Teleqraf.com politoloq Fərhad Mehdiyevlə müsahibəni təqdim edir.
- Fərhad bəy, Türkiyəni Afrin əməliyyatı fərqli mövqelərdən şərh olunur. Sizcə, nəyə görə Türkiyə Suriya ilə sərhədləri boyunca ordunu gücləndirir və Afrini ələ keçirmək istəyir?
- Türkiyənin bu addımı başadüşüləndir. Amerika Suriyada 30 minlik kürd silahlı qruplaşması yaratmaq qərarı verib. Türkiyə də başa düşür ki, bu, onun milli təhlükəsizliyi üçün təhddidir. Bu mənada Türkiyə haqlıdır. Sonradan bu qruplaşmanın və kürdlərin torpaq iddiaları ortaya çıxa bilər. Biz gördük ki, Bərzani timsalında buna cəhd etdilər, lakin uğursuz oldu. Bu o demək deyil ki, növbəti dəfə buna cəhd edilməyəcək. Türkiyə baxışından məhz bu cür təhlükələri əngəlləyəcək proseslərin baş verməsində fayda var.
- Bu addım Türkiyə üçün hansı risklər yarada bilər?
- Şübhəsiz ki, burada müəyyən risklər də mövcuddur. O mənada ki Suriyadakı ixtilaflar türk torpaqlarına da sıçraya bilər. Məhz buna görə, Türkiyə Afrin və digər bölgələrdəki hərbi qüvvələrin orada möhkəmlənməsinə imkan vermədən cavab tədbirləri görməyə məcburdur. Yəni imkan verməməlidir ki, bu ərazilərdə hərbi birləşmələr yaransın və güclənsin. Nəzərə alın ki, Türkiyənin cənub-şərq ərazilərində də PKK aktivləşmişdi. Hətta buna görə bəzi ərazilər boşaldıldı. Türkiyə bu kimi proseslərə yenidən təkan verilməməsi üçün Afrinlə bağlı qərar verməli oldu.
- ABŞ nəyə görə Suriyada etnik kürdlərdən ibarət ordu yaradır və bu ordunu Suriya-Türkiyə sərhədlərinin təhlükəsizliyinə cəlb etməyi planlayır?
- ABŞ-ın köhnə planı var. Söhbət yaxın Şərqdə və ya Suriyada yeni kürd dövlətinin yaradılmasından gedir. Sadəcə bu planı həyata keçirmə mərhələsi qəfil olmayacaq. Əksinə, tədricən bu işləri həyata keçirməyə çalışacaqlar. Bərzaninin timsalında aydın oldu ki, dövləti elan etməklə dövlət qurulmur. Bunun üçün geosiyasi şərait, bir sıra şərtlər olmalıdır. İndi görünən odur ki, digər şərtlərin formalaşdırılması prosesi həyata keçirilir. Silahlı YPG-nin də yaradılması və onun Suriya-Türkiyə, Suriya-İraq sərhədlərdə yerləşdirilməsi niyyəti bu prosesin bir hissəsidir. Unutmaq olmaz ki, bu planın arxasında Amerika, İsrail var. Onlar kifayət qədər güclü dövlətlərdir. Onlarla baş-başa gəlmək o qədər də sadə məsələ deyil. Türkiyə də onlarla baş-başa gəlmək üçün Rusiya ilə yaxınlaşma siyasəti aparır. Amma Rusiyanın gələcəkdə necə rol oynayacağı o qədər də aydın deyil.
- Ancaq İran da ABŞ-ın Suriyadakı yeni ideyasını pisləyir. Artıq prezident Ruhani bəyanat verib...
- Təbii ki, İran bunu pisləməlidir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyada həyata keçirmək istədiyi bu proses İranın da milli maraqlarına təhlükədir. İran torpaqlarında kürdlər yaşayır. Kürdüstan üçün İran torpaqlarına da iddia edilir. Bu mənada İranın ABŞ-ın etnik kürdləri silahlandırmasını pisləməsi başadüşüləndir.
- İndiki halda Ankara ilə Bəşər Əsəd rejiminin mövqeləri nə dərəcədə üst-üstə düşür? Məntiqlə Suriyada 30 minlik nəzarətdən kənar ordu Əsədin özünə də sərf etmir...
- Bəli, tamamilə haqlısınız. Bu məsələdə mövqelər və maraqlar üst-üstə düşür. Ancaq iş ondadır ki, illər əvvəl Türkiyə Bəşər Əsədlə bağlı düzgün siyasət aparmadı. Suriyada proseslər başlayan andan Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini istədi, amma düşünmədi ki, burada Türkiyə üçün ziyanlı proseslər baş verə bilər. Bir var Əsəd hakimiyyətdən getsin və onun yerinə Suriyanın ərazi bütövlüyünü təmin edən hökumət gəlsin, bir də var Suyriyada anarxiya yaransın və silahlı qruplar ortaya çıxsın. Bu situasiya Əsədin olmamasından yaxşı vəziyyət hesab oluna bilməz.
- Rusların mövqeyi necə olacaq?
- Ruslar regionda Bəşər Əsədlə qalmaqda davam edir. Eyni zamanda ruslar Bəşər Əsədə yaxın olan kürd qruplarını da müdafiə edir. Yəni Rusiya kürd kartından, kürdlərdəm tamamən imtina etmir. Ruslar kürd məsələsində meydanı tam olaraq Amerikaya buraxmaq fikrində deyil. Odur ki, kürdlərə dəstək verir, amma Bəşər Əsədi müdafiə edən kürd qrupları dəstəkləyir.
- İŞİD-in məhv edildiyi bəyan edilir, əvəzində 30 minlik ordu qurulur. Üstəlik Rusiya Suriyada mövcuddur, Türkiyə daha geniş formada Suriyada iştirakçılq ərəfəsindədir, burada həmçinin İrana bağlı hərbi qüvvələr var. Bu mənzərə yeni qan gölünün yaranacağının işartıları deyilmi?
- İlk öncə nəzərə almaq lazımdır ki, Suriyada üç önəmli qrup var. Bunlardan biri Bəşər Əsəd və ona tabe olan hərbi qüvvələrdir. İkincisi, müxalif qüvvələrdir. Bunlar nisbətən demokratik xarakterlidir. Üçüncü qüvvə isə etnik kürdlərdir. Radikal islamçı qüvvələr isə sanki dağıdılmış formadadır.
Fikrimcə, hazırda demokratik Suriya müxalifətinin güclənməsi ehtimalı çox azdır.
Kürd qrupları isə genişlənə bilər. Bu ehtimal son dərəcə güclüdür.
- Bu halda Suriyadakı mövcud konyuktura necə dəyişə bilər?
- Bunun üçün ya Suriyanın ərazi bütövlüyü təmin edilməlidir. Yoxsa ölkə parçalanmağa doğru gedir və bu qruplar əllərində saxladığı ərazilərdə güclənirlər.
- Sizə görə Suriyada parçalanma ehtimalı güclüdür, yoxsa ərazi bütövlüyünün təmin edilmə imkanları?
- Mən bununla bağlı konkret fikir deyə bilmərəm. O şəksizdir ki, Suriyadakı indiki konfiqurasiya və durum bir müddət davam edəcək.
- Suriyada açıq Türkiyə-Amerika və ya Rusiya-Amerika qarşıdurması gözlənilmiri? Hansı ki tərəflər üçüncü qüvvələr vasitəsilə deyil, özləri üz-üzə gəlsin?
- Yox, bilavasitə üz-üzə gəlmək dəqiq olmayacaq. Çünki buna ehtiyac yoxdur. İstər ABŞ, istərsə də Rusiya olsun, onlar üçün ən yaxşı vasitə kürdlər və digər silahlı qruplardır.
- Türkiyənin əlində belə imkan yoxdurmu?
- Türklər bu işdə Suriya müxalifətindən istifadə edə bilər. Amma güman etmirəm ki, türklər buna getsin.
- Türkiyə Afrinə daxil olacaq, bəzi əraziləri də nəzarətə alacaq. Sonra necə olacaq?
- Sözsüz ki, Türkiyə bu əraziləri əlində saxlaya bilməyəcək. Türkiyə bu ərazilərə daxil olduqdan sonra oralara nəzarəti Suriya müxalifətinə verməlidir.
- Suriyada indiki kritik vəziyyət yeni və böyük müharibənin başlaması üçün barıt çəlləyi rolu oynaya bilərmi?
- Böyük müharibə ehtimalı yoxdur. Böyük çaplı müharibə üçün böyük dövlətlər bu işə girişməlidir. Ancaq onlar girişməyəcək.
- Türklərin sərhəddin Suriya hissəsində kürd terrorçularını sıradan çıxarmaq imkanları nə qədərdir?
- Bu məsələ bilavasitə Amerikadan asılıdır. Başqa sözlə, kürdlərə ABŞ-ın verəcəyi silahların nədən ibarət olması əhəmiyyətlidir. Əgər kürdlərə təyyarələrə qarşı stinger tipli silahlar verilsə, vəziyyət fərqli olacaq. Türkiyə çalışacaq ki, əsasən hava qüvvələri ilə hərəkət etsin. Çünki zirehli texnika və quru qoşunlarına üstünlük versə, bu zaman itkilər də çox olacaq. Bu mənada Türkiyə aviasiyaya üstünlük verəcək. Bu halda gərək qarşı tərəfin hava hücumundan müdafiə sistemi olmasın. Əgər olarsa, itkilər baş verə bilər. Olmasa, bu zaman türklərin işi bir qədər asan olacaq.
- ABŞ tərəfi Afrinlə bağlı açıqlamasında qeyd edib ki, bu şəhər onların əməliyyat sferasına daxil deyil və PYD-ni də müdafiə etmirlər. Bu, Türkiyənin Afrin əməliyyatına yaşıl işıq yandırmaq anlamı verə bilərmi?
- Bəlkə də belədir. Amma mümkündür ki, ABŞ bununla özünü həm də sığortalayır. Bir tərəfdən deyir ki, bu hissələrə sərhədləri müdafiə etmək üçün silahlı qüvvələr yerləşdirəcək, digər tərəfdən deyilir ki, problem yoxdur, oranı götürə bilərsiniz. Məncə, bu, bir qədər anlaşılmaz mövqedir. Üstəlik, bu, Türkiyəni konfliktə çəkmək üçün gediş də ola bilər.