Ermənistanın Xarici İşlər nazirini Helsinki Yekun Aktı barədə maarifləndirmək məcburiyyətindəyik.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Avropa Parlamentinin Xarici əlaqələr komitəsində çıxışını şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, Ermənistanın xarici işlər naziri Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur: "Biz yenə də Ermənistanın xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barədə maarifləndirmək məcburiyyətindəyik".
XİN rəsmisi qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət müasir beynəlxalq münasibətlərin təməlini təşkil edir: "Bunun əksi beynəlxalq münasibətlərdə xaos və keçən əsrin 30 və 40-cı illərinə qayıtmaq deməkdir".
O əlavə edib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın aqressiv erməni separatizmi meylləri əsasında birtərəfli qaydada Azərbaycandan ayrılması cəhdlərinin SSRİ qanunlara zidd olması ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu:
"Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib. Həmçinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zorakılıq, terror və Dağlıq Qarabağın köklü Azərbaycan icmasının etnik təmizləməsi ilə müşayiət olunub, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı açıq müharibəsi ilə davam edib və Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədilib".
H.Hacıyev Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistanın xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə etdiyini və onu təhrif etdiyini vurğulayıb:
"Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur".
O əlavə edib ki, MDB-nin yaranmasına dair 21 dekabr 1991-ci il tarixli Alma-Ata bəyanatına əsasən Ermənistan Azərbaycan və digər keçmiş SSRİ respublikalarının “ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair” öhdəlik qəbul edib:
"Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Həmçinin, TŞ-nın qətnamələrində Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub".
H.Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri ölkəsinin Azərbaycana qarşı ərazi iddiaları və hərbi gücdən istifadəsinə bəraət qazandırmaq üçün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı institutlarının sənədlərini təhrif etməkdən çəkinmir:
"SSRİ-nin dağılması ilə əlaqədar 10 dekabr 1991-ci il tarixli bəyanatında Avropa İttifaqı Helsinki Yekun Aktına hörmət edilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “bu müddəalara əsasən Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh yolu və ya razılıq əsasında dəyişdirilə bilər”. Bundan sonra Avropa İttifaqı Şurası Şərqi Avropa və keçmiş SSRİ dövlətlərinin tanınmasına dair rəhbər sənədində dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini bir daha təsbit edib.
Ermənistan xarici işlər nazirinin istinad etdiyi BMT Nizamnaməsi və Helsinki Yekun Aktında gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır və güc yolu ilə ərazi əldə edilməsini qadağan edir. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Çıxışında Ermənistan xarici işlər naziri intensiv danışıqlara və gərginliyin azıldılması məsələlərinə də toxunur. Gərginliyin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Gərginliyin və hərbi risk amilinin aradan qaldırılması üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması lazımdır".
XİN rəsmisi əlavə edib: "Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar".