AŞPA-nın qış sessiyasının ilk günlərində insan hüquqları üzrə yeni komissar seçildi. Avropa Şurasının hazırkı komissarı Nils Muiznieks Azərbaycana qarşı daim qeyri-obyektiv, qərəzli mövqeyi ilə seçilmiş bir şəxsdir. Təsadüfi deyil ki, ötən sessiyalarda onun Azərbaycan əleyhinə işləyən gizli qruplaşmalarla bağlı olması haqqında avropalı müstəqil araşdırıcıların tərtib etdiyi ifşaedici hesabat yayılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının insan hüquqları üzrə komissarına sual verərkən söyləyib.
Rafael Hüseynov sualının əvvəlində Nils Muiznieksin müəyyən qüvvələrin təsiri altında olduğunu ayrıca vurğulayaraq deyib: “Təcrübə göstərir ki, adətən yüksək beynəlxalq vəzifələr tutan şəxslərin işi ilə əlaqədar bilavasitə daşımalı olduğu məsuliyyətdən əlavə müəyyən qüvvələr, xidmətlər, lobbilər qarşısında da çox adama görünməyən məsuliyyət və öhdəlikləri də olur. İnsan hüquqları üzrə komissar olaraq fəaliyyətləriniz əyani şəkildə göstərdi ki, siz də istisna deyilsiniz”.
Deputat Rafael Hüseynov hüquqlarının qorunmasına, ilk növbədə, ehtiyac olan 1 milyon Azərbaycan qaçqını və məcburi köçkününün vəziyyətinin yaxşılaşması üçün Nils Muiznieksin insan hüquqları üzrə komissar olaraq heç bir əməli fəaliyyəti olmadığını diqqətə çatdırıb. “Bu yüksək vəzifəni icra edərkən sizin öhdənizə həm də Avropada ən çox qaçqını və məcburi köçkünü olan Azərbaycandakı 1 milyon insanın hüquqlarını müdafiə etmək düşürdü. Təəssüf ki, siz onların vəziyyətinin azacıq olsa da dəyişməsi, bu ağır statusdan xilas olmaları üçün heç bir ciddi addım atmadınız. İnsan hüquqları üzrə komissar olaraq yerinə yetirmədiyiniz bu məsuliyyətə görə sizdə hər hansı narahatlıq hissi varmı?”, - deyə deputat sual verib.
Sualı cavablandırarkən bu istiqamətdə konkret olaraq bir iş görməsi ilə əlaqədar heç bir tutarlı söz söyləyə bilməyən Nils Muiznieks cavabı ilə ona yönələn ittihamların tam haqlı olduğunu nümayiş etdirib.