3 Mart 2018 18:13
12 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı politoloq, Qərbi Kaspi Universitetinin professoru, keçmiş diplomat Fikrət Sadıqovdur.

Tanıtım: Fikrət Yaqub oğlu Sadıqov 1945-ci ilin dekabrında Bakıda anadan olub. Paytaxtdakı 160 saylı məktəbdə orta, 1963-1968-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəbşünaslıq şöbəsində ali təhsil alıb. Yaxın Şərq ölkələrində diplomatik xidmətdə olub. 1974-1985-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif işlərdə çalışıb, Mətbuat və İnformasiya İdarəsinin rəisi vəzifəsinədək yüksəlib. Müşavir diplomatik rütbəsinə malikdir. 1985-92-ci illərdə rəsmi dövlət informasiya agentliyi – “Azərinform”un (hazırda Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC) baş direktorunun müavini, baş direktoru işləyib. Sonrakı dövrdə Prezident yanında Dövlət İdarəçilk Akademiyasında çalışıb. 1996-cı ildən Qərbi Kaspi Universitetinin professorudur. Bu ali məktəbin fəxri professoru seçilib.

Diplomatiya və diplomatik xidmət, beynəlxalq münasibətlər sahəsində 5 kitabın, bir sıra politoloji tədqiqatların müəllifidir. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1982-ci ildən 1985-ci ilədək Azərbaycan Televiziyasında “Təzadlar” verilişinin aparıcı olub. Prezident İlham Əliyevin 2016-cı il noyabrın 7-də imzaladığı sərəncamla Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Vəfa Quluzadə zəng vurub dedi ki…

Səxavət Həmid: – Fikrət müəllim, bir neçə gündən sonra Azərbaycanın ən böyük universal beynəlxalq təşkilat olan BMT-yə üzv olmasının 26-cı ildönümü tamam olacaq (Qeyd edək ki, F.Sadıqov redaksiyamızda fevralın 27-sində olub. - S.Həmid). Bu mühüm tarixi gün yaddaşınızda necə qalıb?

– 1992-ci ildə Azərbaycan müstəqilliyin ilk ilini yaşayırdı. Artıq bir sıra dövlətlər bizi tanıyırdı. Türkiyə, Rumıniya, Pakistan və İranla diplomatik əlaqələr qurulmuşdu. Bir sıra beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə üzv olmaq da bizim hamımızın arzusu idi. Əgər detalları bilmək istəyirsinizsə, deməliyəm ki, mənə bunu o dövrdə prezidentin köməkçisi işləyən Vəfa Quluzadə zəng vurub xəbər verdi. Ümumiyyətlə, o mənə vaxtaşırı hökumət telefonu ilə zəng vurur, deyirdi ki, filan ölkə bizi tanıdı. Bundan dərhal sonra faksla həmin ölkənin bəyanatını göndərirdi. BMT-yə üzv olmağımızı da Vəfa zəng edib dedi. Mən dərhal dedim ki, artıq məlumatı hazırlayıram, siz onu rəsmi şəkildə mənə göndərin. Üstündən 15 dəqiqə keçməmiş Vəfa məlumatı göndərdi. Beləliklə, ilk dəfə biz Azərbaycanın BMT-yə üzvlüyünə dair xəbəri yaydıq. Azərbaycan Televiziyası xəbəri verəndən dərhal sonra Azərbaycanın dövlət himni səsləndirildi. Sabahısı gün qəzetlər bu xəbəri əsas xəbəri kimi öz səhifələrində yerləşdirdilər.

Əlbəttə, bu xəbəri ilk eşidən Vəfa da, mən də, bizim işçilər də, daha sonra bütün Azərbaycan xalqı qürur hissi keçirirdi, sevinirdi. Çünki burda bir məqam da var idi. Biz BMT-yə çox böyük ümidlər bəsləyirdik. Artıq Ermənistnla müharibə vəziyyətində idik və BMT-dən köməklik gözləyirdik. Amma çox təəssüf ki, onlar az sonra bu məsələni ovaxtkı ATƏM-in, indiki ATƏT-in üstünə atdılar. ATƏT də həmin il Minsk Qrupunu yaratdı, sonra atəşkəs elan olundu və Minsk Qrupunun “fəaliyyəti” sizə yaxşı bəllidir. 26 ildir bu işlə məşğuldurlar və heç bir nəticəsi yoxdur. Mən yaxın gələcəkdə də onlardan hansısa müsbət təklif gələcəyini düşünmürəm.

Xocalı faciəsi ilə bağlı təhrifdən söhbət gedə bilməz

Ruslan Xəlil: – Xocalı faciəsi baş verəndə “Azərinform”da işləyirdiniz?

– Bəli, mən həmin vaxt baş direktorun müavini idim. Baş direktorumuz isə rəhmətlik Azad Şərifov idi. Əlbəttə, dəhşətli xəbər idi.

– Səhv etmirəmsə, “Azərinform” həmin xəbəri bir qədər təhrif edilmiş formada vermişdi…

– Xeyr, heç bir təhrifdən söhbət gedə bilməz. O vaxt bizim Xocalıda müxbirimiz yox idi. Çünki Xocalıda olan bölgə müxbirini ermənilər kənarlaşdırmışdılar. Bizə o xəbəri çatdıran digər bölgə müxbirimiz oldu. Başqa bölgədə yerləşən məntəqəmizdən müxbirimiz bizə dedi ki, belə bir hadisə baş verib. Biz o xəbəri alan kimi yaydıq. Yaxşı yadımdadır. Hətta başlıq da indiyədək yadımdadır: “Xocalı od içində”. Amma hadisənin təfsilatları hələ məlum deyildi, bu, növbəti günlərdə bəlli oldu. Çünki ora hərbçilər getdi, onlara vertolyot göndərdilər. Təbii ki, biz bundan sonra digər məlumatları da yaydıq. Biz Xocalı faciəsi ilə bağlı məlumatı hətta dəqiq informasiya olmadan verdik. İki gün sonra isə bu xəbərə şərhlər verilməyə başladı. Ona görə də mən bilmirəm, indi bu şayiəni yayanlar kimlərdir.

Düzdür, rəhbərlik bunu etmək istəmirdi, xalqı qıcıqlandırmaq, onlarda özünə nifrət yaratmaq istəmirdi. Amma biz Xocalı ilə bağlı xəbəri alan kimi, dərhal verdik.

Şuşa işğal olunanda isə mən artıq agentliyə rəhbərlik edirdim. Yadımdadır ki, Şuşanın işğal olunması xəbərini mən şəxsən göz yaşı içində KİV-lərə göndərirdim. Çünki mənim nəslim şuşalıdır. Təbii ki, Azərbaycanın digər rayonları da mənə doğmadır. Amma Şuşa dədə-baba şəhərimdir. Şuşanın işğalı mənə çox mənfi təsir edən bir məqam oldu.

Silahla üstümüzə gəlirdilər

Pərviz Cəbrayıl: – Deyəsən, prezident Ayaz Mütəllibov “Xocalıda nə baş verdiyini bilmirik” deyərək hadisəni 4 gün gizlətmişdi. Əgər dövlət başçısı belə deyirsə, təbii olaraq “Azərinform”un da başqa hansısa məlumat yaymağa ixtiyarı ola bilməzdi…

– Tamamilə doğrudur. İş ondadır ki, çox mürəkkəb bir dövr idi. Ümumiyyətlə, mənə elə gəlir ki, 1980-ci illərin axırları, 1990-cı illərin əvvəli Azərbaycanın müasir tarixinin ən qalmaqallı, ən ziddiyyətli, ən mürəkkəb dövrüydü. Çoxhakimiyyətlilik hökm sürürdü. Düzdür, tarixdə bu fikri daha çox Rusiyaya aid edirlər. Bildirilir ki, 1917-ci il fevral burjua-demokratik inqilabından oktyabr çevrilişinədək olan dövrdə Rusiyada ikihakimiyyətlilik olub. Bizdə isə qeyd etdiyim dövrdə çoxhakimiyyətlilik mövcud idi. Bir tərəfdən Mütəllibov idi, sonra Yaqub Məmmədov gəldi, onlardan heç də zəif olmayan Xalq Cəhbəsi var idi. Vəzirov qaçdı, Mütəlibov qaçdı, Elçibəy qaçdı. Digər partiyaların sədrləri öz mənafelərinə uyğun məlumatlar çatdırmaq istəyirdilər. Onlar hətta, adamlarını da redaksiyaya göndərib bildirirdilər ki, bunu elə yazmamalısınız, belə yazmalısınız. Biz bunu görərək bu vəziyyətdə öz üzümüzü itirməməyə çalışırdıq. Həm xəbər oxucuya gedib çatsın, həm də partiyalardan, qüvvələrdən redaksiya ziyan görməsin. Çünki onlar hamısı silahlı adamlar idi, silahla agentliyə gəlirdilər. Heç bir dövlət orqanı da bunun qarşısını ala bilmirdi. Çox mürəkkəb vəziyyət idi. Ona görə də Heydər Əliyev həqiqətən Azərbaycanı xilas etdi. Yenə deyirəm, dəhşətli bir dövr idi.

Onu nə respublika rəhbərliyi, nə də Xalq Cəbhəsi qəbul edirdi

Zahid Nurəliyev: – Sizi həmin vəzifəyə Mütəllibov təyin etmişdi?

– Yox, məni həmin vəzifəyə 1992-ci il aprelin 3-də respublika prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov təyin etmişdi. Bunadək baş direktorun müavini işləyirdim. Müavin vəzifəsinə də Kamran Bağırov birinci katib olarkən, 1980-ci illərin axırlarında təyin olunmuşdum. Müəyyən dövrdən sonra Azad Şərifovun yerinə məni təyin etdilər.

– Bu dəyişiklik nə ilə bağlı idi?

– Azad Şərifovu ordan uzaqlaşdırmaq istəyirdilər. Çünki Azad Şərifovun rəhbərliklə və digər qüvvələrlə münasibəti kəskin şəkildə pozulmuşdu. Onu nə respublika rəhbərliyi, nə də Xalq Cəbhəsi qəbul edirdi. Çox maraqlı bir situasiya yaranmışdı.

– Buna nə səbəb olmuşdu?

– Səbəbi çox sadə idi; o, həm respublika rəhbərliyi, həm də Xalq Cəbhəsi ilə yaxşı olmaq istəyirdi. Onlar da yuxarıdan dedilər, sən ya bizə işlə, ya da birmənalı şəkildə onlarla fəaliyyət göstər, biz işimizi bilək. Bu rəhbərliyə “hə” dedi, amma eyni oyunu oynamağa davam edirdi. Nəhayət, vaxt gəldi və onu işdən çıxardılar və məni təyin etdilər. Lakin mən buna heç də sevinmədim. Çünki mən hansı dövrdə yaşadığımı, məni hara təyin etdiklərini başa düşürdüm. “Azərinform” yeganə informasiya agentliyi idi. Ona görə də mən orda çox işləmədim. 1992-ci ilin avqustunda agentlikdən getdim.

İndi oğlum XİN-də işləyir

– Agentlikdən getməklə yanaşı, deyəsən ümumiyyətlə media sektorundan uzaqlaşdınız…

– Bu sual hər dəfə veriləndə cavabım eyni olur: mən media sektorundan uzaqlaşmamışam. İranda, daha sonra Tacikistanda səfir olan Abbasəli Həsənov mənə zəng vurur, deyir Fikrət müəllim, diplomatiyadan niyə uzaqlaşmısınız? Siz də deyirsiz, mediadan niyə uzaqlaşmısınız? Halbuki, mən nə media sahəsindən, nə də diplomatiyadan uzaqlaşmışam. Ona görə ki, mən media sahəsinin içərisindəyəm, media ilə bağlılığım çox sıxdır, yazıram, çıxışlar edir, müsahibələr verirəm. İndi tale elə gətirdi ki, mən diplomatiyadan qismən uzaqlaşmalı oldum. Çünki uzun illər ərzində diplomatiya ilə məşğul olmaq olmaz. Gənclər gəlir, artıq mənim oğlum Xarici İşlər Nazirliyində, nazirliyin kosulluq idarəsində işləyir. Vaxtilə İtaliyada konsul olub, indi Bakıda işləyir. Belə deyək, mən öz dövrümü keçdim. Diplomatiya ilə media sahəsini sintez etdim, politoloji tədqiqatlara başladım.

Mütəllibov çox zəif, biganə, soyuqqanlı siyasətçi idi

– Mütəllibovla bağlı fikirləriniz necədir? Onu necə xarakterizə edirsiniz?

– Onunla sıx işləməmişəm. Mütəllibov o dövrdə əvvəlcə birinci katib seçildi. Sonra prezident oldu. Mənə belə gəlir ki, o cür prezidentin olması elə olmamağa bərabərdir. Çünki Mütəllibov olduqca zəif bir insan idi. O, ermənilərin hansı şəhərlərə hücum etdiyini bilsə də, heç bir reaksiya vermirdi. Məsələlərə çox arxayın, soyuqqanlı yanaşırdı. Ona zəng vurub deyirdilər ki, Ayaz Niyazoviç, hansısa kənddə, hansısa bölgədə qan tökülür, vertolyotları göndərmək lazımdır. O, biganəlik nümayiş etdirirdi. Bir tərəfdən ziyalı insan idi, ziyalı ailəsindən çıxmışdı. Amma düşünürəm ki, belə mürəkkəb dövrdə Mütəllibov prezident kimi öz missiyasını axıradək yerinə yetirmədi. Nəinki Mütəllibov, Vəzirov, Elçibəy də… Üçü də qaçdı. Azərbaycanın 4 rəhbəri vəziyyətə rəhbərlik etmək istəmədi. Başladılar kimisə günahkar çıxarmağa; o ora getməli idi, bu bura qayıtmalı, o biri elə yazmalı idi… Özləri qaçdı, bizi də girov saxladılar.

– Belə bir fikir var ki, 1990-cı ildə Mütəllibovun, yoxsa Həsən Həsənovun Azərbaycana rəhbər təyin olunması müzakirə mövzusu olub…

– Vəzirovun qaçmasından sonra kimisə birinci katib seçməli idilər. Bu vəzifəyə 4 nəfərdən birinin – Mütəllibovun, Həsənovun, Bakı şəhər Partiya Komitəsinin birinci katibi Müslüm Məmmədovun və Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Artıq məsələ həll olunmuşdu. Qorbaçov Mütəllibovun olmasını istəyirdi. Amma formal şəkildə dördü də Moskvaya dəvət olundu və Mütəllibovu birinci katib təyin etdilər. Həsən Həsənov isə Nazirlər Sovetinin sədri vəzifəsinə keçdi.

– Yəqin, Mütəllibovun xarakterinin zəif olması bu təyinatda əsas rol oynayıb.

– Təbii ki, Mütəllibov Moskvanı, Qorbaçovu çox qane edirdi. Çünki dəhşətli hadisələr baş verirdi. Dağlıq Qarabağdakı separatçılıq hərəkatı artıq Ermənistanın işğalçılıq müharibəsinə çevrilmişdi. Kəndlər, rayonlar bir-bir işğal olunurdu. Bu baxımdan görünür, Mütəlibov kimi siyasətçi Qorbaçovu çox qane edirdi. Ancaq, əlbəttə, o, sovet dövründə bəlkə də yaxşı bir rəhbər ola bilərdi və yaxşı rəhbər idi. Yüngül sənaye naziri işlədi, sonra Dövlət Plan Komitəsinin sədri, daha sonra Nazirlər Sovetinin sədri – baş nazir oldu. İqtisadçıdır, pis iqtisadçı deyil. Amma belə bir mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək hər adamın işi deyil. Bu reallıqdır. Mən bunu olduğu kimi deyirəm. Heç vaxt bundan çəkinməmişəm.

Ermənilər Moskvadan gələnlərə dedilər ki…

S.Həmid: – Fikrət müəllim, bilirik ki, 1988-ci il fevral ayında, separatçılıq hərəkətləri yenicə qızışdığı dövrdə Xankəndidə olmusunuz. Bu səfər barədə məlumat verməyi xahiş edirik…

– Məni ora rəhbərlik göndərmişdi. Belə ki, Dağlıq Qarabağda separatçılıq hərəkatı başlayandan sonra bir qrup rəhbər işçilər, o cümlədən Həsən Həsənov, Lidiya Rəsulova, DTK-nın sədri və digərləri Xankəndinə göndərildi. Məqsəd guya erməni separatçılarla danışıqlar aparmaq idi. Sözsüz ki, bunlar hamısı oyunlar idi, – biz bunu sonradan başa düşdük. Artıq Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-ə birləşmək barədə qərar qəbul etmişdi. Özü də bu qərar azərbaycanlıların iştirakı olmadan baş vermişdi. Bu, Azərbaycan Konstitusiyasına tam mənada zidd idi. Onların qanunla belə bir ixtiyarı yox idi. Mən Xankəndidə meydanda radikal ekstremistlərin ön sıralarda dayandığını gördüm. Onların parıldayan gözlərinə baxanda başa düşdüm ki, camaatı idarə edən həmin bu qruplaşmalardır. Qorbaçov Xankəndinə dərhal iki nəfər göndərdi. Biri Mərkəzi Komitənin katibi Razumovski, digəri Siyasi Büronun üzvü Demiçev idi. Hər ikisi gəlib guya müşavirə keçirəcəkdi. Deməli, rəyasət heyətində Moskvadan gələnlər oturub, zavod, fabrik işçisi ermənilər qadınlı-kişili bir-bir çıxış edib üzlərini onlara tutaraq deyirlər: “Siz bura niyə gəlmisiz? Axı biz bu məsələni sizinlə həll etmişik”. Daha sonra adlar çəkilir, ermənilər deyirlər ki, filankəs, filankəs bizə dedi ki, artıq məsələ həll olundu, siz artıq narahat olmayın, Dağlıq Qarabağın taleyi sizin dediyiniz kimi həll olundu. Hər ikisi başını aşağı salıb nəsə yazırdılar, heç biri cavab vermədi. Nə deyə bilərlər? Sən demə, onlar bu məsələni bizim arxamızda çoxdan həll eləyiblər və bütün proseslər görüntü xarakteri daşıyan proseslər idi.

Sonra ora Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov və Mərkəzi Komitənin ikinci katibi Konovalov da gəldi. Onlar da heç bir addım ata bilmədilər. Bunu da açıq etiraf etmək lazımdır ki, ermənilər hələ sovet dövründə Qarabağın Azərbaycanın tərkibindən çıxması məsələsini dəfələrlə qaldırmışdılar. Onlara bu imkanı verməyən bir şəxs olub ki, o da Heydər Əliyev idi.

Bağırova Moskvadan deyirdilər ki, ermənilərin…

P.Cəbrayıl: – Ermənilərin bu fikirlərindən sonra da Azərbaycan rəhbərliyində heç bir hərəkətlənmə, müdafiə mövqeyinə keçmək olmadı?

– Heç bir hərəkətlənmə olmadı. Kamran Bağırov da çox zəif insan idi. Ona Moskvadan deyirdilər ki, güc tətbiq etmək olmaz. Gedin onlarla məsələni siyasi yolla həll edin. Gərək heç bir güc tətbiqi olmadan məsələ həll olunsun. Onların nəyə ehtiyacları olduğunu öyrənin, onların ehtiyaclarını ödəyin. Biz Dağlıq Qarabağda vilayət partiya komitəsində olanda Yesaulyan soyadlı milis rəisi ilə söhbətim oldu. O, Azərbaycan Konstitusiyanı götürüb havada yelləyib dedi: “Əşşi, bu kimə lazımdır e… Siz xalqdan soruşun, görün, xalq nə istəyir?!” Mən dözmədim, dedim bu konstitusiyanı həmin xalq təsdiq edib, buna səs verib, sən indi nə demək istəyirsən? Qayıtdı ki, xalq indi yenidən fikrini dəyişmək istəsə… Dedim, fikrini dəyişmək istəsə, məsələni sivil formada qaldırmaq lazımdır və əgər konstitusiyaya uyğun olsa, o vaxt bu məsələ yenidən tərcümə oluna bilər. Amma meydana çıxmaqla, azərbaycanlıları qovmaqla məsələ həll olunmur axı… O bir az coşqun insan idi, hirsləndi, qapını çırpıb getdi.

Xankəndində Qarabağın itirildiyini aydın görmək olurdu

Vilayət partiya komitəsinin katibi ilə söhbətimdə də o dedi ki, biz Azərbaycanın tərkibində qalmaq istəmirik, bizim öz dilimiz var və sair. Dedim, a kişilər, siz nədən danışırsız? Siz Yerevan televiziyasına baxırsız, Stepanakertdə pedaqoji institutunuz var, sizin məktəblərdə Yerevandan gələn dərsliklər əsasında dərslər keçirilir. Heç bir lövhə, plakat Azərbaycan dilində yazılmayıb. Özü də Dağlıq Qarabağ çox inkişaf etmiş bir regiondur. Siz nədən narazısız? Biz sizə neyləmişik? Yox, biz vaxtilə müstəqil dövlət olmuşuq. Deyirəm, nə vaxt? Deyir, eramızdan əvvəl. Deyirəm, eramızdan əvvəl dünya xəritəsi tamam başqa cür idi. Sən eramızdan əvvəlki dövrə qayıtmaq istəyirsən? Özü də sən bunu sübut edə bilməzsən axı… Sənin sənədin var? Əlində hansısa faktların var? Yoxdur. Sən bunu havadan danışırsan. Amma reallıq budur ki, İrəvan xanlığı mövcud olub. Bunu siz də yaxşı bilirsiz. İrəvan xanlığında kim yaşayırdı? Fransızlar, ermənilər yaşayırdı? Yox, azərbaycanlılar yaşayırdı. Dedim, hətta adı xanlıqdı. Dedim, hətta soyadlarınız da türk mənşəlidir. Xanzadyan, Köçəryan və sair. Bir misal gətirdim – Allahverdiyan. Bu, Allah sözündəndir. Ermənilərdə Allah anlayışı var? Deyir, yox, vaxtilə türklər bunu bizə boyunduruq kimi keçiriblər. Bax, bu cür söhbətlər gedirdi. Ancaq mən orda başa düşdüm ki, məsələ olduqca ciddidir və əgər Moskvada, digər yerlərdə bunu sadələşdirmək istəsələr də, bunun heç nəticəsi olmayacaq. Belə getsə, biz Qarabağı itirəcəyik.

Onun acığına, dedim, mənə çay gətirin, özü də armudu stəkanda

Xankəndində bundan əvvəl də olmuşdum. O zaman separatçılıq hərəkatı başlanmasa da, həmin əhval-ruhiyyə yaranmışdı. Bir qrup nahar edəndən sonra erməni qəzetinin baş redaktoru dedi ki, biz ancaq qəhvə içirik, siz qəhvə içəcəksiz, yoxsa çay? Bu, ona işarə idi ki, biz avropalaşmış bir millətik, sizin kimi çay içmirik. Qəhvə ətri burnumu vurdu, çox istədim ondan içəm. Amma onların acığına, dedim, mənə armudu stəkanda limonla çay gətirin. Üzünü turşutdu gətirdi. Yəni belə xırda nüanslar var idi. Onlar mənim yaddaşımdan silinməyib.

Sözsüz ki, o dövrdə Azərbaycan rəhbərliyi çox zəiflik nümayiş etdirdi. Ermənistanda tamamilə başqa bir vəziyyət idi. Onların birinci katibi Arutunyan camaatı arxasınca aparan bir insan idi. Amma bizdə qorxur, çəkinirdilər. Hər şeyi Moskva ilə razılaşdırırdılar. Bax belə bir vəziyyət hökm sürürdü. Mən bunun səbəblərinin nə olduğunu bilmirəm. Bəlkə də bu zəiflik o vaxtkı rəhbərlərdən kiminsə qanında nəyinsə olmasına görə idi. Amma bizim də günahımız vardı. Biz o dövrdə sərt iradə göstərmədik. Bu həqiqətdir və bunu açıq etiraf etmək lazımdır.

Atam rəis idi, amma radioda Ankaraya qulaq asırdı

– Ermənilərin bu sərsəm “Böyük Ermənistan” ideyaları barədə Azərbaycanda hər zaman məlumatlı olublar. Bəs nəyə görə azərbaycanlılarda özünüqoruma instinkti yaranmırdı?

– Xalqı günahlandırmaq olmaz. Xalqın içində istedadlı insanlar da, iradəli şəxslər də var. Sadəcə, rəhbərlik edən adamlar iradəli, sərt addımlar atan adamlar olmayıb. Sovet dövründə Moskvanın etirazına baxmayaraq, Azərbaycan dilini dövlət dili elan edən Mirzə İbrahimov və İmam Mustafayev kimi, Novruz bayramını dövlət səviyyəsində qeyd etməyə nail olan Şıxəli Qurbanov kimi çox güclü ziyalılarımız, dövlət rəhbərlərimiz, Əlövsət Quliyev kimi güclü, vətənpərvər, iradəli tarixçilərimiz olub, indi də var. Amma ola bilsin, zəif insanlarımız da çoxdur. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ikinci xanımı, milliyyətcə azərbaycanlı olan Sürəyya bir müsahibəsində bildirmişdi ki, Azərbaycanın İranın tərkibindən çıxması və müstəqilliyini elan etməsi böyük faciə ola bilər. Yəni, bu cür hallar da var.

Bir məqama da toxunmaq istəyirəm. Sovet dövründə Azərbaycana Moskva tərəfindən böyük təzyiqlər var idi. Onlar həmişə qorxurdu ki, Azərbaycan Türkiyə ilə yaxınlıq etməyə başlayacaq. Rəhmətlik atam Zaqafqaziya Dəmir Yolu kimi böyük bir idarənin siyasi şöbəsinin rəisi olub. Mən məktəbli idim, görürdüm ki, atam evə gələndə radionu işə salıb Ankaraya qulaq asır. Onun daxilində bu sevgi var idi və o, tək deyildi. Bunu bir çoxları edirdi. Ermənilər və gürcülərə münasibətdə Moskvanın qorxusu yox idi, çünki orda dini amil var. Onlar ermənilərin, yaxud gürcülərin türklərlə yaxınlıq edə biləcəyindən narahat deyildilər. Ona görə də ermənilərə çox şeylər bağışlanırdı, onlara çox məsələdə güzəştə gedilirdi. Buna görə də ermənilər Qarabağ məsələsini qaldıranda Moskva onlarla razılaşdı. Onlar bu gün də ermənilərin müdafiəsində dayanıblar. Sadəcə, dolayı yollarla, müxtəlif üsullarla edirlər bunu. Ermənistan onlar üçün platsdarm, forpost, dayaq nöqtəsidir. Onların Azərbaycana o dərəcədə inamı yoxdur. Reallıq budur.

İran inqilabından sonra diplomatların Bakıya axını başladı

S.Həmid: – Azərbaycan SSR-in Xarici İşlər Nazirliyinin funksiyası nədən ibarət idi?

– Çox şadam ki, mənim danışdıqlarımdan asılı olmadan sizdə belə bir sual yarandı. Çünki bu sual sadə sual deyil. Aydın məsələdir ki, o vaxtkı Xarici İşlər Naziliyi müstəqil dövlətin Xarici İşlər Nazirliyi deyildi və müstəqil xarici siyasətimiz yox idi. Bu nazirlik yalnız beynəlxalq əlaqələrlə məşğul idi. Hətta, ayrıca qərarla bütün beynəlxalq əməkdaşlığı – elm, mədəniyyət, idman və digər sahələrdə əlaqələri Xarici İşlər Nazirliyinin kurasiya etməsi nazirliyə tapşırılmışdı. Qərarda başqa idarələrdən gələn bütün faktları XİN-in yığması və ildə bir dəfə məruzə şəklində rəhbərliyi təqdim etməsi də öz əksini tapmışdı. Azərbaycana mütəmadi şəkildə gələn yüksək səviyyəli nümayəndə heyətləri, dövlət başçıları ilə Xarici İşlər Nazirliyi çox aktiv və yaxından işləyirdi.

