Bu gün Almaniyanın Münhen şəhərində sayca 54-cü təhlükəsizlik konfransı keçiriləcək. Konfrans iki gün – fevralın 18-dək davam edəcək.
Münhen Təhlükəsizlik Konfransından gözləntilərini Teleqraf.com-la bölüşən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev bildirib ki, konfransda 20-dən çox dövlət və hökumət başçısı iştirak edəcək:
“Belə ki, Münhenə BMT-nin Baş katibi Antonio Quterriş, Avropa Komisiyyasının rəhbəri Jan-Klod Yunker, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini, NATO-nun Baş katibi Yens Stoltenberq, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, İngiltərənin baş naziri Tereza Mey, Avstriyanın federal kansleri Sebastyan Kurts, İsrailin baş naziri Benyamin Netanyahu, Ukrayna Prezidenti Petro Poroşenko, ABŞ-ın müdafiə naziri Ceyms Mettis, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmestr, həmçinin Con Makkeynin rəhbərlik etdiyi senatorlardan ibarət nümayəndə heyəti təşrif buyuracaq. Konfransa ev sahibliyini isə Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel edəcək”.
Z.Əmrəliyev hesab edir ki, konfransın gündəliyi, heç şübhəsiz, ötən bir il ərzində dünyada baş verən və cari il ərzində baş verməsi gözlənilən geosiyasi hadisələrlə bağlı olacaq:
“Konfrans əsasən Avropa İttifaqının qlobal oyunçu kimi gələcək roluna və ABŞ-Rusiya münasibətlərinə həsr olunacaq. Məsələ ondadır ki, Avropa İttifaqının gələcək rolu barədə birliyə üzv dövlətlər arasında dərin fikir ayrılıqları var. Breksit dalğasının digər ölkələrə də keçmə təhlükəsi olduğu üçün bunun qarşısının alınması yolları geniş müzakirə olunacaq. Ola bilər ki, ittifaqın formatına dəyişiklik də müzakirəyə çıxarılacaq. ABŞ-la Rusiya arasındakı münasibətlər isə zənnimcə, konfransda bağlı qapılar arxasında əsas müzakirə mövzusu olacaq. İki dövlətin nümayəndəsi Rusiyaya tətbiq olunan sanksiyalardan Suriyada birgə əməkdaşlığa qədər bir çox məsələləri müzakirə edəcəklər. Bundan başqa Yaxın Şərqdəki münaqişələr, Fars körfəzi ölkələri arasında pozulan əlaqələr, o cümlədən Qətərlə region ölkələri arasındakı gərgin atmosfer də nəzərdən keçiriləcək. Konfransda müzakirə olunacaq digər önəmli məsələ isə Koreya yarmadasındakı sülh prosesi olacaq. Yarımadada sülhün əldə edilməsi məsələsi konfransda geniş müzakirəyə çıxarılsa belə, bu mövzu üzrə hansısa irəliləyişə nail olunacağını güman etmirəm”.
Ekspertin fikrincə, konfransın ana gündəmi Türkiyənin Suriyanın şimalında apardığı Afrin əməliyyatı olacaq:
“Konfransda Türkiyənin fəal iştirakı gözlənilir və əsas rolu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oynayacaq. ABŞ konfrasda Türkiyəyə diplomatik sıxıntı yaratmaq istəyəcək. İranın da ABŞ-la eyni mövqedə dayanacağını gözləyirəm. Çünki İran hər nə qədər bölgədə kürd separatçılarına qarşı mübarizə aparsa da, Türkiyənin regionda, xüsusilə Suriyada güclənməsini arzulamır. Çavuşoğlu həm diplomatik həmlələrə cavab verməli, həm də Türkiyənin Afrində qazandığı uğuru Münhendə dünyaya nümayiş etdirməli olacaq”.