Biz Rusiya ilə hərbi sahədə müqavilələri demək olar ki, icra etmişik. İndi Rusiyadan silah almağımıza nə dərəcədə ehtiyac olub-olmadığını Müdafiə Nazirliyindən dəqiqləşdirmək olar.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, söhbət silahın alınmasından deyil, ilk növbədə Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlıqdan gedir:
“Daha dəqiqi, bizim hansısa şirkətimizin Rusiya hərbi-sənaye kompleksinə daxil olan şirkətlərlə əməkdaşlığana məhdudiyyət məsələsi önəmlidir”.
Politoloq əlavə edib ki, silah satışı prosesinin qarşısını BMT Təhlükəsizlik Şurasının sanksiyaları ala bilər:
“Əgər BMT-nin embarqosu yoxdursa, başqa qadağalar əhəmiyyətsizdir. Sözsüz ki, ABŞ-ın qadağaları Rusiyaya müəyyən təsir göstərəcək. Məsələn, Rusiya Hindistanla birlikdə hansısa müştərək silahın istehsalını nəzərdə tuturdu. Səhv etmirəmsə, Çinlə də belə bir layihə vardı. Ancaq düşünmürəm ki, ABŞ-ın bu sanksiyaları Rusiyanın silah satışının qarşısını tamamilə alsın. Əlbəttə, müəyyən çətinliklər yarana bilər”.
R.Musabəyov hesab edir edir ki, ABŞ-ın məlum sanksiyalarından sonra bəzi ölkələr Rusiyadan silah almamaq barədə düşünə bilər:
“Bu mümkündür. Həm də söhbət silah almaqla bitmir. Sabah bu silahın ehtiyat hissələri məsələsi var. Qadağalar ciddiləşəcəksə və Rusiya öz öhdəsinə düşəni yerinə yetirə bilməyəcəksə, bu zaman silah almaq istəyən dövlət düşünməli olacaq”.
R.Musabəyov deyir ki, sanksiyalar çərçivəsində Ermənistanın daha ağır durumla üzləşəcəyi deyilsə də, hələlik bu, real həyatda özünü göstərmir:
“Ermənistan Rusiyadan silah alır, ABŞ nə edə bilər? Ermənistanda silahları şirkətlər almır, dövlət alır. Müdafiə Nazirliyi Rusiyadan müftə silah alır. Hələlik gözləmək lazımdır ki, sanksiyaların real tətbiqi mexanizmi necə olacaq”.
Çin, Hindistan və Türkiyənin Rusiyadan S-400 kompleksləri almaq niyyətində olduğunu xatırladan R.Musabəyov hesab edir ki, bu dövlətlər S-400 kompleksini əldə edəcək:
“Düşünmürəm ki, sanksiyalar belə nəhəng dövlətlərə təsir edə bilsin. Təsəvvür edin ki, ABŞ Çin və Hindistana sanksiya tətbiq edir. Bu mümkündürmü? Məncə, yox. Əslində aydındır ki, ABŞ sanksiya paketi qəbul edib, hansısa şirkətlərə xəbərdarlıq edir. Bir çox şirkətlərdə bu xəbərdarlıqdan sonra Rusiya hərbi sənaye kompleksi ilə əməkdaşlığın lazım olub-olmadığı haqqında düşünəcək. Bunun hansısa təsirləri də olacaq. Amma kiminsə Rusiyadan silah almasının qarşısının tam kəsiləcəyini düşünmürəm”.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Rusiyanın hərbi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar verildiyini təsdiqləyib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Hazer Nauert deyib ki, Amerikanın sanksiyalarından sonra Rusiyanın hərbi-sənaye kompleksi 3 milyard dollar itirib.
ABŞ-ın Ermənistandakı səfirliyi isə bəyan edib ki, Ermənistan hökuməti Rusiya şirkətləri ilə hərbi-kəşfiyyat sahəsində sövdələşmələr bağlayacağı təqdirdə sanksiyalarla üzləşəcəyi haqda xəbərdarlıq alan tək hökumət deyil.
“Biz Konqres tərəfindən qəbul edilən və ABŞ-ın rəqiblərinə sanksiyalarla təsir göstərməyi nəzərdə tutan qanunu icra edirik. Xarici dövlətlər və şirkətlər məlumatlandırılıb ki, ABŞ-ın sanksiyalar siyahısına daxil edilən Rusiya şirkətləri ilə əhəmiyyətli sövdələşmələrə gedənlər bizim sanksiyalarımızın təsiri altına düşə bilər”,- səfirlik bildirib.