Bundan başqa Azərbaycana Moskvada akkreditə olunan çoxlu sayda xarici jurnalistlər gəlirdi. “Röyter”, “Assoşieyted Press”, “Tayms”ın müxbirləri gəlirdi, onlar əvvəl bizdən başlayırdı, bizdən xahiş edirilər ki, şərait yaradaq, onları müşayiət edək. Biz onları müxtəlif təşkilatlara, idarələrə aparırdıq və sair. Moskvada akkreditə olunmuş bir çox səfirlər də bura gəlirdi.

– Onların gəlişində məqsəd nə idi? Bu da tanışlıq məqsədi daşıyırdı?

– Azərbaycanla tanışlıq. Bəziləri yaxşı, bəziləri pis niyyətlə gəlirdi. Hərəsinin öz məqsədi var idi. Nəyisə öyrənməyə çalışırdılar. Amma biz heç olmasa Azərbaycan həqiqətlərini – tarixini, coğrafiyasını, onlara çatdırmağa çalışırdıq. Amma təbii ki, sovet dövründə bizim xarici dövlətlərlə əlaqələrimiz, o cümlədən Türkiyə ilə siyasi əlaqələrimiz yox idi. Mədəni əlaqələr var idi. Cüzi şəkildə ticari-iqtisadi münasibətlər yaranmışdı. Mədəni sahədə, idmançılar arasında əməkdaş mövcud idi.

1980-ci illərin əvvəllərində Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir maraqlı faktı açıqlaya bilərəm. 1979-cu ildə İranda inqilab baş verdi. İranla münasibətləri pozulan xarici ölkələrin diplomatları İranı tərk etməyə başladılar. Onlar İranı Azərbaycan ərazisindən keçərək tərk etdilər. Bəziləri gəmi ilə Bakıya gəlir, burdan da rahatlıqla öz ölkələrinə uçurdular. Nazirliyin konsulluq idarəsi bu məsələ ilə məşğul idi. Onların özləri, ailə üzvləri üçün vizalar, pasport qeydiyyatı işini idarə yerinə yetirirdi. Aydın məsələdir ki, bu müstəqil xarici siyasət deyidi, amma bu da bir iş idi.

Kuba Xarici İşlər nazirinin cangüdənləri Astarada…

Yaxud, nazirliyin dövlət xadimlərini, rəhbər işçiləri müşayiət etmək kimi bir vəzifəsi vardı. İranla-İraq arasında müharibə vaxtı – 1980-ci ildə Bakıya Kuba Respublikasının Xarici İşlər naziri İsidoro Malmierka gəlmişdi. Həmin vaxt Kuba Qoşulmama Hərəkatının sədri idi. Yeri gəlmişkən, biz hazırda həmin təşkilatın fəal üzvüyük. Fidel Kastro iki ölkəni barışdırmağı çox istəyirdi. Naziri də bu məqsədlə göndərmişdi. Mənə və bir nəfər başqa əməkdaşa naziri müşayiət etmək tapşırılmışdı. Biz onu sərhədə qədər müşayiət etdik. Gəldik Astaraya. Həmin vaxt axşamlar Azərbaycan Astarası ilə İran arasında sərhəd-keçid məntəqəsi bağlanırdı. Gecəni Astarada qalası olduq. Nazirin 4-5 ucaboy, idmançı görkəmli cangüdəni var idi. Biz iki nəfər idik. Gecəni yatdıq. Səhər yuxudan duranda gördük ki, bilyard stolunun üstündə sınmış kiylər var, şarların hərəsi bir küncədir. Bilyard otağında da iki-üç boş araq şüşəsi var. Bir-birimizə baxdıq, dedik ki, deyəsən missiya yerinə yetirilməyəcək. Gedək, Bakıya zəng vuraq, çünki bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Əgər belə bir vəziyyət yaranıbsa, biz naziri sərhədə çatdıra bilməyəcəyik. Çünki təsəvvür edirdim ki, indi cangüdənlər nə vəziyyətdədir. Sonra evə nəzarət edən kişi dedi ki, bütün gecəni içib, bilyard oynayıb, qışqırıblar. Bakıya zəng etmək üçün gedəndə gördük, cangüdənlərin hamısı kostyum-qalstukda, üz təraş olunmuş formada dayanıblar. Sanki bütün gecə oynayan, içən bunlar deyilmiş. Biz dedik, maşallah. Biz də cavan idik, amma buna dözmək hər adamın işi deyildi.

Kastro İranla İraqın barışmasını çox istəyirdi. O, ölkəsinin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə bu barışığın baş tutmasını çox istəyirdi və buna nail ola bildi. Müharibənin bitməsində, onların barışmasında Kubanın rolu böyükdür.

Finlandiya prezidenti Xanbulançayda…

Zahid Nurəliyev: – O dövrdə Finlandiya Pezidentinin Azərbaycana gəlişi barədə məlumatlısız?

– Bu hadisənin çox maraqlı tarixçəsi var. Finlandiyaya 25 il fasiləsiz rəhbərlik etmiş prezident Urxo Kaleva Kekkonen var idi. O, 1900-cü ildə anadan olmuşdu və Azərbaycana gələndə 80-dən çox yaşı vardı, gözü də görmürdü, qoluna girib gəzdirirdilər. Hündürboy kişi idi. O, tanınmış bir siyasətçi idi və ona ölkəsində hörmət edirdilər. Finlandiya tarixinin bir sıra hadisələri onun adı ilə bağlı idi. Balıq ovunu həddən artıq çox sevirdi. Həm də bu işlə peşəkarcasına məşğul olurdu, bütün asudə vaxını su hövzələrində balıq tutmaqla keçirirdi. Bizə zəng vurdular ki, bəs prezident məxsusi balıq tutmaq üçün Azərbaycana gəlmək istəyir. O, birbaşa reyslə Bakıya gəldi, hava limanının qonaqlar üçün olan zalında oturdu. Sonra bir Yak-40 gəldi, Yak-40-la onu Lənkərana göndərdilər. Sən demə, bir həftə əvvəl Xanbulançay dəryaçası nərə balıqları ilə doldurulub, özü də onları ac saxlayıblar ki, prezident çox əziyyət çəkməsin, onları tuta bilsin. Prezident çoxlu balıq tutdu. Xeyli sevinirdi. Həmin Yak-40 balıqlarla birgə onu Bakıya gətirdi. İndi yeni problem yarandı, balıqları neynəsinlər? Çünki onları adi təyyarə ilə Helsinkiyə aparanadək yolda xarab olacaq, üstəlik Lənkərandan Bakıya gəlib, bir-iki gün burda qalıb. Finlandiyadan xüsusi təyyarə – refrijerator gəldi.

Ecevitlə “Vətən” kinoteatrına yaxınlaşanda bir də gördük ki…

S.Həmid: – Həmin dövrdə Bakının daha bir məşhur qonağı Türkiyənin görkəmli dövlət və siyasi xadimi Bülənd Ecevit olub…

– Ecevit və xanımı Rahşan Bakıya 1978-ci ildə gəldi. Həmin dövrdə artıq baş nazir deyildi, istefada idi. O, indiki “Hilton” hotelinin yerində olan “Azərbaycan” mehmanxanasında qaldı. Çünki o, artıq istefada idi, onu rəsmi qonaq evinə apara bilməzdilər. Amma onu müşayiət edənlər də keçmiş hökumət üzvləri, məsələn, sabiq Müdafiə naziri Həsən İşıq, Xarici İşlər naziri Çağla Yəngil idi. Öz istəyinə uyğun olaraq onu Üzeyir Hacıbəyovun ev-muzeyinə apardıq. Dedi, məni ora aparın, mən onun musiqisinə qulaq asmaq istəyirəm. Çox böyük maraqla eksponatlara baxdı, Üzeyir bəy haqqında filmi izlədi. Sonra dedi ki, bir az şəhəri gəzmək istəyirəm. Onu Torqovıya, indiki Nizami küçəsinə apardıq. “Vətən” kinoteatrının yanında maşınlar dayandı, dedi, piyada gedək. Mən XİN-in, bir neçə nəfər də müxtəlif dövət orqanlarının əməkdaşı kimi onu müşayiət edirdik. Bu prosesi çox maraqla izləyirdim. Bir də gördük kinoteatrdan yeni çıxan yaşlılar, gənclər bunu görən kimi əl çalmağa, alqışlamağa başladılar. Bu əl çalan insanlara heç kim heç nə deməmişdi. Yəni, Ecevitin nüfuzu o qədər yüksək idi ki, görən kimi başladılar əl çalmağa. Çox maraqlı idi, adam qürur hissi keçirirdi. Çünki Azərbaycanda Türkiyə ilə həmişə maraqlanırdılar. Ecevitin populyarlaşmasında 1974-cü il Kipr barış hərəkatının böyük rolu oldu. Çünki Kiprdə türkləri qıranda qoşunları adaya yeridən məhz o olmuşdu. Həmin qoşunlar indiyədək ordadırlar. Ecevitin yeganə zəif yeri ali təhsilinin olmaması idi. Bu səbəbdən o, prezident ola bilmədi.

Ultimatum verdilər ki, onu buraxmasanız…

S.Həmid: – Yaxın Şərq sanki sovet diplomatlarının həyatından qırmızı xətt kimi keçir. Bu bölgədə fəaliyyət göstərmək, bunu bacarmaq sovet diplomatları üçün üstünlük sayılıb. Yaxın Şərqdə sizin də həyatınızdan yan keçməyib, bir müddət Yəməndə fəaliyyət göstərmisiniz. Bu barədə danışmağınızı istərdik…

– Mən hər iki Yəməndə – həm Yəmən Ərəb Respublikasında, həm də Yəmən Xalq Demokratik Respublikasında işləmişəm. Yəmən Ərəb Respublikası o dövdə bəzən Şimali Yəmən, Yəmən Xalq Demokratik Respublikası isə Cənubi Yəmən adlanırdı. Şimali Yəməndə mən 1960-cı illərin axırları, 1970-ci illərin əvvəllərində işləmişəm. Qırmızı dəniz sahilində yerləşən Xodeyda liman şəhərinə SSRİ Baş Konsulluğuna başqa nazirliyin xətti ilə getmişdim. Amma məni konsulluğun katibi təyin etdilər. Vəzifəm sovet mütəxəssislərinin pasportlarını qeydiyyatdan keçirməkdən, ərəb dilində məktublar yazmaqdan ibarət idi. Həmin məktublar əsasında şəhərə gələn mütəxəssislərin siyahısı təsdiq olunurdu. Bir sıra ticari-iqtisadi danışıqlarda da iştirak edirdim.

İkinci dəfə isə Cənubi Yəmənə getdim. Cənubi Yəmən şimaldan fərqlənirdi. Şimalda qəbilələrin nümayədələri hakimiyyətdə təmsil olunmalı idi, ölkənin rəhbərliyi onlardan ibarət idi. Düzdür, formal olaraq preizdent var idi, amma bütün məsələləri qəbilələrdən ibarət məsləhət şurası həll edirdi. Cənubi Yəmən 130 il Böyük Britaniyanın müstəmləkəsi, onun paytaxtı Ədən şəhəri isə hərbi-dəniz bazası olub. Onlar 1972-ci ildə Yəməni tərk etdilər. Orda milli-azadlıq hərəkatı, toqquşmalar başlamışdı. İngilislər ordan vaxtında çıxdılar. Bundan sonra Sovet İttifaqı yavaş-yavaş Cənubi Yəmənə girdi. Bir sıra mütəxəssisləri oxutdurmağa başladı. Orda partiya məktəbi yaratdı.

Cənubi Yəmənin Sosialist Partiyasının rəhbəri Əbdülfəttah İsmayıl dövlət çevrilişinə cəhd olanda – 1986-cı ildə Ədəndəki sovet səfirliyində gizləndi. Amma alınmadı. Onun səfirlikdə gizlədilməsindən hərbi çevrilişçilər xəbər tutdular və artıq onlar çevrilişi həyata keçirmişdilər. Onlar tanklarla səfirliyin yanında dayandılar. Ultimatum verdilər ki, onu buraxmasanız, biz tanklarla səfirliyə daxil olacağıq. O, çox tərəddüd etdi, amma iradəli kişi idi. Səfirliyin həyətində də köhnə zirehli döyüş maşını – BTR dayanmışdı. Düzdür, hərəkət edirdi, amma zəif idi. Dedi, gəlin belə edək, mən otururam maşına, siz darvazanı açırsız, mən çıxıb böyük sürətlə gedirəm, nə olar olar. Mən istəmirəm ki, siz məndən ötrü əziyyət çəkəsiz. Razılaşdılar, darvaza açıldı, o özü BTR-ə oturub yüksək sürətlə çıxdı. Onlar ilk anlarda nə baş verdiyini başa düşmədilər. BTR-dəkinin kim olduğunu sonra dərk etdilər və… həmin BTR-dən sonda əl boyda dəmir qırıntıları qaldı. Bu, SSRİ-nin süqutunu tezləşdirən hadisələrdən biri idi. Bəlkə də əvvəlki dövr olsaydı, çevrilişçilər SSRİ səfirliyi ilə belə rəftar edə bilməzdilər.

Dedilər, gedin şəkli “Berlin divarı”nın yanında çəkdirin

Bir maraqlı faktı da demək istəyirəm. Mən Yəmənin şimalında da oldum, cənubunda da. Mən qayıtdıqdan sonra – 1990-cı ildə düşmən vəziyyətində olan hər iki Yəmən birləşdi və vahid Yəmən Respublikası yarandı. Düzdür, hazırda bu ölkədə müharibə gedir, qanlar tökülür və sair. Amma hər halda birləşdi.

Bundan sonra mən 1989-cı ilin yayında sovet nümayəndə heyətinin tərkibində Almaniya Demokratik Respublikasına və Qərbi Berlin şəhərinə getdim. O vaxt Qərbi Berlin şəhəri müstəqil statusa malik idi. Bizə dedilər ki, gedin “Berlin divarı”nın yanında şəkil çəkdirin, çünki bu yaxınlarda divar söküləcək. Görünür, o insanlar bilirdilər, kimlərləsə əlaqəli idilər. Nümayəndə heyətinin üzvləri – mən, yazıçı Anar, aktyor Həsənağa Turabov, dilçi alim Yaşar Qarayev, bəstəkar Vasif Adıgözəlov, oftolmoloq Nazim Əfəndiyev və bir neçə digər şəxs gedib “Berlin divarı”nın yanında şəkil çəkdirdik. O şəkil məndə durur. Demək istəyirəm ki, parçalanmış iki dövlətdə olmuşam və onlarlın hər iksi birləşib. Necə deyərlər, ayağım onlara düşüb.

– Pedaqoji fəaliyyətinizə heç toxunmadıq…

– “Azərinform”dan çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda – indiki Dövlət İdarəçilik Akademiyasında işləməyə, beynəlxalq münasibətlərdən, diplomatiyadan dərs deməyə başladım. İlk kitablarımı da orda çıxardım. Sonra Qərbi Kaspi Universitetinə qayıdanda bir kitabımın orda ikinci buraxılışı oldu. Hazırda həmin universitetin politologiya və beynəlxalq münasibətlər kafedrasında professor-müəllim kimi öz fəaliyyətimi davam etdirirəm. Qərbi Kaspi Universiteti Azərbaycanda ilk özəl universitetdir. İlk dəfə burda müasir təhsil texnologiyaları tətbiq olunub. Buranın məzunları həm ölkə daxilində, həm xaricdə bir sıra diplomatik nümayəndəliklərimizdə uğurla fəaliyyət göstərir, Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Səfir olmaq istəyirdim

– Fikrət müəllim, 73 yaşınız var. Keçdiyiniz ömür yolunu necə qiymətləndirirsiz?

– Qarşıma qoyduğum məqsədlərə əksər hallarda nail olmuşam. Hələ orta məktəbdə oxuyarkən diplomat olmaq istədim, oldum, diplomatik rütbəm də var. Jurnalistika ilə məşğul olmaq istədim, buna da nail oldum. Jurnalistlər Birliyinin üzvüyəm. Hələ o vaxt səfir olmaq istəyirdim. Alınmadı, ancaq mən bunda bir faciə görmürəm. Çox mürəkkəb dövrdə yaşayıb işləmişəm, Xruşşov, Brejnev, Qorbaçov dövrünü görmüşəm, Azərbaycanın çətin illərinin şahidi, nəinki şahidi, iştirakçısı olmuşam. İstərdim ki, gənc nəslin nümayəndələri bu kimi problemlər görməsinlər. Sabit, inkişaf etmiş, demokratik, sivil, dünyəvi dövlətdə yaşasınlar. Mən bütün vətəndaşlara bunu arzulayıram. Çünki bu, böyük xoşbəxtlikdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər