28 Fevral 2018 20:59
3 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli cavablandırıb:

- Sosial şəbəkədə Xocalıya hücum etmiş 366-cı alayın komandiri olmuş, Xocalı soyqırımı ilə bağlı İnterpola verdiyimiz siyahıda başda yer alan Zarviqorov Yuri Yuriyeviçin yaşadığı dəqiq ünvan, əlaqə vasitələri paylaşılır. Onunla əlaqə saxlayanlar da olub. Tez-tez belə fikirlər səslənir ki, nə qədər ki Xocalı şahidləri, bu qətliamın icraçıları sağdır, onlar vasitəsilə həqiqətlər dünyaya çatdırıla bilər. Hüquqi baxımdan Zarviqorov Yuriylə hansı formada əlaqə yaradıb ondan ifadə almaq mümkündür?

- Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını araşdıran İstintaq Komissiyasının işi hələ tamamlanmayıb. Qətliamın iştirakçıları və icraçılarının bir çoxu Rusiyada yaşayırlar, Azərbaycanla Rusiya Federasiyası arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilə var. Bu əməkdaşlıq bir sıra sazişlə də möhkəmləndirilib. Müqaviləyə əsasən, Azərbaycan Rusiya tərəfinə müraciət etməlidir ki, dindirilmə prosesinin təmin olunmasına şərait yaradılsın və ifadə alınsın. Bu proses Rusiya ərazisində də, yaxud onlar Azərbaycana gətirilməklə burada aparıla bilər. Amma həmin şəxslərin Azərbaycana gətirilməsinə icazə veriləcəyinə inanmıram. Çünki ifadədən sonra onlar barəsində həbs-qətimkan tədbiri seçilə bilər. Hətta müqəssir kimi məsuliyyətə cəlb olunduqda belə yenə Azərbaycan Rusiya tərəfinə müraciət etməlidir. Əslində hüquqi baxımdan Rusiya Azərbaycanın istəklərini yerinə yetirməlidir. Analoji cinayətlər həm Rusiya, həm də Azərbaycanın Cinayət Məcəlləsində göstərilib. Rusiya həmin şəxsləri yalnız bir halda Azərbaycana verməkdən imtina edə bilər – o halda ki, Rusiya qanunvericiliyində həmin tip hərəkətlər cinayət sayılmasın. Dəqiq bilirəm ki, hər iki ölkənin qanunvericiliyində eyni müddəalar var, onlar nəinki şahid kimi dindirilə, müqəssir kimi məsuliyyətə cəlb edilə bilər.

- Əməli iş görülməsi üçün hansı addımlar atılmalıdır?

- Bu işə dövlət səviyyəsində müdaxilə etmək mümkündür. Bilirik ki, Ermənistanın bugünkü rəhbərliyi Xocalı qətliamında birbaşa iştirak ediblər. Avropa Şurasında çıxışı zamanı da Serj Sərkisyan bunu etiraf edib. Onların məsuliyyətə cəlb edilməsinin bir neçə qaydası var. Birincisi, Azərbaycan məhkəmələri bu işə baxa bilər, ancaq onların ölkəmizə gətirilməsi qeyri-mümkün haldır. İkincisi, beynəlxalq cinayət məhkəməsi var ki, oraya müraciət edərək istər 366-cı alayın rəhbərləri, eləcə də erməni cinayətkarlarının ifadəsi alına bilər. Lakin bir şərt var ki, həmin məhkəmə yalnız 2002-ci ildən sonra baş vermiş beynəlxalq cinayətləri araşdırır. Üçüncü müstəvi BMT-nin məhkəməsidir ki, burada müraciət edən dövlətlə yanaşı qarşı tərəf də işin baxılmasına razılıq verməlidir. Göründüyü kimi, iki beynəlxalq məhkəmənin bu işi araşdırmaq üçün imkanı yoxdur, cinayətkarların Azərbaycana gətirilib mühakimə edilməsi də real görünmür. Hesab edirəm ki, Yuqoslaviya ilə bağlı məhkəmə kimi Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılması üçün xüsusi məhkəmələrin yaradılması mümkündür. Belə məhkəmələrin yaradılması üçün Cenevrə ilə ciddi müzakirələr aparılmalıdır. Aylardır ictimaiyyət nümayəndələrinin də iştirakı ilə Milli Məclisin müvafiq komitələrində beynəlxalq cinayətlərin araşdırılması və cəzalandırılma ilə bağlı müzakirələr aparılır. Hazırda ekspertiza rəyi və Avropa instansiyalarına göndərilmə mərhələsində idi. Bu qanunun bizə köməyi dəyəcək, ola bilsin Cinayət Məcəlləsində də müəyyən dəyişiklik olsun. Soyqırım cinayətlərinin də araşdırılması daha asan başa gələcək.

- Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə bağlı birgə apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı “oğlumu da götürüb Afrində döyüşməyə hazıram” ifadəniz birmənalı qarşılanmadı. Belə bir niyyətiniz doğrudan da varmı?

