Mən bir diplomat kimi işlədiyim sahədə burada, xüsusilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun qaldırdığı və vurğuladığı məsələləri daha dərindən və açıq şəkildə hiss edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayında çıxış edən Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib.
O bildirib ki, ermənilərlə aparılan savaşın 3 cəbhəsi var: hərbi, diplomatik və diaspor:
“Avropanın paytaxtı sayılan Brüsseldə bu 3 cəbhənin hər birini bu və ya digər formada hiss etmək mümkündür”.
Səfir qeyd edib ki, 2015-ci ildə Avropa Şurası rəhbərinin Azərbaycana fövqəladə səfəri və nəinki ölkəmizin ərazi bütövlüyünü tanıması, həmçinin Dağlıq Qarabağın separatçı rejiminin heç vaxt tanınmayacağını açıqlaması böyük hadisə idi:
“2015-ci ilin iyul ayında baş verən bu ciddi hadisədən sonra AB ilə münasibətlərdə qələbə dinamikası özünü göstərməyə başladı. Bu, məhz bizim Prezidentimiz İlham Əliyevin apardığı qətiyyətli siyasətin nəticəsi idi”.
Səfir qeyd edib ki, azərbaycanlıların müdafiəsi ilə diasporun məşğul olması çox önəmlidir:
“Bəzən Azərbaycan dövlətini müdafiə edən, milli savaşımızı aparan fəallara, hətta jurnalistlərimizə qarşı ciddi aktlar həyata keçirilir. Bəzən onların müdafiəsində dövlət olaraq iştirak etmək imkanları olmur, ancaq diaspor bu məsələlərdə daha böyük imkanlara malikdir. Onların müdafiəsini təşkil etmək və genişləndirmək diasporun öz imkanlarını, gücünü də artırır”.