27 Fevral 2018 14:42
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetlərdir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ölkədə təhsil və səhiyyənin inkişafına böyük diqqət yetirir. O, Azərbaycanın qadınlara səs vermək hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladıb:

"Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Ölkədə müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar".

"Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur ediliblər. Bu gün Azərbaycan 1.2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb", - E.Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, dünyada insan hüquqları pozuntusu haqqında danışarkən, Azərbaycanın üzləşdiyi ən dəhşətli faciə yada düşür.

O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bötüvlüyünü bir daha təsdiq edən və işğal olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir:

"Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilən və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilən bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzasızdırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb".

E.Məmmədyarov vurğulayıb ki, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir:

"Buna görə də biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb".

"Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədi ilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır", - nazir deyib.

O vurğulayıb ki, Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət göndərib:

"Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq. Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim edib. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcək.

Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər