Xocalı soyqırımında iştirak edən və hazırda xarici ölkələrdə yaşayan cinayətkarlarla bağlı ölçü götürmək olar. Bunun üçün hüquq sahəsində müəyyən addımlar atmağımız lazımdır.
Bunu Teleqraf.com-a hüquqşünas Əvəz Temirxan deyib.
O, bildirib ki, ilk olaraq bu şəxslərin siyahısını müəyyən etmək, daha sonra onlar haqqında sübutlar toplamaq və İinterpol vasitəsilə axtarışa vermək lazımdır:
“Aydındır ki, heç bir ölkə cinayətkar olsa belə , vətəndaşını başqa dövlətə vermir. Bu reallıqdır. Onlar cinayət törətsələr belə, nə Rusiya, nə də başqa ölkə vətəndaşını Azərbaycan məhkəməsinə verməyəcək. Amma biz müəyyən epizodlar üzrə beynəlxalq hüququ yardım haqqında həmin ölkə ilə imzalanan müqaviləyə əsasən işi ayıra və həmin ölkəyə göndərə bilərik. Bundan sonra həmin ölkə konkret cinayət epizodları üzrə vətəndaşını ittiham edə bilər.
İkinci hüquqi yol isə odur ki, həmin şəxslərin adı İnterpol vasitəsilə axtarışa verilir. Bu halda onlar Rusiya, Ermənistan və ya digər ölkədən xaricə gedəndə həbs edilə və Azərbaycana verilə bilər. Necə ki, hazırda PYD terror təşkilatının sabiq rəhbəri Saleh Müslüm Praqada həbs edilib və onun Türkiyəyə ekstradisiyası müzakirə edilir. Bizdə bu yola baş vura bilərik. Bu kimi misallar çoxdur. Vaxtilə Azərbaycan dövlət sərhədlərini qanunsuz pozaraq, Qarabağa səfər edən Lapşin Belarusda həbs edildi və Bakıya ekstradisiyaya olundu. Xatırladım ki, vaxtilə Azərbaycan Zori Balayanı beynəlxalq axtarışa vermişdi və hətta bundan sonra onu həbs etdilər. Sadəcə, Azərbaycana vermədilər. Bunun da müəyyən səbəbləri var idi. Ancaq hər halda Zori Balayani saxladılar.
Üçüncü yol isə tam başqadır. Qeyd edim ki, 1960-cı il mayın 11-də MOSSAD-ın əməkdaşları Buensos Ayresdə II Dünya Müharibəsi zamanı yəhudilərin soyqrımında bilavasitə iştirak edən Adolf Eyxeni oğurlayaq İsrailə gətirdilər və orada məhkəmə qurdular. Yeri gəlsə, Azərbaycan kəşfiyyatı Xocalı qətliamında iştirak edən və erməni olan və olmayan şəxsləri bir-bir ələ keçirərək, Azərbaycana gətirə bilər. Mən hesab edirəm ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli peşəkar kəşfiyyatçılar var. Zamanında Prezident Aparatında işləmişəm və onlara bələdəm. Azərbaycan kəşfiyyatçılarının əksəriyyəti KQB məktəbi keçib. Çox yüksək professional, vətənpərvər və bu işin öhdəsindən gələn peşəkarlar var. Bizim dünya səviyyəli kəşfiyyatçılarımız var. Bu imkandan da istifadə etmək olar”.
Hüquqşünas daha sonra deyib ki, xaricdəki Azərbaycan diaspora təşkilatları güclü olmalıdır. Onun sözlərinə görə, Rusiyada azərbaycanlıların sayı az qala ruslardan sonra ikincidir:
“Biz güclü diaspora təşkil edə bilərik. Moskvada azərbaycanlılar say baxımından ruslardan sonra ikinci yeri tutur. Mən uzun illər Rusiyada işləmişəm. Öz təcrübəmdən bilirəm ki, Rusiyada milli düşüncəsi olan, beynəlxalq qaydalara əməl edən sivil insan qalib ola bilir. Ermənini söymək peşəyə çevrilməməlidir. Peşəkar və yüksək mədəniyyətlə ermənini ittiham edib müsbət nəticə əldə etmək lazımdır”.