4 Dekabr 2017 19:55
8 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com bir müddət əvvəl rəhhmətə gedən Almurad Əliyevin oğlu, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevlə müsahibəni təqdim edir.

- Hürrü bəy, artıq Almurad Əliyevin vəfatından iki ay keçir. Ailəniz bu itkini necə yaşadı?

- Öncə deyim ki, Almurad ağa təkcə öz ailəsinin deyil, bütövlükdə nəslimizin ağsaqqalı idi. Sözsüz ki, bu bizim üçün ağır itkidir. Aydındır ki, doğulan insan yaşayır, öz həyatını başa vurur. Biz istəsək də, istəməsək də, bununla barışmalı oluruq. Hazırda yaşamaqda davam edirik. Ancaq sözsüz ki, atamızın vəfatı onun bütün övladları, bütövlükdə nəslimiz üçün ağır zərbə oldu.

- Əbülfəz Elçibəy vəfat etdikdən sonra sizin nəslin ağsaqqalı kimi Almurad ağa qəbul olunurdu. Almurad Ağa haqq dünyasına qovuşub, indi bu nəslin ağsaqqalı kimdir?

- Sözsüz ki, Almurad ağa nəslimizin ağsaqqalı idi. Ancaq indi kimin ağsaqqal olduğunu qohum, qardaş müəyyən edə bilməz. Təbii ki, belə bir insan davranışları, hərəkətləri, uzaqgörənliyinə uyğun olaraq üzə çıxacaq. İndi biri durub desə ki, bu nəslin ağsaqqalı mənəm, təbii ki, bu, doğru və ədalətli olmaz. Ailə baxımdan məsələ başqa, nəsil daxilində isə tam başqadır. Fikrimcə, bu məsələ zamanla müəyyənləşəcək. Hər kəs durduğu yeri, nüfuzunu, xarakterini nümayiş etdirəcək. Belə götürəndə Əbülfəz Elçibəyin öz övladı var və bu gün milli adətlərə görə, öz ailəsinin ağsaqqalıdır. Ancaq nəslimizin ağsaqqalını zaman özü müəyyən edəcək. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, cəmiyyətimiz özü bu nəsildə, kökdə kimi başda gördüyünü müəyyən edəcək. Burada ictimai məsələ də var. Odur ki, nəslimizin ağsaqqalının bundan sonra kim olacağı zamana bağlıdır.

- Həm media, həm ictimaiyyət Elçibəyin vəfatından sonra Almurad ağanı bu nəslin ağsaqqalı olaraq qəbul edirdi və bu reallıq idi...

- İndi bu məsələ cəmiyyətə, mediaya buraxılır. Mən durub desəm ki, Elçibəy-Almurad ağanın nəslinin ağsaqqalı mənəm, əgər cəmiyyət, media, nəslimizin özü bunu qəbul etməyəcəksə, mənim belə deməyimin əhəmiyyəti də olmayacaq. Odur ki, bu məsələni zaman özü müəyyən edəcək.

- Ancaq nəzərə almaq lazımdır ki, həm də söhbət Azərbaycanın keçmiş prezidentinin nəslindən gedir. Məsələn, siz özünüz kimi ağsaqqal hesab edirsiniz?

- Baxır biz məsələyə hansı mövqedən yanaşırıq. Qeyd edim ki, nəslimizdə yaşlı, dəyərli insanlar var. Yəni ümumi götürəndə belə ağsaqqallar, insanlar var. Ancaq bu insanlar ictimaiyyət və mediada o qədər də tanınmayıb. Siz özünüz bizim nəslimizi yaxşı tanıyırsınız. Bu elə məsələdir ki, onu birbaşa mən müəyyənləşdirə bilmərəm. Mən Almurad ağanın ailəsi haqqında məsuliyyətlə deyə bilərəm, ağsaqqal mənəm. Amma ümumilikdə deyə bilmərəm ki, nəslimizin ağsaqqalı mənəm və ya mənim müəyyən etdiyim adamdır. Bu bir az da mənəvi məsələdir.

- Almurad ağanın neçə övladı var?

- Dörd övladı var. Biz iki qardaş, iki bacıyıq. Mətbuata daha çox mən danışıram.

- Elçibəyin həyatda yaşayan bacı, qardaşları artıq yoxdur?

- Hamısı vəfat edib. Onlar dörd qardaş olub. Dayısı oğulları da vəfat edib. Atamgilin bacıları yox idi, onlar dayısı qızlarına bacı, biz uşaqlar isə bibi deyirdik. Bu gün Elçibəy və Almurad ağa yaşda kimsə yoxdur. Almurad Ağanın vəfatından sonra da durum gördüyünüz kimidir. Qardaşı uşaqları var, onların da yaşı 50-55 arasındadır.

- Yeri gəlmişkən, atanızın 3 qardaşı olub, indi ailələr arasında münasibətlər necədir?

- Çox gözəldir, qaydasındadır. Hamı ilə sıx və mehriban əlaqələr var. Ola bilsin ki, keçmişdə bəzi söz-söhbətlər olub, amma bu o qədər də əhəmiyyət kəsb etmir.

