Şərqi Quta ilə bağlı Amerika və Rusiya arasında siyasi oyun gedir. Bu oyun ondan ibarətdir ki, İŞİD üzərində parlaq qələbənin elanından sonra Suriyada vətəndaş müharibəsi davam edir.
Əslində Bəşər Əsəd rejimi Rusiya, İran və “Hizbullahın” dəstəyi ilə 80 faiz ərazini nəzarətə götürə bilib. Ancaq qalan 15-20 faizlik ərazidə müxtəlif qüvvələr fəaliyyət göstərir. O cümlədən barışmaz islamçı qüvvələr. Hansı ki, onların maliyyə dəstəyi Qətər və Səudiyyə Ərəbistanından gəlir. Bundan başqa, birbaşa Qərbə boyun əyən qiyamçılar da var. ABŞ onları demokratik qiyamçı adlandırır və onlara toxunmağa imkan vermir. Üstəlik kürdlər də var və onları ABŞ müdafiə edir, onlardan gələcək Kürdüstan dövlətinin özəyi kimi istifadə etməyi planlaşdırır. Bunu da Türkiyə qəbul etmir. Türkiyə də buna qarşı mübarizə çərçivəsində türkman və digər qiyamçı ərəblərdən istifadə edir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, belə bir mürəkkəb vəziyyətdə Quta məsələsi ortaya çıxır:
“Quta Dəməşqə birləşmiş ərazidir. Məsələn, bizim Əhmədli qəsəbəsi kimi yerdir. Qutanı qiyamçılar nəzarətdə saxlayır və hərdən Dəməşqin mərkəzinə atəş açır. Üstəlik dəfələrlə rus əsgərlərini minaatanlar vasitəsilə atəşə tutublar. Bu da, Bəşər Əsədi boğaza yığıb. Fevralın 7-də Deyir ər-Zor yaxınlığında ABŞ qırıcıları rusların muzdlu əsgərlərini qırdı. Bu da Putinin səbr kasasını doldurdu və rus kəşfiyyatının dediyinə görə, Qutadakı qiyamçıları ABŞ təlimatçıları idarə edir və öyrədir. Beləcə, göstəriş verildi ki, rus aviasiyası Qutanı bombalasın. Bombalayanda da mülkü əhali ölür. Dinc camaat öləndə də Qərb şivən qopardı ki, imkan verməyin, rus aviasiyası xalqı qırır. Bu halda Rusiya dedi ki, gəlin 1 aylıq Suriya ərazisində atəşkəs elan edək və imkan verək ki, dinc əhali döyüş məntəqələrindən çıxsın. Qərb də məcbur olub buna razı oldu. Çünki Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququ var və istənilən qərarı dondura bilər. Donduranda da bu qərar artıq qanunsuz olur. BMT qərar verdikdən sonra Bəşər Əsəd və Rusiya elan etdi ki, Qutadan çıxış üçün bir neçə humanitar dəhliz açıb. Və bildirildi ki, hər gün saat 10:00-dan 15:00-a qədər mülki əhali Qutanı tərk edə bilər. Ancaq ABŞ-ın idarəsində olan qiyamçılar imkan verərmi ki, mülki əhali Qutadan çıxsın?”
Əlizadə əlavə edib ki, əgər dinc əhali Qutadan çıxsa, rus aviasiyası Qutanı xarabalığa çevirəcək və orada bir sağ adam qalmayacaq:
“Odur ki, qiyamçılar dinc əhalinin dəhlizlər vasitəsilə Qutadan çıxmasına imkan vermir. Əksinə, çalışırlar ki, dinc əhali Qutada qalmaqda davam etsin. Dinc əhali qaldığı halda ruslar Qutanı bombalasa, şivən qaldırılacaq ki, bu, bəşəriyyətə qarşı cinayətdir. Bax, belə bir siyasi oyun gedir. Təsəvvür edin ki, əhalinin Qutadan çıxması üçün şərait yaradılıb. Hətta təcili tibbi avtomobillər də dəhlizlərdə dayanıb, Qırmızı Xaçın nümayəndələri də oradadır. Jurnalistləri də ora dəvət edib göstərirdilər ki, biz Qutadan əhalinin çıxması üçün şərait yaratmışıq. Ancaq dünən bu dəhlizlər vasitəsilə bir adam belə Qutadan çıxmadı. Niyə çıxmırlar? Kim ölmək istəyər? Axı qiyamçılar qoymur ki, dinc əhali oradan çıxsın. Nəzərə alın ki, bu halda dinc əhali onlar üçün canlı zireh rolunu oynayır. Qiyamçılar da hesablayır ki, onları öldürsələr, hamı sevinər, amma mülki əhalini ödürəndə bu, Rusiya və Əsəd üçün biabırçılıq və utancverici hal olacaq”.
Politoloq hesab edir ki, indi Putin və Bəşər Əsəd çıxılmaz durumdadır:
“Onlar Quta məsələsini həll etməlidir. Çünki Qutada qiyamçıların nüvəsini dağıtmasalar, bu, genişlənə bilər. Söhbət Dəməşqə yaxın bir yaşayış məntəqəsindən gedir. Əslində, bu ərazinin qiyamçıların əlində olması ağlasığmazdır. Əgər vətəndaş müharibəsini qurtarmaq və hansısa sülh yolunu seçmək istəyirlərsə, özlərini ağa kimi aparan və maliyyə sponsorlarının təklifi ilə razılığa gəlməyən müxalifəti vurub əzməlidirlər. Məncə, əhalini Qutadan çıxmağa qoymayandan sonra da, oranı bombalayacaqlar. ABŞ Mosulu bombalayanda İraq əhalisi ilə hesablaşırdı? ABŞ haranısa bombalayanda kimlə hesablaşır ki? İsrail Qəzzanı vurur və yüzlərlə uşaq ölüb. Sonrada deyir ki, mən özümü müdafiə edirəm, neyləyim ki, orada uşaqlar da var. Dinc əhalinin müharibə zamanı həlak olması bəşəriyyətin naqisliyinin göstəricisidir”.