27 Yanvar 2018 08:46
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Türkiyə ilə oynayır, ondan istifadə etməyə çalışır. Əvvəlcə ABŞ elan etdi ki, Suriyanın şimal sərhədlərində 30 minlik kürd ordusu yaradacaq. Bu səbədən Türkiyə hərəkətə keçdi və ordusunu Suriyaya göndərdi. Bundan sonra ABŞ YPG-yə bildirdi ki, Afrinə doğru hərəkət etməyin, əgər etsəniz, Vaşinqtonun dəstəyini itirəcəksiniz. Yəni ABŞ əvvəlcə sanki kürdləri qoruyurmuş kimi bəyanat verir, bundan sonra Türkiyə regiona daxil olur və nəticədə kürdlərə deyilir ki, Afrinə doğru hərəkət etsəniz sizi dəstəkləməyəcəyik.

Bunu Teleqraf.com-a Vaşinqton və Ankara arasında müşahidə olunan diplomatik qarşıdurmanı şərh edən politoloq Fərhad Mehdiyev deyib.

Fərhad Mehdiyev Prezident Ərdoğan və Tramp arasında telefon danışığı, habelə xarici işlər nazirləri Tillersonla Çavuşoğlu arasında keçirilən görüşü xatırladaraq deyib ki, görüşdən sonra tərəflər bir-birinə zidd açıqlamalar verib:

“Türkiyə belə bir fikir yaratmağa çalışır ki, bu məsələdə Amerika onun yanındadır. Hətta bizimlədir və ortaq təhlükəsizlik zonası haqqında danışılır. Amma dövlət katibi Tillerson bunu yalanlayır, deyir ki, bu haqda danışılmayıb. Ağ Evin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, ABŞ Şimali Suriyada mülki əhaliyə görə narahatdır və Türkiyəyə bununla bağlı xəbərdarlıq edilib. Rəsmi Ankara da öz növbəsində bu informasiyanı təkzib edir. Bir sözlə, ABŞ prosesdə Türkiyənin yanında olmadığını nümayiş etdirmək istəyir”.

Politoloq hesab edir ki, baş verən proseslərdə Amerikanın məqsədini bir kənara qoymaq doğru olmazdı:

“Mənim fikrimcə, ABŞ-ın məqsədləri konkretdir. Vaşinqton Bəşər Əsədi yıxmaq istəyir. Əsədə qarşı isə indi döyüşəcək yeganə qüvvə Azad Suriya Ordusudur. Kürd silahlı birləşmələri isə müəyyən dərəcədə Əsədi dəstəkləyir. Baxın, bu gün YPG açıq şəkildə Əsədə çağırış edib ki, ordunu Afrinə gətirsin. Bəllidir ki, Afrinə doğru türk ordusu tək deyil, Azad Suriya Ordusu ilə birlikdə hərəkət edir və azad edilən ərazilər də bu orduya verilir. Yəni ərazilər YPG-dən alınaraq Azad Suriya Ordusuna verilir. Fikrimcə, indi ABŞ-ın birinci məqsədi Azad Suriya Ordusunu gücləndirmək, onun əhatəsini böyütməkdir. İkinci məqsəd isə kürdlərlə Rusiyanın arasını açmaqdır. Ruslar kürdlərə açıq deyir ki, siz ABŞ-a arxalandınız, onlardan silah aldınız, indi də türklərlə üz-üzə qalmısınız. Baxın, dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova deyib ki, onlar Türkiyənin hərəkətindən çox narazıdır. Çünki Azad Suriya Ordusu güclənir və bu ordu Bəşər Əsədin əsas rəqibidir. Halbuki ruslar zamanında Azad Suriya Ordusunu da hədəfə almışdı, onu vururdu. Elə ABŞ-ın üçüncü məqsədi də Rusiya ilə Türkiyənin arasını açmaq idi və məncə, buna da nail oldu”.

Politoloq hesab edir ki, Afrin əməliyyatından sonra kürdlərlə ABŞ-ın arasında narazılıq baş verib:

“Amma unutmaq olmaz ki, kürdlər Amerikadan çox asılıdır. Kürdlər Əsədlə münasibətlərini yaxşılaşdırsa da, onlara silahı Əsəd deyil, Vaşinqton verir.

İkincisi, Amerika küdrləri Şimali İraqda dəstəkləyir. ABŞ istədiyi zamanı kürdləri özünə yaxınlaşdıra, istədiyi an isə kürdlərdən uzaqlaşa bilir. Çünki kürdlər hərbi dəstək baxımından ABŞ-dan tam asılıdır. ABŞ-da bundan istifadə edir. Ancaq indi ABŞ Suriyada kürdləri gücləndirməkdən daha çox Bəşər Əsədi hakimiyyətdən götürmək istəyir. Mümkündür ki, Əsədi götürdükdən sonra kürdləri gücləndirəcək. Amma ABŞ gördü ki, kürdlər Bəşər Əsədə qarşı vuruşmaqdan qorxur. Səbəb odur ki, kürdlər Suriyada rusların gücünü gördü və ruslarla bazarlaşmaya gedir. Lakin Azad Suriya Ordusu ruslardan nə qorxdu, nə də bazarlığa getdi”.

Politoloq qeyd edib ki, Türkiyə ilə Rusiyanın arası da açılır:

“Ankara-Moskva münasibətləri tam pisləşməsə də, Zaxarova dünənki açıqlamasında qeyd edib ki, Türkiyə təhükəli manevrlər edir. Nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya münasibətləri heç vaxt möhkəm, səmimi və dost münasibətləri olmayacaq. Əlbəttə, münasibətlər epizodik olaraq üzdə düzələcək, yaxınlaşma müşahidə ediləcək. Amma Moskva Türkiyəni hər zaman məsafədə saxlayacaq. Bu tarixən belə olub və tarixi ənənəni Rusiya heç vaxt pozmayacaq. Rusiya sözsüz ki, regionda öz maraqları üçün Türkiyədən istifadə etməyə çalışır. Ruslar gözəl bilir ki, Ankara regionda hər bir məsələdə onun rəqibidir. Bu Qafqazada, Orta Asiyada və Yaxın Şərqdə dəyişməyən həqiqətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər