Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşü yeni uğurlu ittifaqın təməlini qoyacaq.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, ardınca xarici işlər nazirinin ölkəmizə səfəri rəsmi İslamabadla Bakı arasında hərbi-siyasi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir:
“Bundan əlavə bu kimi səfərlər konkret sahələrin, xüsusilə hərbi-texniki əlaqələrin inkişafına xidmət edir. Pakistan yüksək müdafiə sənayesinə malik ölkədir. Bu ölkənin istehsal etdiyi döyüş təyyarələri yüksək texnologiyalara əsaslanır və Azərbaycanın diqqətini cəlb edir. Artıq bu ölkədən təlim təyyarələrinin alqı-satqısı barədə razılıq əldə olunub. Pakistan döyüş təyyarələrinin Azərbaycana ixracında və birgə istehsalında maraqlıdır. Aparılan danışıqlar nəticəsində əldə olunacaq razılıq əsasında Pakistanla döyüş təyyarələrinin birgə istehsalı gerçəkləşə bilər. Həmçinin, müxtəlif təyinatlı raketlərin istehsalı da nəzərdə tutulur. Birgə hərbi təyyarə istehsalı Hərbi-Hava Qüvvələrimizin parkının genişlənməsinə xidmət edəcək və Ermənistan üzərində əzici üstünlüyümüzü saxlayacaq”.
Məhəmməd Əsədullazadə Türkiyə və Pakistanın Azərbaycana dost və qardaş ölkə olduğunu xatırladıb:
“Üç paytaxtın müttəfiqlik münasibətlərinə söykənən böyük potensialı var. Nazirlərin Bakı görüşü təbii ki, Ermənistanda ciddi narahatlıq doğuracaq. Çünki iki ölkə daim Azərbaycana hərbi dəstək göstərir. Azərbaycan, Pakistan və Türkiyə birgə əməkdaşlığı ölkəmizin regionda siyasi mövqeyini gücləndirir. Rusiyanın ölkəmizə Qarabağla bağlı müxtəlif təzyiqləri fonunda bu dəstək xüsusi əhəmiyyət daşıyır”.
Siyasi şərhçi əlavə edib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yerini getdikcə dövlətlər arasında ikitərəfli və üçtərəfli əməkdaşlıq tutur:
“Beynəlxalq təşkilatlar bu gün müəyyən dövlətlərin əlində siyasi təzyiq vasitəsinə çevrildiyi üçün yeni perspektivlər baxımından həlledici rol oynamır. Biz bunu Qarabağ münaqişəsinin həllində – ATƏT və BMT-nin rolunda görürük. Bundan əlavə Azərbaycanın beynəlxalq təşkilatlarda məhz Türkiyə və Pakistanla birgə fəaliyyəti mövqeyimizin güclənməsini şərtləndirə bilər. Ölkələrin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı artıq zərurətə çevrilib”.