BMT Təhlükəsizlik Şurasının üzvləri yekdilliklə Suriyada bir aylıq atəşkəslə bağlı qətnamə qəbul edib. Ancaq buna baxmayaraq, son günlər Bəşər Əsəd ordusu, üstəlik Rusiya aviasiyası Dəməşq yaxınlığındakı Quta şəhərinin şərqini bombalamaqda davam edir, artıq ölənlərin sayı 400 nəfəri ötüb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, məsələnin güclü rezonans doğurmasının səbəbi də budur. Yəni, bir tərəfdən atəşkəs elan olunur, digər tərəfdən isə silahlar susmur:
“Çox maraqlıdır ki, bu qətnamə layihəsi səsverməyə çıxarılarkən, Rusiya da onun əleyhinə çıxmadı. Rusiya onun əleyhinə səs versəydi, belə çıxacaqdı ki, Moskva dinc insanların öldürülməsinə dəstək verir. Ona görə Rusiya qətnamənin lehinə səs verdi. Ancaq bu səsvermənin, eləcə də atəşkəs elan olunmasının elə bir əhəmiyyəti olmadı. Çünki Qutaya hücumlar davam edir. Əsədin və Kremlin arqumenti bundan ibarətdir ki, Qutada terrorçular məskən salıb və onları neytrallaşdırmaq lazımdır”.
E.Şahinoğlu əlavə edib ki, atəşkəsin Türkiyəyə nə dərəcədə aidiyyətinin olub-olmadığı da gündəmdədir:
“Çünki Fransa Prezidenti Emmanuel Makron fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib ki, Ankara atəşkəsə riayət etməlidir. Bu da mümkün deyil. Çünki Əsəd ordusu və Rusiya kimi Türkiyə də eyni arqumentlə Suriya ərazisində – Afrində terrorçulara qarşı mübarizə aparır. Yəni, atəşkəsin terrorçularla mübarizəyə aidiyyəti yoxdur. Bu baxımdan atəşkəsin elan olunmasının nəyə xidmət etdiyi aydın deyil. Onsuz da Əsəd ordusu ilə silahlı müxalifət arasında atəşkəs uzun müddətdir ki, mövcuddur. Astanada aparılan danışıqlar nəticəsində Rusiya, Türkiyə və İran arasında əldə edilən razılaşmaya görə silahlı müxalifətlə Əsəd ordusu arasında uzun müddətdir toqquşmalar yoxdur. Söhbət terrorçularla mübarizədən gedir. İŞİD, PKK, YPG, Nüsrə kimi təşkilatlara qarşı mübarizəni heç kim, hətta Qərb ölkələri belə qadağan edə bilməz. O zaman yenə də məntiqi sual meydana çıxır; əgər terrorçularla mübarizə – Afrin əməliyyatı davam edirsə, Quta bombalanırsa, bu atəşkəs ümumiyyətlə, nəyə lazım idi? Görünür, ABŞ və Avropa dövlətləri Rusiya və Türkiyənin Suriyada möhkəmlənməsində maraqlı deyillər, bundan narahatdırlar və ABŞ başda olmaqla daim bu iki ölkəyə Suriyada problemlər yaratmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamə də buna xidmət edir. Rusiyanın qətnaməyə veto qoymaması da onunla bağlıdır ki, Moskva burda özünü sülhü pozan tərəf kimi göstərmək istəmir. Amma yenə də Qutada, Afrində terrorçularla mübarizə davam edir, sadəcə Türkiyənin Afrində apardığı əməliyyatla Əsəd və Rusiyanın Qutada apardığı əməliyyat arasında fərq ondan ibarətdir ki, Qutada mülki əhali arasında ölənlərin sayı çoxdur. Türkiyə isə əməliyyata çox ehtiyatla yanaşır, hətta mülki əhalinin zərər görməməsi üçün əməliyyatı uzadır. Afrin əməliyyatının xeyli uzanmasının səbəbi də budur. Amma Əsəd üçün bunun heç bir fərqi yoxdur. Əsəd və Rusiya aviasiyası hara gəldi bombalar yağdırır, bu zaman terrorçular da ölür, mülki insanlar da”.