Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov 2017-ci il ərzində vətəndaşlar tərəfindən edilmiş müraciətlər və bu istiqamətdə fəaliyyəti barədə qısa hesabat yayıb.
Teleqraf.com xəbər verir ki, deputat 2017-cı il ərzində ümumilikdə 233 müraciətin daxil olduğunu bildirib:
“Onlardan 154-ü Ucar rayonunda, o cümlədən Milli Məclisin inzibati binasında müxtəlif vaxtlarda təşkil etdiyimiz (mən və köməkçim) qəbul və görüşlər zamanı, 32-i yazılı formada məktubla və 47-i elektron (sosial şəbəkə, elektron poçt və s.) formada edilən müraciətlərdən ibarətdir. Bu müraciətlərin böyük əksəriyyəti (187 müraciət) sosial-iqtisadi xarakterli məsələlərlə bağlı, 46-ı isə digər məsələlərlə, əsasən bizim fəaliyyətimizə bağlı olmayan məzmunda olub”.
V.Hüseynov müraciətdən 156-nın müsbət həllini tapdığını qeyd edib:
“Bu isə ümumi müraciətlərin 67 faizi deməkdir. 15 müraciət hazırda baxılmaqdadır. 62 müraciət üzrə qənaətbəxş nəticə əldə edilməmişdir. Bu isə təəssüf ki, müraciətlərin məzmununun və narahatlıqların miqyasının bizim imkanlardan, bacarıqlardan və səlahiyyətlərdən kənar olması ilə bağlı olub. Bu tip müraciətlər əsasən iş yerləri ilə təmin edilmə, maliyyə yardımının göstərilməsi, məhkəmə predmeti olan məsələlər və sair oxşar müraciətlərdir”.
Deputat bütün hallarda hər bir müraciət üzrə müraciət müəllifi ilə əlaqə saxlanıldığını, izah və tövsiyələr verildiyini vurğulayıb:
“Əgər hər hansı bir müraciət müəllifi ilə əlaqə saxlanılmayıbsa və ya müraciəti ilə bağlı heç bir hal baş verməyibsə, bu, yalnız hansısa texniki səbəbdən baş verə bilər və əgər belə hal varsa üzrlü hesab edilməsini və bizə məlumat verilməsini xahiş edirik”.
Milli Məclis üzvü müraciətlərə baxılmasında göstərdikləri diqqət, dəstək və müsbət yanaşma üçün Ucar rayonunun yerli dövlət orqanlarına (icra, məhkəmə, hüquq-mühafizə, bələdiyyə və sair), xüsusilə yerli icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, V.Hüseynov Milli Məclisə 91 saylı Ucar seçki dairəsi üzrə deputat seçilib.