Ermənistanın Baş naziri Karen Karapetyan ötən həftə Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti dəfə səfər edib. O, bu səfər çərçivəsində bir sıra obyektlərin və zavodun açılışına qatılıb.
Bunu K.Karapetyanın səfərini Teleqraf.com-a şərh edən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvanın bu kimi müəssisələrin tikintisini Ermənistanda deyil, işğal olunmuş ərazilərdə həyata keçirməsinin bir sıra səbəbləri var:
“İlk növbədə qeyd edim ki, işğal edilmiş ərazilərdə tikinti işləri əsasən xaricdə yaşayan ermənilərin vəsaiti hesabına ərsəyə gəlir. Çünki Ermənistanın hazırkı büdcəsi bu infrastrukturun yaradılması üçün yetərli deyil. Əgər belə olmasaydı, bu obyektlər günü-gündən iqtisadi böhrana yuvarlanan Ermənistan ərazisində tikilərdi. Bundan başqa, Sərkisyan hakimiyyəti Qarabağda tikinti işləri aparmaqla daxili auditoriyaya gediş edir. O bunu gələn ilin aprelində keçiriləcək parlament seçkilərində özünün növbəti dəfə hakimiyyətdə qalmasına, baş nazir kimi yenidən ölkəni idarə etməsinə hesablayır. Çünki Sərkisyan hakimiyyət müddətini hər dəfə məhz Qarabağ kartından istifadə edərək uzadır”.
M.Əsədullazadə bildirib ki, işğal olunmuş ərazilərdə əhalinin yaşaması üçün heç bir şəraitin olmaması, Azərbaycanın hərbi təzyiqləri, müharibə ehtimalının böyük olması ermənilərin Qarabağı tərk etməsinin əsas şərtləridir:
“Sərkisyan rejimi bu tikintiləri həyata keçirməklə işğal olunmuş ərazilərdən köçün qarşısını almağa çalışır. İrəvanda başa düşürlər ki, əhalinin buradan getməsi hazırkı hakimiyyətin siyasi fiaskosuna səbəb olar. Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin getdiyi bir vaxtda İrəvanın Qarabağda tikinti və məskunlaşma siyasəti aparması bir daha işğalçı ölkənin ərazilərin boşaldılmasında maraqlı olmadığını göstərir”.
Analitik onu da bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyadan münaqişənin həlli istiqamətində müsbət nəticə gözləməməlidir:
“ABŞ Prezidenti Donald Trampın siyasəti qeyri-müəyyən və dünyada problemlərə yol açdığı üçün onun münaqişənin həllində verəcəyi hər hansı siyasi qərar real görünmür. İsrail-Fələstin münaqişəsində vasitəçi kimi BMT-nin qəbul etdiyi qətnamələri heçə sayan Qüds qərarı ilə artıq ABŞ-ın dünyada vasitəçiliyinə son qoyuldu. Bu gedişlə Donald Trampın günün birində Qarabağda hotelçilik və digər sahələrə investisiya yatırması təəccüblü görünməz. Erməni lobbisinin təhriki ilə Trampın buna getməsi realdır. Beynəlxalq siyasətə ticari təfəkkürlə yanaşan bir insandən istənilən qərar gözləniləndir. Onu da qeyd edim ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının yəhudi lobbisinin milyonlarla dollar vəsaiti hesabına verildiyi şübhə doğurmur”.