14 Fevral 2018 16:38
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni təcavüzkar separatizminin 30 ili tamam olur. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürüb və təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan ərazilərinin işğalı və Ermənistanın təcavüzkar separatizminin davam etməsini Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edərkən deyib.

O bildirib ki, bu iddialardan əvvəl Dağlıq Qarabağda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücumlar törədilib və bu kimi əməllər mülki əhali arasında itkilər və azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnib:

"Beləliklə, 1980-ci illərin sonunda 200 mindən çox azərbaycanlı Ermənistandan zorla çıxarılıb. Həmçinin, Dağlıq Qarabağın 40.000-dən çox köklü Azərbaycan əhalisi etnik təmizləmə və qəddar terror hücumlarına məruz qalıb.

Ümumiyyətlə, 1980-ci illərin sonlarından etibarən Ermənistanın xüsusi xidmət orqanları və onlarla yaxından əlaqəli olan bəzi erməni təşkilatlarının Azərbaycana qarşı terror aktlarının, o cümlədən yol, dəmir-yolu, dəniz və hava nəqliyyatı və yerüstü kommunikasiyalara qarşı törədilmiş cinayət əməlləri nəticəsində əksəriyyəti qadın, yaşlı və uşaq olmaqla 2000-dən çox Azərbaycan vətəndaşı qətlə yetirilib".

H.Hacıyev xatırladıb ki, buna paralel olaraq, Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan birtərəfli qaydada ayrılması prosesinə rəvac vermək üçün bir sıra qeyri-qanuni qərarlar qəbul edilib:

"Dağlıq Qarabağın erməni separatçıları və Ermənistan tərəfindən sərhəd xəttini dəyişmək cəhdləri (və ya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazilərindən çıxarılması) Azərbaycan və o zaman SSRİ hakimiyyəti tərəfindən qəbul edilməyib. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti (1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti ―Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması, Azərbaycanın bundan 13 və 17 iyun tarixlərində imtina etməsi və Ermənistanın 15 iyun tarixində edilən tələbi dəstəkləməsi) Dağlıq Qarabağı Azərbaycan SSR tərkibində saxlamaq barədə qərar qəbul etdi.

1989-cu il dekabr ayının 1-də Ermənistan SSR Ali Soveti öz iclasında Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında qeyri-qanuni bir qərar qəbul etdi. Lakin 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı 1 dekabr 1989-cu ildə və 9 yanvar 1990-cı ildə qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğunsuzluğu” haqqında qərarında Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşməsinin qeyri-qanuni olduğunu elan etdi. 30 avqust 1991-ci ildə Azərbaycan SSR Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi və 1991-ci il oktyabrın 18-də və 1991-ci il 29 dekabr tarixində bu rəsmi təsdiq edildi.

Bütün bunlar onu göstərir ki, hələ o zaman Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlara zidd olması etməsi ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu".

XİN rəsmisi vurğulayıb ki, Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilən "uti possidetis" prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır. Onun sözlərinə görə, "uti possidetis" prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib: "1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğuna son qoyulduqdan və həm Ermənistan, həm də Azərbaycan müstəqillik qazandıqdan və beynəlxalq aləmdə tanındıqdan sonra, Ermənistan tərəfindən Azərbaycan daxilində məskunlaşmış ərazilərə törədilən hərbi əməliyyatlar və hücumlar artdı və genişmiqyaslı dövlətlərarası müharibəyə çevrildi. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin nəticəsi kimi, Dağlıq Qarabağ regionu, yeddi ətraf rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdamın bir hissəsi) və bir sıra anklavlar daxil olmaqla, Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildi. Yeddi ətraf rayondan 700.000-dən çox azərbaycanlı zorla qovuldu və qanlı etnik təmizləmənin hədəfi oldu.

H.Hacıyev qeyd edib ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir: "Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Bu məqsədlə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində işğal və təcavüz nəticəsi olan qanunsuz və qondarma rejim yaradıb.

Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.

Nəticə etibarilə, Ermənistanın iddiaları, Azərbaycanın müstəqilliyinə gedən dövr ərzindəki və müstəqillikdən sonrakı hüquqi bazaya və çərçivələrə görə tamamilə əsassızdır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Beləliklə, BMT Təhlükəsizlik Şurası qəti şəkildə müəyyən edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda birtərəfli qaydada müstəqilliyin elan edilməsi tamamilə qanunsuzdur..

Ümumilikdə, aşağıdakı nəticələr kimi təsnif edilə bilər:

1. "Uti possidetis" prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqillik elan etdiyi dövrdə SSRİ qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini əldə edib 2. Dağlıq Qarabağ həmin vaxt SSRİ-nin müvafiq legitim orqanları tərəfindən təsbit edildiyi kimi, Azərbaycanın ərazisinə daxildir. 3. Azərbaycan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmış ərazi hüdudlarından kənara çıxarılmasına razılıq verməyib. 4. Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi və ya onun müstəqilliyi hər hansı üçüncü dövlət tərəfindən tanınmır. 5. Azərbaycanın müstəqilliyi öncəsi Dağlıq Qarabağdakı separatçıların hərəkətləri uti possidetis prinsipinə ziddir və bunlar Azərbaycanın hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir. 6. Dağlıq Qarabağın sakinləri Azərbaycanın hüdudları çərçivəsində öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Beynəlxalq hüquqa əsasən onların Azərbaycandan ayrılmaq hüququ yoxdur 7. Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra Dağlıq Qarabağda həyata keçirilən əməllər separatçı-ayırıcı əməllərdir və Azərbaycanın daxili hüquqi sistemi çərçivəsində qiymətləndirilməlidir 8. Ermənistanın Azərbaycana qarşı gücdən istifadə daxil olmaqla törətdiyi əməlləri dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental beynəlxalq hüquq normasının, həmçinin digər müvafiq beynəlxalq hüquqi prinsiplərin, o cümlədən güc tətbiq edilməsinin qadağan olunmasının pozulmasıdır.

Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan bu anlamla münaqişənin həlli prosesində iştirak edir. Azərbaycan bir daha Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə işğal və etnik təmizləmə siyasətini dayandırmağı və münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməyi, beynəlxalq öhdəliklərini yerinə yetirməyi və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər