Həmsədrlərin budəfəki səfər trayektoriyasının bu cür qurulması həqiqətən də müəyyən suallar doğurur. Yəni, onlar niyə bir-bir gəlirlər, yaxud iki-iki səfər edirlər. Məncə, bunun heç bir mənası yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, həmsədrlərin istər bir-bir, istər iki-iki, yaxud tam komplekt şəkildə gəlmələri əsas deyil:
“Əsas məsələ onların Azərbaycana gəlmək formatı deyil. Əsas onların danışıqlar prosesində yeni təklif irəli sürmələridir. Yəni, yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündən sonra həmsədrlər yeni təkliflər irəli sürsünlər, beynəlxalq hüquq normaları çərçivəsində müəyyən ideyalar gündəmə gətirsinlər. Bu ideya və təkliflər hazırlanarkən Azərbaycan və Ermənistan bərabərləşdirilməməlidir. Çünki həmsədr dövlətlər bir çox hallarda bizi güzəştlərə çağırırlar və sair. Əgər yeni ideyalar olmayacaqsa və həmsədlər Azərbaycana köhnə ”baqaj”la gəliblərsə, bu səfərin heç bir müsbət nəticəsi olmayacaq”.
F.Sadıqov onu da bildirib ki, 2017-ci ildə həmsədr dövlətlərdən ABŞ və Fransada yeni dövlət başçıları fəaliyyətə başlayıb:
“Bu ölkələrdə xarici siyasət prioritetlərinin müəyyən cizgiləri də danışıqlar prosesində, ola bilsin, artıq aparıcı rol oynayır. Düzdür, bu heç də o demək deyil ki, sözügedən ölkələr xarici siyasətlərini radikal şəkildə dəyişdirirlər. Amma hər halda o ölkələrin prezidentləri tərəfindən verilən bir sıra bəyanatlar işarə edir ki, onlar bölgədə sabitliyin bərqərar olmasında maraqlıdırlar. Çox güman ki, yeni dinamika bu məsələlərlə bağlıdır. Amma əlbəttə, bizim üçün əsas olan nəticədir. Nəticəni isə ancaq obyektiv yanaşma verə bilər”.
Qeyd edək ki, fevralın 3-də Bakıya amerikalı həmsədr Endrü Şofer gəlib. Amerikalı həmsədr bu müddət ərzində qeyri-rəsmi görüşlər keçirib, məcburi köçkünlərin yaşadığı ərazidə olub. Fevralın 6-da isə fransalı həmsədr Stefan Viskonti gəlib. O, fevralın 7-dən amerikalı və rusiyalı həmkarı İqor Popovla birgə rəsmi görüşlərə başlayıb. Prezident İlham Əliyev həmin gün həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.