Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır.
Teleqraf.com-un məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına Türkiyədə cinayət işi açılıb.
Çavuşoğlu Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyr-qanuni səfərindən üzüldüyünü deyib:
"Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfər cinayətdir".
Nazir deyib ki, qoy hər kəs bilsin ki, Azərbaycanın icazəsi olmadan heç kimin Dağlıq Qarabağa getmək hüququ yoxdur.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bir müddət sonra isə Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı Karo Paylan Yerevana səfər edib. O, Yerevanda çıxışı zamanı Ankaranı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib.