, onlar axtalanırlar. Azərbaycanda belə bir cəza növü yoxdur. Hələ bu, cəmiyyətdə ciddi müzakirələrdən belə keçməyib deyə, cəmiyyət bu cəza növündən məlumatsızdır. Amma hesab edirəm ki, bu təklif cəmiyyətin ciddi müzakirələrindən keçməlidir və gələcəkdə axtalanma da bir cəza növü kimi tətbiq oluna bilər. Bu halda seçim imkanı daha çox həmin cəzaya məruz qalanın özünə verilir: ya gedib uzun müddətli azadlıqdan məhrumetmə növündə cəza çəkir, ya da onu axtalayırlar”.

Deputat bir məqamı xüsusi vurğuladı: “Mən ümumən cəzanın humanistləşdirilməsi siyasətini dəstəkləyirəm. Amma şəxsiyyət əleyhinə olan cinayətlər dövlət daha diqqətli bir siyasət yürütməlidir. Parlamentdəki müzakirələrdə də məsələ qaldırdım ki, DTX-nın əməkdaşları dövlət mükafatları ilə təltif olunmalıdır. Bəlli oldu ki, cinayətkar dəstə ağır cinayətlər törətmək istəyirmişlər, o cümlədən millət vəkillərinə, bir çox dövlət orqanlarına, vəzifəli şəxslərə qarşı. Onlar DTX əməkdaşlarına silahlı müqavimət göstərmişdilər. Səhv etmirəmsə, 3-ü zərərsizləşdirilib, 1-nin də məhkəməsi oldu. Siz fikir verin, demək hakimiyyət nümayəndəsinə qarşı həyat və səhhət üçün zor tətbiq etmə - bu yaxınlarda polis əməkdaşına qarşı da silahlı müqavimət oldu, özü də son vaxtlar bu cinayətlərin də sayı artıb, cəmiyyət də bunu çox hiddətlə qarşılayır – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Fikir verin, həyat və səhhət üçün təhlükəli olan zor tətbiq etmə və yaxud hakimiyyət nümayəndəsinə, polisə, DTX əməkdaşına qarşı zor tətbiqetmə təhdidi, özü də öz qulluq vəzifəsini yerinə yetirərkən. Buna qarşı 3 ildən 7 ilə qədər. Amma eyni hərəkətlər vətəndaşa qarşı, onun əmlakını ələ keçirmək üçün quldurluq edilirsə, 18 il cəza nəzərdə tutulur. Mənim etiraz etdiyim bunlardır. ABŞ-da isə polisə kimsə silah tətbiq edirsə, o adam polis tərəfindən mütləq ya zərərsizləşdiriləcək, ya da o elektrik stulunda canını tapşıracaq, ya da ölüm cəzası olmayan ştatlarda ömürlük azadlıqdan məhrum ediləcək. Yəni orada başqa yüngül cəzadan söhbət gedə bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər