2 Dekabr 2017 10:40
5 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

…əslində isə “Diriliş Postası” qəzetinin həmin materialı tamamilə fərqli mövzuya – Ermənistan Respublikasının işğalçılıq siyasətinə həsr edilmişdir. Məlum olduğu kimi, separatçı Dağlıq Qarabağ oyuncaq rejiminin “özünümüdafiə qüvvələrinin birinci komandanı” polkovnik Arkadi Karapetyan həmin ərəfədə Ermənistanın “Lraqir” nəşrinə verdiyi müsahibədə ermənilərin Türkiyəni də işğal etmək niyyətində olduqlarını açıq şəkildə ifadə edib. Polkovnik Türkiyənin Rusiyadan S-400 tipli raketlər almasına və hətta yaxın illərdə onların bu ölkədə də istehsal olunmasına münasibət bildirərkən bunları deyib: S-400 raketləri müdafiə xarakterli silahdır. Onunla təyyarələri və digər uçan obyektləri də vurmaq olar. Bu o deməkdir ki, gələcəkdə biz Türkiyəni alanda Ermənistan üçün problem yaranacaq. Ancaq türklər o raketləri istifadə edə bilməyəcəklər. Çünki Türkiyə bu və ya digər formada dağılacaqdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Yeri gəlmişkən, həmşinlilərin «etnik separatizm yayan Ermənistan agenti» kimi tanıdıqları Sergey Vardanyan çıxışından sonra gülünc vəziyyətə düşmüşdür. Belə ki, o, kövrələrək atasının 1915-ci il hadisələrinin canlı şahidi olduğunu söyləmişdir. Guya Sergeyin 15 yaşı olanda atası ona bunları demişdir: «Mən sən yaşda olanda bu hadisələri öz gözlərimlə gördüm. Türklər erməniləri Həmşindəki Cəhənnəm dərəsi üstündəki qayalardan atırdılar». Həmşinlilər araşdırma aparmış və məlum olmuşdur ki, Sergeyin atası Cəhənnəm dərəsində ola bilməzdi. Çünki… o, 1934-cü ildə dünyaya gəlmişdi.

Qondarma «erməni soyqırımı» haqqında bir sıra kitabların və çoxlu sayda məqalənin müəllifi olan Hilmar Kayser də sərsəm iddialardan geri qalmaq istəməmiş, erməni mənbələrinə istinadən aşağıdakı qənaətini konfrans iştirakçılarının diqqətinə çatdırmışdı: «Dinin dəyişdirilməsi könüllü və maneəsiz həyata keçirilməli idi. Lakin hakimiyyət nümayəndələri «zərərli şəxslərin» – siyasi və ya digər təşkilatlarla əlaqələri ehtimal olunan ermənilərin din dəyişmələrinə (islamı qəbul etmələrinə) mane olurdular. Eləcə də dinlərini dəyişənlərin bir yerdə yaşamalarına da yol vermirdilər. Onlar vilayət və ya qəzalardakı müsəlman kəndlərinə göndərilirdilər. Son olaraq, kimsəsiz qalmış, on yaşından kiçik erməni oğlan uşaqlarını və iyirmi yaşından kiçik erməni qızlarını hökumətin himayəsi altına alırdılar. Hökumət vilayət və sancaq rəhbərlərindən həmin qızların müsəlman kəndlərinə göndərilməsini sürətləndirməyi tövsiyə edirdi».

Konfrans materiallarının təhlilinə əsasən, buradakı çıxış və müzakirələrdə səsləndirilən «tövsiyələrdə» Türkiyəyə aşağıdakı tələblər irəli sürülmüşdür:

• Türkiyə Osmanlı dövlətinin varisi kimi «erməni soyqırımı»nı tanımalı və ermənilərdən üzr istəməlidir;

• xarici ölkələrdə yaşayan Türkiyə mənşəli ermənilərin «Qərbi Ermənistan» torpaqlarına qayıdışı təmin olunmalı, mal-mülk, torpaq sahələri qaytarılmalı, dəymiş ziyana görə onlara təzminat verilməlidir;

• Türkiyədə ermənilərin «pozulmuş mədəni siyasi hüquqları» bərpa edilməli və dövlət tərəfindən qorunmalı, onlar «etnik azlıq» çərçivəsindən çıxarılmalıdırlar;

• həmşinlilər istisnasız olaraq «etnik erməni» kimi tanınmalı, «zorən islamlaşdırılmış ermənilərin» etnik və dini kimliklərinə qayıdışı, onların Ermənistan Respublikası ilə hərtərəfli əlaqələrinin qurulması üçün maneəsiz şərait yaradılmalıdır;

• ermənilərin Türkiyədə siyasi baxımdan təşkilatlanmasına yol verməyən hüquqi maneələr aradan qaldırılmalıdır.

Hrant Dink Vəqfinin xüsusi diqqət yetirdiyi fəaliyyət proqramlarından biri də 2009-cu ildən davam etdirdiyi «Mətbuatda nifrət hissinin təbliğinin monitorinqi» (Medyada Nefret Söylemini İzleme Çalışması) layihəsidir. Fridrix Nauman Fondunun, Açıq Cəmiyyət Fondunun və İstanbul Siyasətçilər Mərkəzinin maliyyə dəstəyi ilə icra olunan həmin layihədə məqsəd etnik, dini, irqi, cinsi ayrı-seçkiliyə, cinsi azlıqlara qarşı Türkiyə mətbuatında dərc olunan tənqidi materialların izlənilməsi və onlarda nifrət hissinin təbliğinin dəyərləndirilməsidir. Belə ki, Hrant Dink Vəqfinin yaydığı hesabatda yalnız 2017ci ilin ilk dörd ayı ərzində keçirilmiş monitorinq zamanı həmin məsələlərə bütövlükdə 58 fərqli sosial, etnik və dini qrup haqqında 2335 «nifrət çağırışlı» material müəyyən edilmişdir. Hesabatda o da vurğulanır ki, «erməni soyqırımının və Xocalı qətliamının (Hrant Dink Vəqfi və «Aqos» qəzeti Xocalı hadisələrindən bəhs edəndə «soyqırımı» ifadəsini işlətmir) ildönümləri ərəfəsində ən çox hədəf halına gələn ermənilər olmuşlar». Bütövlükdə, həmin dörd ay ərzində ermənilər Türkiyə mətbuatında əsas tənqid hədəfi olaraq, «liderliyi» əldə saxlamışdar – 439 məqalə. Monitorinqin nəticələrinə əsasən, ikinci yeri suriyalı qaçqınlar (433 məqalə), onların ardınca İsrail (298 məqalə), xristianlar (210 məqalə) və yunanlar (198 məqalə) tutmuşlar.

Həmin tənqidi məqalələrdəki «nifrət əmsalının» dəyərləndirilməsinə gəldikdə isə Hrant Dink Vəqfi burada da özünün «obyektiv meyarlarını» tətbiq etmiş, onlara məzmununa əsasən «erməni məsələsi», Ermənistanın və Qərb dövlətlərinin Türkiyəyə münasibətləri kontekstindən qiymət vermişdir. Məsələn, 2017-ci il iyul ayının 31-dən avqust ayının 6-dək olan dövr ərzində «ən nifrət yayan məqalə» nominasiyasında birinci yerə avqustun 5-də «Diriliş Postası» qəzetində dərc olunmuş «İşğalçı ermənilər «Böyük Ermənistan» xülyasını canlandırırlar!» (İşgalci Ermeniler’in ‘Büyük Ermenistan’ hayali depreşti!) başlıqlı yazı layiq görülmüşdür. Hrant Dink Vəqfi ictimaiyyət üçün nəzərdə tutduğu hesabatda məqalənin məzmununa toxunmadan bildirir ki, guya onun önə çıxarılmasına səbəb yazıdakı bu ifadələr olmuşdur: «İmperialist Qərbin və onun əlaltısı olan PKK terror qruplaşmasının Türkiyəyə qarşı təcavüz planı hazırlaması erməni işğalçılarının iştahlarını artırmışdır». Vəqfin ekspertlərinin qənaətinə görə, bu fikirlər «erməni kimliyinə şübhə hissi yaradır, erməniləri Türkiyə üçün təhdid olaraq göstərir və cəmiyyətdə onlara mənfi münasibət yaradır».

