Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Muller ilə görüşüb
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə keçən il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ölkəmizdə sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi sahəsində aparılan siyasət və əldə olunmuş tərəqqi barədə məlumat verdi.
Elmar Məmmədyarov ölkəmizin BMT-nin müxtəlif strukturlarında fəal iştirak etməklə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasına və 2017-2019-cu illər üçün yenidən İqtisadi və Sosial Şuraya seçildiyini deyərək Azərbaycanın həmçinin BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak etdiyini vurğuladı. Ölkəmizin BMT-nin 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən nazir Azərbaycanın milli inkişaf strategiyasını Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün bir sıra dövlət proqramlarını qəbul etdiyini bildirdi.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verdi və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğuladı.
M.Muller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirdi. BMT tərəfindən qəbul edilmiş və 17 sahəni əhatə edən “2030: Davamlı inkişaf hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlər görüldüyünü bildirən M.Möller Azərbaycan təcrübəsinin BMT çərçivəsində təşviq edilməli olduğunu vurğuladı.
Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsinə Azərbaycan dövlətinin hədiyyəsi olaraq təqdim edilən “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin mövcud müsbət əməkdaşlığımızın rəmzi nümunəsi olduğunu dedi.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.