Ermənistan prezidenti Serj Sərkisyanın qəfil Dağlıq Qarabağa gələrək hərbi formada yerli separatçılarla müşavirə keçirməsini necə oxumaq lazımdır?
Teleqraf.com xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu bu suala cavab axtarıb.
Analitik bu səfərlə bağlı deyib:
“Son bir ayda başda Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti və Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının sessiyasi olmaqla bir çox mötəbər tədbirdə qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulanıb.
Üstəlik, Türkiyənin Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşması, Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə bu mövzuda danışması və həmsədrlərin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankarada hüzuruna getmələri erməni separatçılarının canına qorxu salıb. Odur ki, onlar Azərbaycan ordusunun növbəti həmləsinin qarşısını almaq üçün preventiv addımlar haqqında planlar çızırlar”.