Sentyabrın 24-də Almaniyada keçirilən Bundestaq seçkilərindən sonra böyük koalisiya hökuməti qurmaq üçün danışıqlar başlayır.
Teleqraf.com xəbər verir ki, koalisiya danışıqları Xristian Birlik (CDU/CSU) Bloku və Sosial Demokratlar Partiyası arasında aparılır.
Xristian Birlik İttifaqının sədri, kansler Merkel, CSU lideri Seehofer və Sosial Demokratlar Partiyasının sədri Martin Şults dünən prezident Steinmerin qəbulunda olub və iki saat müzakirələr aparılıb.
Müzakirələrdə yeni hökumətin qurulması haqda mümkün variantlar diqqətdə saxlanılıb. Əsasən böyük koalisiya hökuməti, azlıq hökuməti və növbədənkənar Bundestaq seçkiləri haqda fikir mübadiləsi aparılıb. Üç lider böyük koalisiya hökumətinin qurulmasını dəyərləndirmək məsələsində razılığa gəlib.
Merkelin lideri olduğu Xristian Birlik Bloku bu vaxta qədər Yaşıllar və Azad Demokratlar partiyaları ilə koalisiya danışıqları aparsa da, sonda Azad Demokratların danışıqlardan çıxması ilə bu proses uğursuzluğa düçür olub.
Hazırda Xristian Birlik İttifaqı və Sosial Demokratlar Partiyası növbədənkənar seçkilərin keçirilməsində maraqlı deyil. Analitiklər hesab edirlər ki, əgər hökumət qurulmasa və növbədənkənar seçkilərə gedilsə bu zaman aşırı millətçi Almaniya üçün Alternativ Partiyası daha çox səs toplayacaq ki, bu da Almaniya kimi dövlət üçün ciddi təhlükələr yarada bilər.