Son günlər Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sıralarından istefalar baş verir. Fevral ayında partiya üzvlərindən Elşən Həşimov, Sudeyif Sadıxlı, Məmmədəli Zülfü, Qurban Qurbanov, Yaqub Babalı istefa veriblər. Onlar KXCP sırlarını tərk etmələri barədə Feysbuk sosial şəbəkəsində bildiriblər. Hətta Elşən Həsənov bəyan edib ki, istefalar bundan sonra da davam edəcək.
KXCP-də baş verən istefaların səbəbini Teleqraf.com-a şərh edən partiya sədrinin müavini Xəzər Teyyublu deyib ki, bu məsələ rəsmi strukturlarda müzakirə edilməyib:
“Bu məsələ əsasən, sosial şəbəkələrdə müzakirə edilir. Biz hesab edirik ki, partiyadaxili məsələlərin sosial şəbəkələrdə müzakirəsi yolverilməzdir. Sözsüz ki, müzakirələr partiya daxilində getməlidir. Əlbəttə, sosial şəbəkələrdə hər kəs öz mövqeyini açıqlaya bilər, amma ilk öncə bu müzakirələr partiyanın rəsmi strukturlarında aparılmalıdır. Hazırda KXCP-nin bu məsələyə dair mövqeyi yoxdur. Müzakirə açmaq istəyən üzvlərimiz partiyadaxili strukturlara müraciət edə bilərlər. Hesab edirəm ki, media sosial şəbəkələrdə yazılanlara KXCP-nin rəsmi mövqeyi kimi yanaşmamalıdır”.
KXCP-sədrinin müzvini deyib ki, bu istefalar partiyanın prezident seçkilərində iştirakı qərarı ilə bağlı deyil: “Biz əslində, istefalar, təşkilatdaxili məsələlərin mətbuatda müzakirəsini də düzgün saymırıq. Əgər hər hansı problem varsa, bu, partiya daxilində müzakirə edilə və ortaya mövqe qoyula bilər. Biz bilmirik ki, istefa verənlər səbəb kimi nəyi göstəriblər. Səbəbləri bilmədiyimiz üçün şərh vermək də olmur. İstefa verən adam səbəbini də deməlidir. Sözsüz ki, bu məsələlər partiya daxilində müzakirə ediləcək. Biz demokratik təşkilatda təmsil olunuruq və müzakirələrdə hər kəs iştirak edə bilər”.