25 Dekabr 2017 11:32
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqrafcom xəbər verir ki, Maksim Oreşkin Prezident İlham Əliyevə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularının çatdırıb. Qonaq dövlət başçısını ad günü münasibətlə təbrik edərək ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Rusiyalı nazir Bakıda gedən inkişaf proseslərinin onlarda çox xoş təəssürat yaratdığını deyib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edən dövlət başçısı dünən Rusiya Prezidenti ilə telefon danışığını məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirib. Dövlət başçısı Maksim Oreşkinin səfərinin ölkələrimizin ixrac və idxal imkanlarının genişlənməsi məsələsinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının 60 faiz artığını məmnunluqla qeyd edib. Hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən Maksim Oreşkin, bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğulayıb. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirib.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlığını ifadə edib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, ölkələrimizin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edilib, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər