28 Yanvar 2018 09:30
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülhyaratma prosesinin fundamental tərəflərindən daha çox atəşkəs rejiminin möhkəmləndirilməsinə, təmas xəttində atəşkəs rejimini müşahidə edəcək müşahidəçilərin sayının artırılmasına səy göstərilib.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, hazırda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması məsələsi gündəmdə olduğu, BMT-nin 4 məlum qətnaməsində bundan bəhs edildiyi, Avropa Şurasının Ermənistanı təcavüzkar elan etdiyi halda həmsədrlər müşahidəçilərin sayının artırılmasında israr edirlər:

“Halbuki, bu cür hallarda vasitəçilər əsas diqqəti təcavüzkar tərəfə, onun əməllərinin məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəltməlidirlər. Bunun əvəzində təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsi məsələsini ön plana keçirməyə çalışırlar. Bu, açıq-aşkar ermənipərəst mövqedir. Azərbaycanın artan iqtisadi qüdrəti, ordusunun gücünün artması həmsədr dövlətləri xeyli narahat edir. Onlar xristian təəssübkeşliyindən çıxış edərək Ermənistana qarşı hərbi əməliyyatların başlanmasına çəpər çəkə biləcək “təşəbbüslər” irəli sürürlər. Ancaq heç kim demir ki, Azərbaycanın işğal altındakı torpaqlarının taleyi necə olacaq, təcavüzkar dövlətin əsgərləri nə zaman işğal olunmuş ərazilərdə çıxarılacaq və sair”.

Q.Hüseynli əlavə edib ki, həmsədrlərin qorxusu 2016-cı ilin aprel hadisələrinin təkrar oluna biləcəyi ilə bağlıdır:

“Bunun qarşısını almaq məqsədilə çox gülünc, gerçəklikdən uzaq, qeyri-səmimi fikirlər səsləndirirlər. Təbii ki, bütün bunlar münaqişənin həllinə xidmət etməyən fikirlərdir və Ermənistanın bu və ya digər formada qorunmasına xidmət edir. Həmsədrlər beynəlxalq təcrübədə bu cür münaqişələrin necə həll edilməsinə diqqət edib həmin təcrübənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə köçürülməsinə daha çox səy göstərməlidirlər”.

Qeyd edək ki, Krakov görüşünü şərh edən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov görüşdə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsinin müzakirə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə 7 müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq veriblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər