Müxtəlif vaxtlarda Azərbaycanın və Gürcüstanın rəhbərləri olmuş Heydər Əliyev və Eduard Şevardnadzenin taleyində qəribə bir oxşarlıq var.
Teleqraf.com-un məlumatına görə, bu oxşarlığı Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Hüseynov üzə çıxarıb.
Dövlət başçıları, onların həyat və fəaliyyəti barədə araşdırmalar aparan C.Hüseynov bildirib ki, həm Heydər Əliyev, həm də Eduard Şevardnadze rus ümumtəhsil məktəblərində oxuyub, sonradan Dövlət Təhlükəsizlik Komitəsi məktəbini keçib:
“Hər ikisi əmək fəaliyyətinə 18 yaşında başlayıb. Hər ikisi general-mayor rütbəsinədək yüksəlib. Hər ikisi ixtisasca tarixçi olub. Belə ki, Şevardnadze 1959-cu ildə Kutaisi Pedaqoji İnstitutunun, Heydər Əliyev isə 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hər ikisi sovet hakimiyyətinin ən yüksək pillələrinə qalxıb, hər ikisi Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub. Şevardnadze də, Heydər Əliyev də birinci hakimiyyətləri dövründə öz ölkələrini on dörd il idarə ediblər. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana, Eduard Şevardnadze 1972-1985-ci illərdə Gürcüstana rəhbərlik edib”.
C.Hüseynov bildirib ki, E.Şevardnadze gələcək həyat yoldaşı Nanuli ilə, Heydər Əliyev gələcək həyat yoldaşı Zərifə Əliyeva ilə 1948-ci ildə tanış olub:
“Hər ikisinin bir oğlu və bir qızı var. Hər ikisi Sovet İttifaqının dağılmasından sonra – müstəqillik dövründə ölkələrinə rəhbərlik ediblər. Hər ikisi ardıcıl iki dəfə prezident seçilib. Hər ikisi prezident seçilməzdən əvvəl ölkələrində parlament sədri olub. Hər ikisi Sosialist Əməyi Qəhrəmanı adını alıb, Lenin ordeni ilə təltif edilib”.