Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri başlayıb. Klaarın vəzifəsinin adı çox maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu xüsusi nümayəndənin Bakıya səfərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.
Politoloq “Gürcüstan Cənubi Qafqaz deyilmi, niyə Avropa İttifaqı nümayəndəliyin adını “Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəlik” qoyub”, - deyə sual edib:
“Bu vəzifənin adını “Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəlik” qoymaq olmazdımı? Anlayıram ki, Avropada Gürcüstana xüsusi yanaşma var, elə gürcü ekspertlərin özləri də son illər ölkələrini Cənubi Qafqaz ölkəsi kimi yox, Qara dəniz ölkəsi kimi təqdim edirlər, yəni bir növ demək istəyirlər ki, gürcülər ermənilər və azərbaycanlılarla müqayisədə avropalılara bir köynək daha yaxındırlar. Olsun. Ancaq Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın dəstəyi olmadan Qara dəniz ölkəsi olan Gürcüstan necə tab gətirər – bu da maraqlı sualdır”.