5 Dekabr 2017 11:23
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Mixeil Canelidze arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycanla Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrində nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu bildirib. Həmçinin, o, əldə olunan nailiyyətlərin iki ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə töhfə verdiyini, onların rifah və çiçəklənməsinə xidmət etdiyini qeyd edib. Bu xüsusda E.Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

O, Gürcüstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair davamlı və prinsipal mövqeyini yüksək qiymətləndirib.

Məktubda möhkəm dostluq əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərin beynəlxalq müstəvidə qarşılıqlı dəstəklə ifadə olunmasının vacibliyi qeyd olunub.

E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin davamlılığının birgə regional layihələrin həyata keçirilməsində mühüm rol oynaması ilə yanaşı, regionda əməkdaşlıq və inkişafın təməlini qoyduğunu bildirib. Bu xüsusda, Bakı-Tiflis-Ceyhan boru kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istismarının birgə strateji siyasətin effektivliyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Azərbaycanın XİN başçısı bildirib ki, birgə həyata keçirilən bu layihələr iki xalqın rifahının yüksəlməsinə xidmət göstərir, eyni zamanda regionun nəqliyyat və ticarət qovşağı kimi əhəmiyyətini sübut edir.

Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze E.Məmmədyarova ünvanladığı məktubunda Gürcüstan və Azərbaycanın qarşılıqlı anlaşma və uzaqgörən baxışa əsaslanan yüksək səviyyəli qonşuluq əlaqələri və güclü tərəfdaşlıq qurduğunu məmnunluqla vurğulayıb. Bu xüsusda, o iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əlaqələrin möhkəmləndiyini və regional səviyyədə əhəmiyyətli layihələrin inkişafına nail olunduğunu qeyd edib.

M.Canelidze iki xalq arasında mövcud əlaqələrin və iki ölkənin yaxın münasibətlərinin ortaq maraqlar və möhkəm tarixi təməl üzərində qurulmuş ənənəvi dostluqla tam uzlaşdığını diqqətə çatdırıb.

Gürcüstanlı nazir məktubunda strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və gələcəkdə daha çox nəticələr əldə olunacağına ümidvarlığın bildirib.

Məktubda M.Canelidze ikitərəfli münasibətlərin dərinləşdirilməsi və çoxtərəfli formatlarda birgə maraqların təşviqində iki ölkənin XİN-lərinin effektiv və nəticəyönümlü işindən məmnunluğunu ifadə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər