26 Dekabr 2017 19:56
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyiş olmadı. Amma müsbət hal odur ki, 2017-ci ildə 2016-cı illə müqayisədə cəbhədə müharibə alovlanmadı. Bundan başqa il boyu ermənilər danışıqların bərpasından boyun qaçırır, deyirdilər ki, əvvəl cəbhə xəttində vəziyyəti stabilləşdirmək lazımdır. Ancaq ilin sonunda onları başa saldılar ki, həm mahiyyəti üzrə danışıqlar prosesi, həm də cəbhədə vəziyyətin stabil saxlanılması prosesi paralel getməlidir.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov 2017-ci ildə Dağlıq Qarabağ danışıqlarının yekunlarını Teleqraf.com-a şərh edərkən deyib.

Musabəyov qeyd edib ki, artıq Qarabağla bağlı mahiyyəti üzrə danışıqlar bərpa edilib:

“Həm prezidentlər, həm də xarici işlər nazirləri arasında görüşlər keçirilib. 2018-ci ilin yanvarından başlayaraq, bu görüşlər davam edəcək. Bu danışıqların son nəticəyə gətirib çıxaracağını demək çətindir, amma düşünürəm ki, 2018-ci ildə intensiv danışıqlar raundu baş verəcək. Erməni tərəfi, ona himəyardarlıq edən dövlətlər, həmsədrlər gözəl anlayır ki, danışıqlar nəticə vermədiyi təqdirdə vəziyyət yaxşı olmayacaq. Üstəlik, 2018-ci ildə Azərbaycanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Ermənistanda isə prezident idarəçiliyindən parlament idarəçiliyinə keçiləcək. Hesab edirəm ki, tərəflər 2018-ci ildə müharibədənsə, intensiv danışıqlara üstünlıük verəcək. O da aydındır ki, danışıqlar nəticə vermədiyi təqdirdə müharibə qaçılmaz olacaq”.

Musabəyov əlavə edib ki, 2017-ci ildə Dağlıq Qarabağ mövzusu beynəlxalq platformalarda əsas gündəm olub:

“Beynəlxalq müzakirələr zamanı müəyyən reaksiyalar oldu. Avropa Birliyinin Şərq Tərəfdaşlıq Layihəsi çərçivəsində, BMT-də və digər beynəlxalq qurumlarda Qarabağ münaqişəsi məsələsi qaldırılıb. Ancaq əfsuslar olsun ki, bu hallar münaqişədə irəliləyişin əldə edilməsinə səbəb olmadı. Hələlik yeganə nəticə odur ki, danışıqlar mahiyyəti üzrə bərpa edilib”.


Müəllif: Cavad

Oxşar xəbərlər