Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif martın 16-da Qazaxıstanın paytaxtında görüşəcəklər.
Teleqrafcom tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ Ankarada keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Suriya münaqişəsinin həlli istiqamətində Türkiyə, Rusiya və İran arasında danışıqlar davam edir: “Formatı bəlli olmasa da, martın 14-də üç ölkənin naziri Moskvada bir araya gələcək. 2 gün sonra isə Astanada nazirlərin birgə üçtərəfli görüşü baş tutacaq. Tarixi hələ dəqiqləşməyib, amma aprelin əvvəlində də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı planlaşdırılır. Ardınca Suriya məsələsi ilə bağlı İran və Rusiya dövlət başçılarının iştirakı ilə Türkiyədə üçtərəfli zirvə toplantısının keçirilməsi nəzərdə tutulub”.
Xatırladaq ki, sonuncu dəfə üç ölkənin Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin birgə görüşü ötən ilin noyabrın 22-də keçirilmişdi.