- Nurəddin Məmmədli siyasətçi sayılır, əvvəl Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə məşğul idi, indi AXCP-də müavindir, Feysbukda status yazıb adamları mənim əleyhimə şərh verməyə məcbur edirdi. Özü professordur, təəccüblənirəm, doğrudanmı başa düşmür ki, Qarabağımızın sərhədi Afrindən keçir? Dərk edə bilmirlər ki, beynəlxalq güclər bizim vahid türk coğrafiyamızın kiçildilməsi, türk dövlətlərinin ərazilərinin parçalanmasını istəyirlər. Afrindəki uğurlar Qarabağda anti-terror əməliyyatı keçirməyimizə yardımçı ola bilər. Oğlumla bağlı müxtəlif iddialar irəli sürürlər. Mənim oğlum cəbhə bölgəsində hərbi xidmətdə olub. Bacım oğlu könüllü Qarabağ döyüşlərinə yollanıb və şəhid olub. Özüm Qarabağ üçün əlimdən gələni etmişəm, çoxlu silah-sursat, doludağıdan toplar daşımışam, ömrümün çox hissəsini Cəbrayılda, Ağdamda keçirmişəm. Bu gün Qarabağ döyüşləri başlasa, məmnuniyyətlə, mən də döyüşdə iştirak edəcəyəm. Afrindəki döyüşlərə getmək niyyəti o demək deyil ki, öz torpağımız uğrunda savaşdan imtina edirik. Mənim babamın qardaşı Əliqulu Dursunəlioğlu Qafqaz İslam ordusunun sıralarında vuruşub və şəhid olub. Mən babalarımın yolunu getmək istəyirəm. Türkiyəlilərə can borcumuz var. Dediklərim pafosdan uzaqdır. Təəssüf edirəm ki, mənim fikirlərimi mənfi rakursda təqdim elədilər. Onlara yazıqlar olsun.

- Afrin əməliyyatı nə qədər müddət davam edə bilər, “Zeytun budağı”nın perspektivi barədə nə düşünürsünüz?

- Bəzi ekspertlər narahatlıq keçirirlər ki, Afrin əməliyyatı uzandı. Amma buna görə narahat olmağa dəyməz. Çünki türk qoşunları mülki əhalini terrorçulardan ayırmaqla əməliyyatı asta templə keçirməyə məcburdur. Əks halda mülki əhali arasında çoxlu itkilər ola bilər. “Fərat qalxanı” hərəkatı çox ləngidi, ancaq Türkiyə müvəffəqiyyət qazandı. Afrində də Türkiyənin qələbəsi mütləqdir. PYD-nin əsas məqsədi ABŞ və İsrailin köməyi ilə nəzarəti ələ keçirib, İraqda yaradılmış Bərzani hökuməti ilə birləşmək, böyük kürd dövləti yaratmaqla həm Türkiyənin içərisində separatizmi alovlandırmaq, həm də İraq, Suriya və digər ərazilərdə Türkiyənin iştirakçılığını məhdudlaşdırmaq idi. İnanıram ki, narahatlığa əsas yoxdur. Türkiyə yenə bölgədə liderliyi əlində saxlayacaq. Ən böyük dərdimiz Menbiçdir, Afrindən sonra bu bölgəyə hərəkət etmək lazım gələcək, separatçıların kökü kəsilməsə çox çətin olacaq. Şükürlər olsun separatçıların Türkiyə sərhədi ilə əlaqəsi tamam kəsilib, çünki aypara şəklində mühasirə mövcuddur.

- Aprelin 11-də keçiriləcək prezident seçkilərində Vəhdət Partiyası hansı formada iştirak edəcək?

- 10 ildən artıq müddətdir ki, cənab İlham Əliyevin strateji xəttinin müdafiəsi haqda qərar qəbul etmişik. 2016-cı ilin iyununda keçirdiyimiz qurultayımızda yenə də analoji qərar vermişdik. Fevralın 24-də Baş Məclisin iclası baş tutdu və İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul olundu. Azərbaycanda hər şeydən vacib olan sabitlik və inkişafdır. Bu istiqamətdə İlham Əliyevə həqiqətən alternativ yoxdur, əks halda sabitlik pozula bilər. Hələlik Azərbaycanda sabitliyin pozulmasının qarşısını ala bilən lider görə bilmirik. Bu fikirlərimi bəziləri şəxsi maraq yönündən yoza bilər. Bilirik ki, Azərbaycanda demokratiyanın inkişafına da ehtiyac var, amma Suriyada demokratiya şüarı altında 5 milyon insan çölə çıxmışdı, lakin ölkə cəhənnəmə çevrildi. Son onilliklərlə demokratiya uğrunda mübarizədən danışılan hansı dövlət torpaq itirməyib, yaxud böyük təlatümlər yaşamayıb? “Ərəb baharı”nı, Şərqi Avropadakı hadisələri də unutmamışıq. İnsan haqları və demokratiya şüarı heç də həmişə arzuolunan nəticələr vermir. Bizim üçün başlıca məsələ sabitlikdir.

- Müxalifətin seçkidə iştirak etməməsi barədə qərarına münasibətiniz necədir?

- Onların arqumentləri budur ki, seçkilərin vaxtı irəli çəkilib, hazır deyillər. Müxalifət illərdir fəaliyyət göstərsə də, fors-major vəziyyətinə və seçkiyə hazır deyilsə, deməli, o partiyanın gücü yoxdur, səfərbərlik edə bilmir. 2003-cü ildə heç vaxt seçkilərin irəli çəkilməsinə etiraz etməzdilər. Hələ çox çağırışlar eşidirdik ki, seçkilər vaxtından tez keçirilsin. O vaxt müəyyən gücləri vardı, indi isə kifayət qədər elektoratları yoxdur, iqtidarla mübarizə imkanları hədsiz məhduddur, özlərinin gələcək məğlubiyyətini sığortalamaq üçün belə addım atırlar. Seçkiyə getməyən insanlar olsalar belə onlar müxalifətin çağırışına görə deyil, öz şəxsi qənaətlərinə əsasən bu addımı atacaqlar. İstənilən dövlətdə təqaüdə, yaxud sosial problemlərə və ya dolanışığa görə narazı kütlə var. Bu, inkarolunmazdır. Seçkidə iştirakdan imtina etmək səhv metoddur. Gücün yoxdursa, müəyyən dayaqlar əldə etməlisən ki, öz partiyanı yaşadasan, müxalifətin birliyini qoruyub saxlayasan. Açıq danışıram, bu gün AXCP və Müsavat güclü müxalifət partiyası olduqlarını iddia edirlər, onların bir-birinə nifrəti iqtidardan daha böyükdür. Onlar axı necə birləşib mübarizə apara bilərlər? Ana müxalifət uğurunda mübarizə aparırdılar, bu proses də sönüb. Təəssüf ki, müxalifətin zəifliyi göz qabağındadır, seçkidə iştirakdan imtina da bununla bağlıdır.

- Uzun illər sonra parlamentdə təmsil olundunuz, adaptasiya ola bildinizmi? Deputat seçiləndə Milli Məclisdə sakit dayanmaq niyyətində olmadığınızı demişdiniz, amma 3 il ərzində ciddi təkliflərinizi eşitmədik, yoxsa oldu, amma media yazmadı?..

- Mətbuat Şurasının sədri Əflatun Amaşov bu yaxınlarda parlament jurnalistlərinə müraciət etdi ki, Tahir Kərimli bu qədər savadlı çıxışlar edir, nə üçün işıqlandırmırsınız? Bir az bu çağırışa pis oldum. Mən çıxışımı edirəm, populizmə ehtiyacım yoxdur, şöhrət dalınca düşmürəm. Milli Məclisin elə bir plenar, yaxud komitə iclası yoxdur ki, çıxış etməyim. Görünür, mətbuatla yaxşı işləyə bilmirəm. Qanunlar, siyasi məsələlərlə bağlı həmişə öz mövqeyimi bildirirəm. Parlamentin sonuncu stenoqramında, 49-cu cildə 3 çıxışım öz əksini tapıb. Silahlı qüvvələrlə bağlı təklifim, eləcə də bankdan dollarla alınan kreditlər və digər aktual məsələlərlə bağlı çıxışlarım öz əksini tapıb. Mən nə edim ki, xalqın xəbəri olmur.

- Kreditdən söz düşmüşkən, deyəsən problemli kreditlərdən siz də əziyyət çəkirsiniz. Sizcə, bu il manatın məzənnəsi sabit qalacaq?

- Manatın devalvasiyaya uğrayacağını düşünmürəm. Rusiyada da əks proses gedir. Neft bahalaşdıqca rublun məzənnəsi möhkəmlənir. Azərbaycanda belə qorxu yoxdur, sabit valyuta ehtiyatlarımız var. Süni müdaxilə olmazsa, manatın məzənnəsinin qalxacağını gözləmirəm. Problemli kreditlərə gəlincə, dəfələrlə şəxsən özüm, iqtisadçılar Əli Məsimli, Vahid Əhmədov və digər həmkarlarım çıxış edərək problemin həlli istiqamətində təkliflər irəli sürüblər. Maliyyə nazirinə də müraciət etmişəm ki, Azərbaycan xalqının manatın devalvasiyasında heç bir günahı yoxdur. Dollarla kredit götürənlər böyük problem yaşadı. Şəxsən özüm və ailəmdə də belə bir problem var. Borclar üç yerə bölünməli, üçdə birini dövlət, üçdə birini kommersiya bankı, digər üçdə birini isə vətəndaş ödəməlidir. Dövlət qurumları da, xalq da əziyyət çəkir. Mənim başqa təklifim bundan ibarətdir ki, Neft Fondundan vəsait ayıra, 5 min dollara qədər kreditlər silinə bilər. Hesab edirəm ki, dövlətimizin buna imkanı çatar.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər