Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün ölkədə böyük siyasi gərginlik hökm sürür.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, Serj Sərkisyan və komandası siyasi böhranla üzləşib:
“Sərkisyan rejimi mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimai rəyi formalaşdırmaq üçün əlindən gələni edir. Lakin iqtisadi, siyasi və hərbi böhran demək olar ki, onun əleyhinə işləyir”.
A.Nağıyev qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi erməni ictimaiyyətinin ciddi narahatlığına yol açır:
“Daha doğrusu, müharibəyə cəlb olunduqlarını başa düşən insanlar etiraz səslərini ucaldırlar, hətta bununla bağlı son vaxtlar iğtişaşlarla nəticələnən mitinqlər də olub. Bu proses daha da dərinləşəcək və seçki öncəsi intensiv xarakter alacaq. Ermənistandakı mövcud rejim Dağlıq Qarabağ kartından istifadə edən müharibə partiyasıdır ki, burada da Sərkisyan və onun klanı birləşib. Digərləri isə qərbyönümlü və xaricdən maliyyələşən, Rusiyada cinayətkar fəaliyyətlə məşğul olan kriminal ünsürlərlə əlaqəli biznesmenlər qrupudur”.
Politoloqun fikrincə, Ermənistan ictimaiyyəti anlayır ki, Dağlıq Qarabağ münaqişəsi İrəvanın xeyrinə nəticələnməyəcək:
“Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazisində ikinci bir erməni dövləti yaransın. Narazılıqlar Sərkisyan və onun komandasının insanları səfalətə sürükləyən xətt tutduqlarını bir daha göstərəcək. Burada da əsas problem məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, Sərkisyanın öz hakimiyyəti naminə status-kvonu saxlamaq cəhdidir. Ermənistanın siyasi-hərbi mənzərəsinə baxdıqda görünən odur ki, düşmən ölkənin ordusu kreditlər və ianələr hesabına fəaliyyət göstərən bir quruma çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərinə əsasən, muzdlular, terror qruplarının axtarışda olan cinayətkar ünsürləri gətirilib. Bunu artıq hər bir erməni vətəndaş dərk edir və görür. Erməni analar öz övladlarının Sərkisyanın istəyi və yarıtmaz siyasəti naminə ölməsini istəmirlər. Məhz bu səbəbdən ölkədə demoqrafik tarazlıq pozulub, gənclər orduya getməmək üçün ölkəni tərk edirlər”.
2016-cı il aprel hadisələrindən sonra Ermənistan hərbi elitasında istefaların və həbslərin davam etdiyini deyən A.Nağıyev vurğulayıb ki, ordunu silah-sursat və avadanlıqla təchiz etmək üçün külli miqdarda vəsait lazımdır:
“Ancaq iqtisadiyyatın tənəzzülə uğraması fonunda bu, mümkün olmayacaq və nəticədə orduya inam azalmaqda davam edəcək”.
Qeyd edək ki, martın 2-də Ermənistanda prezident seçkisi keçiriləcək. Ölkənin hakim Respublika Partiyası namizədini bu həftə açıqlayacaq.