- Dünənə qədər bir problem olanda Almurad ağa ortaya düşüb bunu həll edirdi, Bakı meri və digər şəxslərlə görüşüb müzakirələr aparırdı. Bundan sonra problem yarandıqda kim ortaya çıxıb onun həlli üçün cəhdlər edəcək?

- İddia kimi səsləndirmirəm. Azərbaycanda istər Elçibəy ailəsi, istərsə də digərlərinə ağsaqqalıq edə bilmərəm, ancaq içimizdə nisbətən yaşlı biri kimi ortaya çıxa, yaranacaq işlərlə bağlı münasibət bildirə bilərəm. Bir dövr gələ bilər ki, hər kəs bu ailədə kiminlə danışmaq, kimdən söz soruşmaq lazım olduğunu bilə bilər. Siz bizim nəslimizi tanıyırsınız. Baxın görün, bu cəmiyyətin, medianın tanıdığı kimlər var və kimin sözü sizi qane edə, dediyi sözün arxasında məsuliyyətlə dura bilər. Elçibəy ailəsi və yaxınlarında avtomatik hər kəsin siyasi mövqeyi olur. Dəxli yoxdur, oğlu olsun və ya qardaşı oğlu olsun. Siyasiləşir. Çünki cəmiyyətimizdə bu cür qəbul olunur.

- Yeri gəlmişkən, Almurad ağanın dəfninin Xəlil yurdunda olması haqda fikirlər var idi. Niyə sonda Bakıda dəfn olunması üzərində dayanıldı?

- Almurad ağaya cəmi bir dəfə sual edildi ki, Əbülfəz Elçibəyin Kələkidə dəfn edilməsini nəzərdə tutmuşdunuzmu, özü kənddə dəfn edilməsini istəmişdimi? Təbii ki, Əbülfəz Elçibəy fərqli faktor idi, bu ölkənin rəhbəri olmuşdu. Bu baxımdan onun dəfni ancaq ailə üzvləri və yaxınlarının müəyyən edəcəyindən asılı deyildi. Bəli, belə bir fikir var idi ki, Almurad ağanı kəndə aparıb dəfn edək. Çünki həm atamın anasının, həm də mənim anamın məzarı kənddədir. Ancaq qardaşının da məzarı Bakıdadır. Bu baxımdan istər apar Xəlil yurdda dəfn elə, istər Gəncədə. Bunların hamısı Azərbaycandır. Atamın qardaşı Bakıda dəfn edilib, üstəlik övladları, nəvələri buradadır. Qohum-əqrabanın əksəriyyəti şəhərdədir. Kəndə də adətən ildə bir dəfə getmək olur. Bu səbəbdən qərar verdim ki, atamı burada dəfn edək. Düzdür, qohum-əqrəbanın da fikirlərini öyrəndik, ümumi razılığa gəldik. Bəziləri təklif etdi ki, kəndə aparaq, amma sonda qərarımızı verib Bakıda dəfn etdik.

- Cəmiyyət üçün maraqlıdır, atanızın vəfatından sonra hökumət üzvlərindən, dövlət adamlarından sizə başsağlığı verildimi?

- Bəli, telefon açanlar, məclisə deyil, evə gəlib başsağlığı verənlər olub. Rəsmi başsağlığı olmasa da, başsağlığı verənlər oldu.

- Kimlərin sizə zəng açdığını deyə bilərsiniz?

- Almurad ağanın özünün sıx münasibətdə olduğu, 40-50 illik dostluğa dayanan insanlar var. Onlar zəng edib ailənin yanında olduğunu dedilər. Bunların bəziləri vəzifə sahibidir, bəzisi orta vəzifə tuturlar, bəziləri ümumiyyətlə işləmirlər. Mən Elçibəy və Almurad ağanın köhnə dostlarını nəzərdə tuturam. Onların davamçılarından hökumətdə və müxalifətdə təmsil olunanları var. Müxalifətə və ya hökumətə aid olmayan şəxslər də var. Biz bu məsələdə ayrı-seçkilik qoymuruq. Almurad ağanın özünün vəzifədə işləyən dostları vardı və onların ailəsində yas düşəndə iştirak edirdi.

- Bakı meri Hacıbala Abutalıbov başsağlığı verdi?

- Bəli, verib. Düzdür, mən həmin vaxt Türkiyədə olmuşam. Ancaq Hacıbala müəllim zəng edərək başsağlığı verib.

- Dəfn zamanı sizə köməklik təklif edən oldumu?

- Bəli, yardım təklif edənlər də oldu. Elə Hacıbala müəllimin özünün yasla bağlı dəstəyi oldu. Çox yerdən belə köməklik təklif edildi, amma qəbul olunmadı. Biz mərasimi Heydər Məscidində keçirməyi qərara aldıq. Sonra eşitdik ki, yeddi mərasimi zamanı köməklik göstərilib. Eləcə də dəfn üçün yerin ayrılmasında köməklik göstərilmişdi.

- Siz, Türkiyədə yaşayırsınız?

- Yox, mən bəzi məsələlərə görə, sıx olaraq Türkiyəyə gedib-gəlirəm. Atamın vəfat etməsindən 3 gün əvvəl Türkiyədən qayıtmışdım.


Müəllif: Cavad

Oxşar xəbərlər