Müsavat Partiyası növbəti qurultayına bir ildən az müddət qaldığı bir ərəfədə yenidən çalxalanır.
Teleqraf.com xəbər verir ki, bu çalxalanma daha çox partiyanın rəhbər heyətində təmsil olunan şəxslər arasında müşahidə edilir.
Elman Fəttah 1 ay əvvəl istefa verib
Artıq mətbuat partiyanın başqan müavini Elman Fəttahın istefası haqda xəbər yayıb. Ancaq iş ondadır ki, Fəttah bu gün deyil, bir müddət əvvəl istefa verib, sadəcə bu xəbəri ictimailəşdirmək istəməyib. Elman Fəttahın istefasına səbəb olaraq partiya rəhbərliyi ilə idarəçilik prosesində yaranan fikir ayrılığı göstərilir. Bu isə o deməkdir ki, növbəti qurultaya Fəttah başqan Arif Hacılının komanda üzvü olaraq qatılmaq niyyətində deyil. E. Fəttahın yerinə isə Razim Əmiraslanlı gətirilib.
Digər tərəfdən Elman Fəttah müavinlikdən istefa versə də, partiyanın Divan üzvü kimi qalır və fəaliyyətini davam etdirir. İndiki halda onun istefası həm də Müsavat Partiyası rəhbərliyinə mesaj kimi də qiymətləndirilə bilər. Müsavatın dəhliz söhbətlərində isə bu istefaların davam edə biləcəyi haqda qənaət var.
Tofiq Yaqubluya hücum edən kimdir?
Ancaq diqqəti daha bir maraqlı məqama çevirmək olar. Bu yaxınlarda Müsavat Məclisinin üzvü Alya Yaqublu da sosial şəbəkədə narazılığını ifadə edib. Onun Feysbuk səhifəsində “Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham eləyir. Təsəvvür eləyə bilirsizmi?” statusu da diqqətdən qaçmayıb. Bu statusunda Alya Yaqublunun Tofiq Yaqublunu müdafiə etdiyi açıq hiss edilir. Amma onu kimdən müdafiə etdiyi anlaşılmır. Müşahidələr isə göstərir ki, bu statusla Tofiq Yaqublu Müsavatın mərkəzi icra aparatının rəhbəri, başqanın bir nömrəli adamı Gülağa Aslanlıdan müdafiə edilir. Biletsatan ifadəsi isə partiyanın üzvü olmayan və xaricə gedənlərə Müsavat vəsiqəsi verən şəxs deməkdir. Bu məsələyə görə, jurnalist Elbəyi Həsənli məhz Gülağa Aslanlını ittiham etmişdi. Hətta iddia var ki, dəfələrlə Müsavat rəhbərliyi Tofiq Yaqublunu partiyanın qərarlarına tabe olmağa dəvət edib. Xüsusilə onun nisbətənn müstəqil addımlar atması Müavatda xoş qarşılanmır.
Bütün bu prosesləri isə partiyanın növbəti qurultayı ilə bağlamaq daha doğru olardı. Görünən odur ki, indidən tərəflər öz cəbhələrini müəyyən etmək niyyətindədirlər.
Yadigar Sadıqov: “İstefa verə bilərəm”
Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov deyib ki, Elman Fəttahın istefasından xəbəri olsa da, səbəblər haqda onun özü danışsa, daha yaxşı olar:
“Mən Elman Fəttahın hərəkətlərini izah edə bilmərəm. Bunu özü daha yaxşı izah edə, fikir ayrılıqları və fərqliliyin nədən ibarət olduğunu deyə bilər. Fəaliyyət komanda şəklində aparılır. Fikir ayrılığı olanda Elman Fəttah öz qərarını verib. Mən bu haqda danışmaq istəmirəm”.
Özünün də müavinlikdən istefa verə biləcəyi haqda məsələyə gəldikdə Yadigar Sadıqov deyib ki, əgər fikir ayrılığı yaranarsa, istefa verə bilər:
“Yox, fikir ayrılığı yaranmazsa, istefa verməyə də bilərik. Həyatda hər şey ola bilər”.
Sadıqov qeyd edib ki, Müsavat Partiyasının başqanlığı iddiasını ortaya qoymayıb:
“Nə mən, nə də başqaları bu haqda danışmayıb, qurultay haqqında və namizədlik barədə fikirləşməmişik. Bilmirəm ki, bu iddianı nədən ortaya atıblar. Ümumiyyətlə hazırda qyurultaya hazırlıqla bağlı təşkilat komitəsi yaradılmayıb, hazırlıq işləri aparılmır”.
Yadigar Sadıqov Tofiq Yaqublu ilə bağlı yaranan narahatlığa da münasibət bildirməyib. Deyib ki, bu haqda Yaqubludan soruşmaq lazımdır.