24 Yanvar 2018 17:53
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin AŞ PA-dakı çıxışına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi, “ədalətin defisiti”, ilk növbədə, Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır:

"Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair öz üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib. AŞ üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılmasına məsul olduğu halda, Avropa Şurasının üzv dövləti olaraq Ermənistan digər üzv dövlət olan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Güc tətbiq edərək digər dövlətin tanınmış sərhədlərini dəyişdirmək və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ümid etmək istərdik ki, Avropa Şurasının rəhbərliyi bu kimi məsələləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş bütün fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarını Ermənistan rəhbərliyi qarşısında qaldırıb".

XİN rəsmisi bildirib ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyi bütün beynəlxalq ictimaiyyətə bəllidir və bu mövqe dəstəklənir. Azərbaycanın mövqeyinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı təşkil edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan icması ilə birlikdə Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər:

"Münaqişənin həllində irəliləyişə nail olmaq üçün mərhələli prosesin tərkib hissəsi kimi, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı rayonlardan Ermənistan qoşunları çıxarılmalı, növbəti addımların atılması üçün zəmin yaradılmalıdır. Münaqişənin həllində yeganə mümkün və real həll variantıdır. Bununla işğala və təcavüzə məruz qalmış tərəf kimi Azərbaycanın etimadı təmin olunmalıdır. 2017-ci ilin avqustunda ATƏT ABŞ-dan olan həmsədri Riçard Hoqland digər həmsədrlərlə həmrəy şəkildə münaqişənin həlli üzrə atılmalı olan mərhələli addımları açıqladı. Bu günlərdə Rusiyanın xarici işlər naziri Serqey Lavrov tərəfindən də münaqişənin mərhələli həlli barədə açıqlama verildi".

H.Hacıyev əlavə edib ki, mürəkkəb xarakter daşıyan Ermənistan-Azərbaycan münaqişəsinin bir sənədlə həll edilməsinə dair Ermənistanın iddiası utopiyadır və münaqişənin həllinə imkan verməmək üçün bəhanədən başqa bir şey deyil:

"Ermənistanın 2016-cı ilin aprelində təmas xətti boyunca mülki insanları ağır silahlardan hədəfə alması bizə Ermənistan prezidentinin şəxsən iştirak etdiyi Xocalı soyqırımının acılarını bir daha xatırlatdı. Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri ilə Ermənistanın mülki insanlara qarşı təxribat və hücumlarının qarşısı alındı".

O bildirib ki, 1988-ci il Sumqayıt hadisələrinin SSRİ rəhbərliyi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Ermənistan SSR DTK tərəfindən təşkil olunması SSRİ Baş Prokurorluğu tərəfindən aparılan və Azərbaycan Baş Prokurorluğu tərəfindən təkrar icraata götürülən istintaq vasitəsilə təsdiq olunub. Sumqayıt hadisələrinin təşkilatçısı və onu törədən şəxs əslən erməni Eduard Qriqoryan müəmmalı şəkildə Ermənistanda həbsdən azad edilib. Hazırda onun xüsusi himayə altında harada olduğunu Ermənistan rəhbərliyi gözəl bilir:

"Sumqayıtda törədilmiş cinayət araşdırıldı və onun iştirakçısı olan şəxslər, o cümlədən azərbaycanlılar ən ağır cəza növü ilə cəzalandırıldılar. Ermənistan ərazisində, işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş heç bir cinayət işi, o cümlədən insanlıq əleyhinə cinayət əməli olan Xocalı soyqırımı araşdırılmayıb".

XİN rəsmisi vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə Ermənistan rəhbərliyi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb:

"Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, münaqişə nə qədər tez həll olunarsa, Ermənistan əhalisi də bir o qədər tez yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana biləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər