6 Fevral 2018 20:42
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşən Musayev: “İlham Əliyev daxili siyasət, seçki bir yana qalsın, Azərbaycanın milli maraqları naminə illər boyunca xaricdən üzərimizə boylanan elə divlərlə döyüşüb, sonunda da qalib ayrılıb ki, “Milli Aşura”nın halva paylayanları həmin adamların adlarını eşitsələr, tükləri birər-birər qalar”

***

Dünyanın hər yerində belədir: istənilən seçkinin ertələnməsi siyasi qüvvələr üçün yalnız və yalnız bayram effekti verir. Niyə? Çünki bir siyasətçinin, bir siyasi iddiaçının özünütəsdiq, özünüifadə şansıdır- seçki! Çünki dünyanın heç bir yerində adını siyasətçi qoyan şəxs bizim rəqiblərimiz kimi fəsildən - fəsilə, mövsümdən-mövsümə, kvartaldan-kvartala “mən də varam” iddiasına qapılmır, köklənmir. Çünki istənilən dövlət başçısı rəhbəri olduğu məkanda, ölkədə 3 ay, 5 ay, 6 ay daha tez müddətə növbədənkənar seçki elan edirsə, ilk öncə öz vaxtından, öz qanuni səlahiyyət müddətindən kəsir. Yəni, zaman etibarilə itki sadəcə onundur, növbəti seçkidə qələbə qazanacağı halda ən az ertələdiyi günləri də səlahiyyət müddətinin üzərinə gəlib hakimiyyət başında daha çox qala bilər və s.

Bizim qarşı cəbhədəki opponentlərimiz isə artıq arqument axtarışına çıxıb. Məsələn, xaricdə şeytan bilir, kimin himayəsinə sığınan dırnaqarası demokratlardan biri dünən gecə anidən +“facebook” üzərindən əndrəbadi bir status yazdı: “Qərbin hakimiyyətə gətirmək istədiyi filankəsə görə seçki ertələnib”. Və elə bu misraları oxuyan kimi yadıma tələbəlik illərindən bir xatirə düşdü. Demək, stadionda idik. Azərbaycanla Rusiya futbol oynayırdı. Birdən kimsə yerindən qışqırdı ki, “mən istinnıy bolelşikəm”. Bu dəm arxa oturacaqda əyləşən ağsaqqal dözmədi: “Evin tikilsin, bir cümlədə 3 söz dedin, ikisi rəqibin dilində oldu ki... Sənsən “istinnıy”? İndi misalı həmin “demokrat”a aid. Cümlənin quruluşuna diqqət edin: “Qərbin hakimiyyətə gətirmək istədiyi filankəs”. Yəni, adam el dilində, daha loru anlamda bunu deyir: “Xaos yaratmaq istəyənlərin, təxribatçıların vassalı, emissarı...”

Sənsənmi demokrat?! Sənə demokrat deyənin...

İndi gələk, haqqında danışılan o filankəsə. Adını çəkib reklam etməyəcəm. Amma bütün inandıqlarıma and olsun, əgər həmin adama Qərbin hansısa konserv zavodunda banka bağlayan ikicə əməkdaş dəstək versə, bundan belə nə dilimə söz alaram, nə əlimə qələm. Nə danışırsız siz? Nə avantürizmdir bu? İlham Əliyev daxili siyasət, seçki bir yana qalsın, Azərbaycanın milli maraqları naminə + illər boyunca xaricdən üzərimizə boylanan elə divlərlə döyüşüb, sonunda da qalib ayrılıb ki, “Milli Aşura”nın halva paylayanları həmin adamların adlarını eşitsələr, tükləri birər-birər qalar. İndi hansısa kəmfürsəti, uğursuzu İlham Əliyevə alternativ kimi ictimai rəyə sırımağa çalışırsınız. Beləsindən prezident olar? Beləsindən İlham Əliyevə rəqib çıxar? Yanında bir hüquqşünas, yarım iqtisadçı gəzdirən kəsdən qalibiyyət gözlənilər? Ələlxüsus da, həmin hüquqşünas son vaxtlar məndən daha loyal və bəlağətli danışırsa...

Ya da söhbətə baxın: “Əgər biz davamlı mitinqlər keçirsək, əgər biz sürəti artırsaq, əgər biz ümumxalq hərəkatı yaratsaq, hakimiyyət qorxuya düşəcəkdi. Ona görə seçki ertələndi”. Bu cümləyə də bir xatırlatma edim: Tarixi təfsilatı yadımda deyil, amma orta əsrlərdə hansısa qalaya hücum zamanı “əgər qalanı alsaq sizin üçün pis olacaq, əgər təslim olmasaz, sizi qanınıza qəltan edəcəyik, əgər bizi dinləməsəz, son yaşam şansınızı əldən verəcəksiniz” – məzmunlu hədə məktuba qaladan bir sözdən ibarət cavab naməsi gəlir: “Əgər....”

Rəqib düşərgədən daha bir “füsünkar” səbəb incisi: “Rusiyanın başı öz seçkisinə qarışan ərəfədə hakimiyyət Prezident yarışını sürətləndirdi ki, sonradan daha rahat dönəmə girəcək şimal qonşumuz problem yaratmasın”. İndi bu məsələni şərh edək: Mövcud siyasi hakimiyyətin Rusiyadan və ya kimsədən qorxduğunu, çəkindiyini nə zaman gördünüz ki? Ehtiyac varsa 2013-cü il seçkilərini yada sala bilərəm. Qısa həmlə oldu, cavab verildi. Və hamı bu minvalla anladı ki, Azərbaycanla tələb dilində danışmaq olmaz, daxili işlərimiz xalqın iradəsi ilə həll olur, ölkə rəhbəri də nə Yanukoviçdir, nə Saakaşvili, nə də başqası... O, İlham Əliyevdir! Dünyani cənginə sarmış “narıncı inqilab”ları Azərbaycan sərhədində saxlamağı bacaran və bununla da az qala bütün postsoveti Qərbin və Sorosun məkrli caynağından xilas edən – İlham Əliyev. Bütün qalibiyyətlərini millətin, xalqın səsi ilə sıralayan – İlham Əliyev!

***

Meydan açıqdır. Mübarizəyə varsınızsa, buyurun. Qurtulun artıq komputer, klaviş asılılığından. Az söyün, az didin bir-birinizi. Döyüşə bilirsinizsə, açıq döyüşün bu iqtidarla. Amma kişi kimi, mərdi-mərdanə. Yox əgər bacarmırsınızsa, o zaman gedin zurna püfləməyə daha uyğun yer axtarın, daha kreativ kompozisiyalar qurun, daha dolğun konsertlər verin.

Allahdan şansınız gətirib, bəstəkarınız da var...

Elşən Musayev,
Milli Məclisin deputatı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər