23 Fevral 2018 09:30
5 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirir. Artıq bəzi ölkələr əməliyyatın dayandırılması haqda çağırışlar edir, xarici eksperlət bunu Suriyaya hərbi müdaxilə kimi qiymətləndirir. Siz vəziyyəti necə şərh edirsiniz?

- Əvvəla, Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyat beynəlxalq hüquq prinsiplərinə uyğundur. Hər bir ölkə özünə yönələn təhlükə və terror aktlarını aradan qaldırmaq, ərazi bütövlüyünü qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək hüququna malikdir. Türkiyədə bu hüquqlarından istifadə edir.

Dünyanın aparıcı dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının bir hissəsi Türkiyənin legitim hüququnun olduğunu təsdiq edir. Çünki həmin bölgələrdə PKK-nın Suriya qolu olan PYD/YPG-nin Türkiyə istiqamətli fəaliyyətləri var. Türkiyə bu terror təşkilatlarının arxasında duran dövlətlərə dəfələrlə xəbərdarlıq etsə də, tədbirlər görülmədi. Türkiyə də məcburən əməliyyatlara başladı.

Üçüncüsü, geniş baxdıqda görünür ki, Suriyada baş verənlər həm də bu ölkənin daxili işi deyil. Suriya bu saat qlobal güclərin toqquşma meydanıdır. Burada əsas qlobal güc ABŞ və Rusiya, regional güclər isə İran, körfəz ölkələri və Türkiyədir. O cümlədən Avropa İttifaqına daxil olan dövlətlər. Sözsüz ki, hər kəsin bir marağı var. Türkiyənin əməliyyatlarını da hər bir dövlər öz maraqlarına uyğun şəkildə qiymətləndirilir.

Nəhayət, Türkiyə Afrin əməliyyatına başladıqdan sonra ABŞ elan etdi ki, Afrində maraqları yoxdur və bu prosesə qarışmayacaq. ABŞ açıq bildirdi ki, Fərat çayının qərb hissəsi onun maraq dairəsinə daxil deyil. Baxmayaraq ki, Fəratın qərb sahilləri, Menbiç və onun ətrafı ABŞ-ın dəstəklədiyi PKK-PYD-nın nəzarətindədir. ABŞ burada əslində başqa məqsədlər güdür.

- Suriya kürdləri ölkə daxilində hansı güc və imkanlara malikdir?

- Kürdlər Suriyada əhalinin 8 faizini təşkil edir. Bu, iki il əvvəl olan rəsmi statistikadır. Amma ABŞ PYD-yə 10 min yük maşınına yaxın müasir silahlar verib. O cümlədən tank əleyhinə silahlar, təyyarələrə qarşı istifadə edilən raketlər. Hansı ki, ABŞ bu raketi NATO-dakı müttəfiqi Ankaraya verməyib. Yəni ABŞ-ın dəstəklədiyi və arxasında durduğu PYD/YPG obrazlı ifadə etsək, etnik tərkibə əsasən, əhalinin 8 faizini təmsil etməsinə baxmayaraq, hazırda Suriya ərazisinin 30 faizinə nəzarət edir. Bu 30 faiz ərazidə Suriya dövlətinin enerji və təbii sərvətlər ehtiyatının 50 faizi cəmləşir. Məsələnin əsas mahiyyəti budur. Təbii ki, bu, ABŞ-ın Suriyanın yeraltı sərvətlərinə sahib olmaq istəyindən doğur, o cümlədən Şimali İraqdan Aralıq dənizinə qədər gedən dəhlizi təmin etmək planı mövcud idi. Bu dəhlizlə enerji məhsulları dünya bazarına çıxarılacaqdı. Türkiyə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı ilə bu planı pozdu.

- Hazırda Afrində olan PYD/YPG şəhəri Bəşər Əsədə vermək istədiyini açıqlayıb. Bu, nədən xəbər verir?

- Bəli, iki gün öncə informasiya vardı ki, PYD ilə Suriya rejimi razılıq əldə edib və Afrin bölgəsinə Bəşər Əsədin qoşununu dəvət edir, şəhəri onlara təslim etmək niyyətindədir. Təbii ki, bu informasiya müəyyən qədər doğrudur. Əslində Bəşər Əsəd rejimi bir təbliğat kampaniyası başlatmışdı. Bu prosesin arxasında Əsəddən çox Rusiya dayanıb. Güman edirəm ki, son günlər Afrin bölgəsində yaşananların arxasında birmənalı ruslar durur. Çünki Rusiya bir tərəfədən Ankaranı Bəşər Əsədlə bir masa arxasına gətirməyə çalışır, digər tərəfdən, gözləntisi vardı ki, ABŞ dövlət katibi və milli təhlükəsizlik müşavirinin Ankara səfərindən sonra Türkiyə-Amerika münasibətləri daha da pisləşəcək və qopma həddinə çatacaq. Əslində bu baş vermədi. Münasibətlərin bir qədər yumşaldığını görən Rusiya PYD kartından başqa formada istifadə edərək, Türkiyəyə mane olmağa çalışdı. Lakin Türkiyə dövləti bu məsələdə öz qərarlılığını göstərdi. Dünən Hələbdən Afrinə istiqamətlənən hərbi karvan Türkiyə tərəfindən geri otuzduruldu. Türkiyə də konkret mövqeyini ortaya qoyaraq bəyan etdi ki, bölgədəki terror yuvaları dağıdılmayana və terrorçular ərazini tərk etməyənə qədər əməliyyat davam edəcək.

- Sizcə, Afrin Bəşər Əsədə verilə bilər?

- Suriyada proseslər ikinci fazaya daxil olur. Bundan sonra yeni gərginliklərin yaranacağı mümkündür. ABŞ və Rusiya tam anlaşmayana qədər Suriyada proseslərin səngiməsi və gərginliyin azalmasını gözləmək doğru olmaz. Təbii ki, orada Türkiyəyə qarşı təxribatlar olacaq. Çünki Türkiyənin Suriyada güclənməsi və terrorçulara qarşı qəti addımları əslində ABŞ-dan savayı bölgədə marağı olan bəzi dövlətləri də narahat edir. Çünki PYD-nin arxasında təkcə ABŞ deyil, həm də Rusiya durub. Nəzərə alın ki, PYD və PKK-nın Moskvada ofisləri açıqdır, Rusiya onları terror təşkilatı olaraq qəbul etmir, Soçi müzakirələrinə PYD terror liderlərindən Ural dəvət olunmuşdu. Bu baxımdan təxribatçı addımlar olacaq. Bu addımların atılmasında regional və qlobal güclər maraqlıdır. İran Türkiyənin Suriyadakı fəaliyyətindən narahatdır. İsrail bu durumdan razı deyil.

- Ancaq İsrail bu prosesdə qabarıq görünmür...

- Nəzərə alın ki, Böyük Orta Şərq layihəsi vardı. Əslində bu İsrailin maraqlarına cavab verən məsələdir. Bu layihəyə əsasən, Yaxın və Orta Şərqdə dövlətlərin sərhədləri dəyişilməli və 23-ə qədər ərazi, yeni dövlətçiklər yaradılmalıdır. Bu da, təbii ki, bölgə dövlətlərinin ərazi bütövlüyünü təhlükə altına alır. Odur ki, bu bölgədə təxribatçı addımlar gözləniləndir. Suriyada suların durulması hələ zaman alacaq.

- Siz, Türkiyənin hazırkı Suriya siyasətini sona qədər davam etdirəcəyini düşünürsünüz?

- Öncə nəzərə alaq ki, Bəşər Əsədin Afrini götürməsi məsələsinin arxasında Rusiya dayanır. Bəşər Əsəd əslində özünün deyil, Rusiyanın sözünü deyir. Rusiya Bəşər Əsəd vasitəsilə Türkiyəyə müəyyən təzyqlər etməyə çalışır. Düşünürəm ki, bu anlaşılmazlıqlardan və ya Dəməşq rejiminin Türkiyəyə qarşı üslubundan geri çəkilməsi üçün Ankara çətin olsa da, Əsədlə dialoqa gedilməlidir. İran və Rusiya Suriyada ona görə rahatdır ki, onları bura Bəşər Əsəd rejimi dəvət edib. Onlar Suriyanı təmsil edən hökumət tərəfindən dəvət edilib və qanuni əsaslarla fəaliyyət göstərirlər. Məncə, bu arqumenti başqalarının əlindən almaq üçün Türkiyə nə zamansa Suriya rejimi ilə danışıqlara gedəcək, amma bunu nə qədər tez etsə, bir o qədər yaxşı olar. Suriya rejimi ilə münasibətlər qaydasına qoyulmalıdır və Dəməşqin mövqeyini də neytrallaşdırmaq mümkündür.

- ABŞ dövlət katibi Tillersonun Ankara səfəri Türkiyə-Amerika münasibətlərinin ən gərgin mərhələsinə təsadüf etdi. Bu səfərdən sonra Vaşinqton-Ankara əlaqələri hansı xətt üzrə inkişaf edəcək?

- Mən düşünmürəm ki, münasibətlərdə dəyişikliklər baş versin. Faktiki olaraq, bu gün bir çox beyn mərkəzləri və təhlilçilər deyirlər ki, ABŞ-da doğru-dürüst dövlət adamlarının kasadlığı müşahidə olunur. Üstəlik sistemli fəaliyyətdən daha çox sanki ABŞ Orta Şərqdə İsrailin təhlükəsizliyi ilə bağlı siyasət həyata keçirir. O cümlədən 1916-cı ildə İngiltərə və Fransa arasında bağlanan Syaks-Pikot müqaviləsinin bəndlərini həyata keçirən güc kimi çıxış edir. Mən düşünmürəm ki, ABŞ Obama dövründən başlanan siyasətini dayandıracaq. Bu gərginlik artan və azalan xətt üzrə davam edəcək. ABŞ-ın məqsədi var - Orta Şərqdə kürd dövləti yaratmaq və onun vasitəsilə İsrailin təhlükəsizliyini təmine etmək, region dövlətlərini təzyiq altında saxlamaq. Bu niyyətlərini danmırlar. Atdığı addımlar da bu istiqamətdə gedir. Bildiyiniz kimi, ABŞ 1991-ci ildə İraqa ilk dəfə hücum edəndə ölkənin şimalında kürd bölgəsi yaradıldı, 2003-cü ildə İraqın təkrar işğalından sonra kürd bölgəsi konstutisiya çərçivəsində muxtar ərazi elan olundu. İndi də Suriyanın şimalında və Fəratın şərq hissəsində faktiki dövlət yaratmağa çalışırlar. Düzdür, ABŞ bəyan edir ki, Suriyanın ərazi bütövlüyünü müdafiə edirlər, amma davranışların nə dərəcədə fərqli olduğu göz önündədir. Odur ki, münasibətlərin normallaşacağı gözlənilmir. Türkiyənin konkret tələbi var - ABŞ-ın dəstəklədiyi terror qrupları Menbiç şəhərini və o əraziləri tərk etməlidir. ABŞ oranı YPG vasitəsilə işğal edəndə Türkiyə buna etiraz etdi. O zaman ABŞ elan etdi ki, Menbişdən çəkiləcək. Ancaq verilən sözün üzərindən 3 il zaman keçməsinə baxmayaraq, orada fəaliyyətləri davam edir. Odur ki, məsələlərin sakitləşəcəyi və gərginliyin azalacağını düşünmürəm.


Müəllif: Cavad

Oxşar xəbərlər