Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Brüsseldə, Avropa Parlamentində çoxsaylı görüşlər keçirib.
Teleqraf.com xəbər verir ki, görüşlərin məqsədi Azərbaycanla Avropa arasında parlament əlaqələrin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq yollarının imkanlarının artırılmasıdır.
Avropa Parlamentində təmsil olunan siyasi qrupların və partiyaların rəhbərləri, eləcə də Qafqaz regionu üzrə Avropa Parlamentinin məruzəçiləri ilə keçirilən görüşlərdə regionda, eləcə də ölkəmizdə baş verən hadisələrin mahiyyəti barədə ətraflı məlumat verilib, qoşunların təmas xəttində atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi olaraq pozulması halları diqqətə çatdırılıb, Azərbaycanda aparılan siyasi və iqtisadi islahatların səmərəliliyi haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələrin davamı olaraq, növbəti görüşlər Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə gələn həftə Strasburqda davam etdiriləcək.