Əslində isə «Diriliş Postası» qəzetinin həmin materialı tamamilə fərqli mövzuya – Ermənistan Respublikasının işğalçılıq siyasətinə həsr edilmişdir. Məlum olduğu kimi, separatçı Dağlıq Qarabağ oyuncaq rejiminin «özünümüdafiə qüvvələrinin birinci komandanı» polkovnik Arkadi Karapetyan həmin ərəfədə Ermənistanın «Lraqir» nəşrinə verdiyi müsahibədə ermənilərin Türkiyəni də işğal etmək niyyətində olduqlarını açıq şəkildə ifadə etmişdir. Polkovnik Türkiyənin Rusiyadan «S-400» tipli raketlər almasına və hətta yaxın illərdə onların bu ölkədə də istehsal olunmasına münasibət bildirərkən bunları demişdir: «S-400» raketləri müdafiə xarakterli silahdır. Onunla təyyarələri və digər uçan obyektləri də vurmaq olar. Bu o deməkdir ki, gələcəkdə biz Türkiyəni alanda Ermənistan üçün problem yaranacaq. Ancaq türklər o raketləri istifadə edə bilməyəcəklər. Çünki Türkiyə bu və ya digər formada dağılacaqdır». Nəticədə, Hrant Dink Vəqfinin «demokrat» imicli ekspertləri vətəndaşları olduqları dövlətin mənafeyini qorumaq, ona nifrət hissini təbliğ edənləri müəyyən edib onlara layiqli cavab vermək əvəzinə, həmişəki kimi Ermənistanın ayağını tapdalamaq istəməmiş, «nifrət» hədəfi kimi həmin iddialara etirazını bildirən «Diriliş Postası» qəzetinin redaksiyasını seçmişdir. Çünki məqalədə həm vəqfin, həm də onun himayədarlarının heç də ürəyincə olmayan bu fikirlər də öz əksini tapmışdır: «Erməni hərbçisi Azərbaycan və Türkiyəni təhdid edərək ermənilərin «Böyük Ermənistan» xülyasını yeniləşdirdi. Özəlliklə Azərbaycanda sərt reaksiyaya səbəb olan açıqlamadan sonra sosial media Ermənistanı qarışdırdı. Ermənistan hakimiyyət nümayəndələrinin belə fikirləri Azərbaycan hökumətinin hər fürsətdə dilə gətirdiyi «Ermənistan sülhü sabotaj edir» sözlərini bir daha sübuta yetirdi».

Başqa bir misal. Hrant Dink Vəqfi yenə də Açıq Cəmiyyət Fondunun (əslində, Soros Fondunun) maliyyə dəstəyi və Türkiyənin Avropa İttifaqı Nazirliyinin razılığına əsasən, erməni iddialarını tarixi-mədəni baxımdan da əsaslandırmaq, türkləri isə «vandalizmdə» ittiham etmək məqsədilə digər layihəni – «Anadolunun mədəni irsi» layihəsi çərçivəsində «Türkiyə ərazisində erməni mədəniyyəti nümunələrinin interaktiv xəritəsi»ni hazırlamışdır. Bununla da ölkənin əksər bölgələrində «erməni xalqına məxsus olan 4600 tikili və onlar haqqında məlumat toplanmışdır». Layihənin icraçıları – Vahn Keşişyan, Nora Mildanoğlu, Rolayr Olqar, Mustafa Batman, Deniz Berk və başqaları bu tikililərdən başqa «hazırda yerli əhalinin anbar, tövlə və məscid kimi istifadə etdiyi qədim erməni abidələrini» də aşkara çıxarmışlar. «Aqos» qəzetinin yazdığına görə, ilk dəfədir ki, Türkiyə ərazisində xristian mədəni irsinin tarixi bu səviyyədə araşdırılmışdır.

Əlbəttə, Hrant Dink Vəqfinin digər fəaliyyətləri də «qoyunun qurda tapşırılması» misalını, xüsusilə Türkiyədə xalqlar və dinlər arasında nifrət hissinin, ksenofobiyanın məhz kimin yayması ehtimallarını təsdiqləyir. Məsələn, Hrant Dink Vəqfi Yayın Evi son bir neçə il ərzində qondarma «erməni soyqırımı»ndan, «zorən islamlaşdırılmış» ermənilərdən və Türkiyədə «etnik ermənilərin mədəni-siyasi hüquqlarının pozulmasından» bəhs edən xeyli sayda təbliğat materialını, o cümlədən kollektiv müəlliflərin hazırladığı «Kamp Armen’e Giden Yol: Artakalanların Hikayesi», «Mühürlü Kapı: Türkiye Ermenistan Sınırının Geleceği» toplularını, Hasan Cemalın «1915: The Armenian Genocide», Laurens Ritterin «Kılıç Artıkları», Mehmet Ferda Balancarın «Sessizliğin Sesi: Türkiye Ermenileri Konuşuyor», Hasan Kuruyazıcının «Batılılaşan İstanbul’un Ermeni Mimarları», Hrant Güzelyanın «İzmit’s Armenians Speak», Altuğ Yılmazın «Ermeni Soykırımı’nda Vicdan ve Sorumluluk: Kurtulanlara Dair Yeni Araştırmalar», Bülent Doğanın «Diyarbakır Tebliğleri: Diyarbakır ve Çevresi Toplumsal ve Ekonomik Tarihi Konferansı», Pınar Öğünçün «Asker Doğmayanlar» və s. kitablarını kütləvi tirajla nəşr etdirmiş və yaymışdır.

Türkiyədə «demokratiya» pərdəsi altında açıq pozuculuq fəaliyyəti göstərən erməni qruplarından biri də «Nor Zartonk» («Yeni oyanış», http://www.norzartonk.org) gənclər təşkilatıdır. Türkiyə ermənilərinin ictimai qurumu kimi təqdim olunan və perspektivdə erməni etnik partiyasının özəyi ola biləcəyi ehtimal edilən bu təşkilat 2004-cü ildə «internet dərnəyi» kimi yaradılmış, lakin Hrant Dinkin qətlindən dərhal sonra solçu-sosialist mövqeli ictimai-siyasi quruma çevrilmişdir. Bu təşkilat Türkiyədəki erməni əsilli gənclərin etnik və siyasi cəhətdən təşkilatlanması, onların hakimiyyətin siyasi iradəsinə təsiretmə imkanlarının artırılması, Ermənistan və xaricdəki erməni diasporası ilə əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təsis edilmişdir. Türkiyənin qondarma «erməni soyqırımı»nı tanıması, ermənilərdən üzr istənilməsi və «zərərçəkənlərin» ailələrinə maddi təzminat ödənilməsi tələbləri ilə çıxış edən «Nor Zartonk»in fəaliyyət devizi isə belədir: «Tək başına qurtuluş yoxdur. Ya hamımız, ya da heç birimiz!» (Kurtuluş yok tek başina, ya hep beraber, ya hiç birimiz!). Müxalifət yönümlü bu təşkilat hazırda özünü Xalqların Demokratik Partiyasının fəal, lakin qeyri-rəsmi bir qolu kimi təqdim edir, onun siyasi aksiyalarında fəallıq göstərir. Təşkilatın nəzdində aşağıdakı təsisatlar fəaliyyət göstərir:

• Erməni Mədəniyyəti və Həmrəylik Dərnəyi (Ermeni Kültürü ve Dayanışma Derneği - EKDD, http://www.ermenikultur.org/en/);

• «Nor Zartonk» aylıq jurnalı (http://www.norzartonk.org/nor-zartonk-bulten/);

• «Nor Radio» (https://soundcloud.com/norradyo).

2014-cü il sentyabr ayının 19-da İrəvanda keçirilmiş Beşinci «Ermənistan-Diaspora» forumunda «Nor Zartonk» təşkilatının rəhbərlərindən olan Sayat Tekir Türkiyə ermənilərinin nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir. S.Tekir Ermənistan prezidenti Serj Sarqsyanın, baş nazir Hovik Abramyanın, parlamentin sədri Qalust Saakyanın, xarici işlər naziri Edvard Nalbandyanın, xüsusilə bütün ermənilərin katolikosu II Qareginin də iştirak etdiyi toplantıda onlara müraciətlə bunları demişdir: «Əsas məsələ Türkiyədə demokratiya və insan hüquqlarına hörmət edən idarəçilik formasının qurulması, Türkiyənin demokratikləşdirilməsidir. Erməni soyqırımının tanınması və Türkiyənin demokratikləşdirilməsi məsələləri bir-biri ilə sıx bağlıdır». Sonra isə «islamlaşdırılmış ermənilər» məsələsinə toxunaraq vurğulamışdır: «Biz (Türkiyə erməniləri – A.Q.) camaat və ya icma deyilik, biz xalqıq. Lakin biz sadəcə xristianlardan ibarət xalq deyilik. Türkiyədə öz etnik mədəniyyətlərini davam etdirməyə çalışan, amma inanc etibarilə ələvi və ya sünni olan ermənilər də var. Din və məzhəb fərqini nəzərə almadan bütün insanlarımızı bir araya gətirməyimiz lazımdır. Soyqırımı mövzusunda danışmağa onların da haqqı vardır».

Qeyd edək ki, «Nor Zartonk» təşkilatının 2015-ci il dekabr ayının 10-da «Tarixdən günümüzə: Türkiyədən kənarda yaşayan islamlaş(dırıl)mış ermənilər» mövzusunda keçirdiyi konfransda «açılım siyasəti» bütövlükdə təqdir olunsa da, müsəlman ermənilərin «kimliyə qayıdışı» üçün bunun kifayət etmədiyi bildirilmişdir. Erməni və türk dillərində edilən çıxışlarda qeyd olunmuşdur ki, on il əvvəl islama tapınan ermənilərin etnik identikliyi məsələsi diqqətdən kənarda qalmışdır və «bu gün onlar haqqında yalnız Türkiyə və Türkiyədə yaşayanlar danışırlar». Çıxışlarda belə bir fikir vurğulanmışdır ki, ermənilər həm xristianlığın, həm də islamın fərqli məzhəb və təriqətləri içərisində digər xalqlarla qarışmışlar: «Dünyada hazırda 10 milyon erməni yaşayır. Halbuki, dörd min illik tarixi olan millətin sayı indi yüz milyonlarla ölçülməli idi (?). Bu o deməkdir ki, ermənilər tarix boyu müxtəlif xalqların içərisində əriməkdədirlər. Odur ki, bu gün erməni xalqı dibsiz qazana bənzəyir…».

• 1915-ci ildə Türkiyədə yaşananlar «soyqırımı» kimi qəbul edilməli və ermənilərdən üzr istənilməlidir;

• əslən bu torpaqlardan olan bütün diaspora ermənilərinə qeyd-şərtsiz Türkiyə vətəndaşlığı verilməlidir;

• heç bir şərt irəli sürülmədən Türkiyə-Ermənistan sərhədləri açılmalıdır;

• «erməni soyqırımı»nı törədənlər orta və ali məktəb dərsliklərində ifşa edilməli, onu inkar edənlərlə əlaqələrə yol verilməməlidir;

• erməni xalqına aid məktəb, kilsə, xəstəxana kimi bütün tikililər dövlət hesabına təmir olunmalı və ermənilərin ixtiyarına verilməlidir;

• soyqırımından zərər çəkənlərin övladlarına təzminat ödənilməli, soyqırımı inkar edən təşkilatlar bağlanmalıdır və s.

Tələbnamə mətninin aqressivliyi ilə yanaşı burada diqqət çəkən məqam təkcə “Nor Zartonk” təşkilatının öz bəyanat və şüarlarında deyil, onun rəhbər heyətinin çıxış və müsahibələrində də «əlvan inqilabların» eyni mənalı devizlərinin («Kmara!» - Gürcüstan, «Basta!» - Moldova və Belorus, «Kifaya!» - Misir, «Qhara! – Qazaxıstan, «Otpor!» - Serbiya, «Pora!» - Ukrayna və s.) analoqu olan «ARTIQ YETƏR!», «HAYIR!» ifadələrini tez-tez işlətməsidir. Məsələn, onun rəhbərlərindən olan Sayat Tekir HDP yönümlü bianet. org saytına verdiyi müsahibələrin birində deyir: «Getdikcə daha çox erməni gənci onların hüquqlarını qoruyan bir yerdədir. Yüz ildən sonra «ARTIQ YETƏR!» ruhundadırlar. Bunun üçün də bir araya gəldilər». Təşkilat Prezident Rəcəb Tayyip Ərdoğana ünvanladığı aqressiv müraciət və şüarlarda da bu ifadədən geniş istifadə edir. Məsələn, «Nor Zartonk: Başbakan Erdoğan, ARTIK YETƏR!». «Nor Zartonk»Türkiyədə keçirilmiş 16 aprel referendumunu baykot edənlərə qoşulmuş və «Türkiyə erməniləri adlından» öz məqsədini belə açıqlamışdır: «Biz ermənilər irqçi və məzhəbçi rejimə «HAYIR!» deyirik… Erməni soyqırımını hər fürsətdə inkar edən, durmadan bizi simasızlaşdırmaq, cəmiyyətdə qütbləşmə yaratmaqla iqtidarı gücləndirmək isəyənlərə də «HAYIR!» deyirik».

«Kimliyə dönüş» proqramının həyata keçirilməsində, onun təbliğatında Ermənistandan başqa, bir sıra xarici dövlətlərin təşkilatları da yaxından iştirak edirlər. 2016-cı il oktyabr ayının 28-də ümumerməni IDeA Fondu (Initiatives for Development of Armenia) bütün dünya ermənilərinə açıq müraciət qəbul etmişdir. Dinindən asılı olmayaraq bütün erməniləri birliyə çağıran həmin sənəddə diqqət Ermənistanı iqtisadi və siyasi böhrandan çıxarmaq, ölkədə sosial gərginliyi azaltmaq, bütün diqqəti «xarici təhdidlərə və ermənilərin ümummilli ideya ətrafında birləşməsini təmin etməyə» yönəlmişdir. Qeyd edək ki, Rusiyada yaradılan həmin fondun müraciətini tanınmış ermənilərdən Ruben Vardanyan (Rusiya, IDeA-nın təsisçisi), Qaqik Adibekyan (Lüksemburq), Andre Andonyan (Yaponiya), Çarlz Qailyan, Sem Simonyan, Nubar Afeyan, Vartan Qreqoryan (dördü də ABŞ-dandır), Şarl Aznavur (İsveçrə), Lord Ara Darzi (Böyük Britaniya), Samvel Karapetyan (Rusiya), Artur Canibekyan (Rusiya), Qreq Sarkisyan (Kanada), Serj Çuruk (Fransa) və başqaları imzalamışlar. Eyni gündə «Erməni millətinin gələcəyi bu gün həll olunur» başlığı altında «The New York Times» və «Республика Армения» qəzetlərində dərc olunmuş müraciət bu sözlərlə tamamlanır: «Biz inanırıq ki, Ermənistan vətəndaşdarı və diaspora erməniləri vahid qüvvə şəklində birləşməlidirlər… Biz qlobal erməni birliyini millətimizin təkamülü yolunda birləşməyə çağırırıq. Biz ermənilər bir olanda qlobal millətik və qlobal millətimiz üçün qətiyyətlə fəaliyyət göstərmək vaxtı çatmışdır». Qeyd edək ki, yuxarıda adları çəkilən şəxslərdən hər biri «gizli ermənilərin» etnik identikliyinə qaytarılmasında, «Qərbi Ermənistan problemlərinin» həllində bu və ya digər səviyyədə fəallıq göstərirlər.

Moskvada fəaliyyət göstərən digər təşkilat – Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslərə Dəstək Mərkəzi (sədr - Nataliya Dubinskaya) də bu istiqamətdə xüsusi fəallıq göstərməkdədir. Bu təşkilatın saytında (russia-armenia.info) «islamlaşdırılmış ermənilərin etnik mənsubiyyətlərinə qayıdışına, onlardan Rusiya və Ermənistanın maraqları üçün istifadə olunmasına dair onlarca məqalə və müsahibə yayılmaqdadır. Onların bəzilərinin başlıqlarını təqdim edirik: «Türkiyədə yeddi milyon erməni yaşayır», «Unudulmuş soydaşlar – həmşinlilər», «Ermənilərə islam lazımdırmı?», «Müasir geosiyasətdə «erməni müsəlmanlar» məsələsi», «İslam dövləti və «erməni məsələsi», «Erməni millətinin birliyi və parçalanması», «Türkiyədəki erməni müsəlmanlar daha gizlənmirlər», «Yerli ermənilər Məhəmməd peyğəmbərlə məktublaşmışlar», «Ermənistan və müsəlman dövlətləri: reallaşmamış imkanlar məsələsinə dair» və s.

O da maraqlıdır ki, bu tipli tədbirlər işğal altında olan Azərbaycan ərazilərində də təşkil edilməkdədir. Məsələn, hələ 2010-cu ilin may ayında Erməni İnqilab Federasiyası (Daşnaksütyun) qondarma «Dağlıq Qarabağ Respublikası hökuməti» ilə birlikdə Xankəndi şəhərində «Dinin zorən dəyişdirilməsi erməni soyqırımının tərkib hissəsi kimi» mövzusunda beynəlxalq konfrans keçirmişdir. Fransa və ABŞ-dan gəlmiş «soyqırımı mütəxəssislərinin» də iştirak etdiyi tədbirdə federasiyanın «Droşak» jurnalının redaktoru, İran parlamentinin deputatı daşnak Karen Xanlaryanın Türkiyə ərazisində lentə aldığı «Kriptoermənilər» filmi nümayiş olunmuşdur.

ASALA-nın əsas maliyyə mənbələrindən biri olan, Lissabonda fəaliyyət göstərən Qalust Qulbenkyan Fondu (Calouste Gulbenkian Foundation) 2017-ci ilin mart ayının ortalarından erməni diasporası, Parisdəki Şərq Dilləri və Mədəniyyətləri İnstitutu (INALCO) ilə birlikdə Türkiyədə «assimilyasiya olunmuş müsəlman ermənilərə» dair ortaq layihənin icrasına başlamışdır. Layihəyə əsasən, «türkləşmiş erməni ailələrindən» olan 10-15 yaşlı uşaqlar üçün Fransanın Burqundiya əyalətində «Zarmanazan» təlim-tədris düşərgəsi açılmış, «Qərbi Ermənistandan» gətirilmiş məktəblilərə burada erməni dili və «Böyük Ermənistan» tarixi, xristian dininin əsasları öyrədilir.

Başqa bir misal. 2015-ci ildə Ermənistan Diaspora Nazirliyinin layihəsi çərçivəsində isə Erməni virtual kolleci fəaliyyətə başlamışdır. Kanadadakı erməni icmasının rəhbərlərindən olan pianoçu Raffi Bedrosyan bu «kollec» vasitəsilə Türkiyədə və Azərbaycandakı qondarma-virtual qurumlarda – «Qərbi Ermənistan Respublikası» və «Dağlıq Qarabağ Respublikası»ndakı erməni kilsələrində xeyriyyə konsertləri təşkil etsə də, əslində «Kimliyə dönüş» planı çərçivəsində missionerlik funksiyasını yerinə yetirir, «soyqırımı zamanı zorən islamlaşdırılmış ermənilərin» xristian dininə qayıdışının təbliğatçılarından biri kimi tanınır. R.Bedrosyan Diyarbəkirin xristian kilsəsində «islamlaşdırılmış ermənilər üçün konsertlər verir, Türkiyədəki müsəlman ermənilərin qrup halında Ermənistana müntəzəm səfərlərini, qriqorian kilsəsi rəhbərləri ilə görüşlərini təşkil edir, onların «Böyük Ermənistanın və erməni soyqırımının tarixinin», «etnik kimliklərinə dönüş yollarının» öyrənmələrinə yardım göstərir.

(Ardı var)


Müəllif: Səxavət HƏMİD