ABŞ Prezidenti Donald Trampın Qüds qərarına sərt reaksiya göstərəcəyi gözlənilən Səudiyyə Ərəbistanı rəhbərliyinin zəif fəaliyyətinin pərdə arxası ilə bağlı yeni iddialar səslənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, budəfəki iddialar amerikalı jurnalist Robert Satloffa aiddir.
O, “Foreign Policy” nəşrindəki məqaləsində Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın Qüds xəyanətini bir daha üzə çıxarıb.
Satloffun fikrincə, Trampın Qüds qərarından öncə amerikalı nümayəndələr vəliəhd şahzadəsi ilə görüşüb:
“Görüş zamanı bəzi məsələlər, o cümlədən Qüdslə bağlı verilə biləcək qərar müzakirə olunub. ABŞ tərəfi Səudiyyə ilə nüvə sahəsində əməkdaşlıqla bağlı saziş imzalamağı vəd edib. Amerikalı nümayəndələr Trampın Səudiyyəyə milyardlarla dollar vəsait ayıracağını və burada nüvə reaktoru inşa edəcəyini bildiriblər”.
Amerikalı jurnalist Trampın Qüds qərarından sonra bir çox Səudiyyə naziri ilə görüşdüyünü və bu görüşlər zamanı nazirlərin Qüds məsələsi ilə bağlı heç bir açıqlama vermədiyini deyib:
“Məsələ ilə bağlı vəliəhd şahzadəsinə müraciət etdik. O, bu məsələ ilə bağlı danışmaqdansa, Ər-Riyad və Vaşinqton arasında gələcəkdə planlaşdırılan əməkdaşlıqlar barədə məlumat verməyi üstün tutdu”.