Prezident Putinin və müasir Rusiyanın ciddi problemi var. Bu da, ondan ibarətdir ki, Rusiyanı dünyanın qlobal problemlərinin həllində qlobal oyunçu kimi qəbul etmirlər. Ukrayna hadisələrindən sonra Rusiya Böyük Səkkizliyin tərkibindən çıxarılıb. Eləcə də Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ciddi sanksiyalar, diplomatik-siyasi baxımdan izolyasiya siyasəti aparır. Hazırda Rusiya yenidən qlobal masaya qayıtmaq, güclü və legitim lider və geosiyasi oyunçu kimi qəbul olunmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri təhlükəsizlik eksperti Sülhəddin Əkbər Rusiya Prezidenti Vladimr Putinin dünən Federal Məclis üzvləri qarşısında çıxışını şərh edərkən deyib.
S. Əkbərə görə, Rusiya qlobal siyasi oyunçu olmasını qəbul etdirmək üçün çıxatmadığı oyun qalmayıb:
“Mən Putinin dünənki çıxışını bu kontekstdə qiymətləndirməyə üstünlük verirəm. Çıxış əsasən iki hissədən ibarət oldu. Çıxışın birinci hissəsi əsasən Rusiyanın sosial-iqtisadi məsələlərinə həsr edilmişdi. Bu çıxış faktiki olaraq seçki öncəsi daxili auditoriyaya istiqamətlənmişdi.
Müdafiə və təhlükəsizlik məsələsi, Rusiya hərbi sənayesinin “nəaliyyətləri” haqda çıxış isə rus ictimaiyyətində qürur hissi yaratmaq, habelə ABŞ başda olmaqla anti-Rusiya qüvvələrini qorxutmaq məqsədi daşıyıdı. Ancaq bu çıxış ciddi qəbul olunmadı. Ola bilsin ki, Putin bu çıxışı ilə daxildə istədiyinə - imicini, mövqelərini möhkəmlətməyə nail ola bildi. Amma xaricdə bu çıxış gözlənilən effekt verə bilməz. Deyim ki, bu, Putinin Qərblə münasibətləri kəskinləşdirmək üçün atdığı addımdır. Xüsusən, uçan nüvə başlığının trayektoriyası haqda fikirləri ilə Putin öz ətrafını daha çox qorxutdu, nəinki ABŞ və Avropanı. Putinin yaxın ətrafı Qərblə nəinki müharibə, hətta münasibətlərin korlanmasını belə istəmir. Çünki ABŞ-da “Kremli siyahısı” çap edilib. Onların maraqları isə Rusiyadan daha çox Qərbdədir. Pulları, daşınmaz əmlakları, istirahətləri Qərbdədir, övladları Qərbdə təhsil alır və yaşayırlar. Mən düşünmürəm ki, bu çıxış cənab Putinin ağır çəkili qlobal oyunçu kimi qlobal masaya dönüşünə yol aça bilər. Hadisələrin gedişi yaxın dövrdə bunu ortaya qoyacaq”.
Mütəxəssis deyib ki, çıxışı zamanı Putinin yeni silahları təqdim etməsi faktiki olaraq Rusiyanın silahlanma yarışına start verdiyinin və həm də tələyə düşdüyünün göstəricisidir:
“Putinin açıqlaması bundan ibarətdir ki, ABŞ-ın raketdən müdafiə sistemi qurması, bunun Rusiyanın sərhədlərinin yaxınlığında edilməsi dünyadakı strateji balansı pozur. Və Rusiya məcburdur ki, bu hala reaksiya versin. Bununla da, Putin silahları ABŞ-ın strateji balansı pozmasına cavab addımları kimi təqdim edir. Sözsüz ki, bu, yeni silahlanmanın başlanğıcıdır. Bu, həm də onu göstərir ki, ABŞ və Qərb dövlətləri istədiyinə nail olub. Rusiya həm Ukrayna və Suriyada müharibəyə, həm də silahlanma yarışına cəlb edilib. Üstəlik son illər dünya neft bazarında qiymətlər endirilib. Təsəvvür edin ki, SSRİ-nin dağıdılması üçün həyata keçirilən ünsürlər indi yeni şəraitə uyğun olaraq Rusiyaya tətbiq edilir. Başqa sözlə, strateji tələ baş tutub və Rusiya ora düşüb. Bunu əminliklə demək olar”.
Sülhəddin Əkbər qeyd edib ki, çıxışı zamanı Putinin SSRİ-nin dağılmasından sonra Rusiyanın 23,8 faiz ərazi itirməsi haqda fikirləri də diqqətə alınmalıdır:
“Putin istədiyini açıq deyir. Əgər xatırlayırsınızsa, bundan öncə cənab Putin SSRİ-nin dağılmasını XX əsrin geosiyasi fəlakəti adlandırmışdı. İndi sonuncu iddiaları da nəzərə alanda belə çıxır ki, Rusiyanın geosiyasi hədəfi imperiyanın bu ərazilərini bərpa etməkdir. Məncə, postsovet ölkələri bundan nəticə çıxarmalıdır. Əslində, Putini hakimiyyətə gətirən rus dərin dövləti ondan tələb edir ki, keçmiş imperiyanın sərhədlərini bərpa etsin. Ancaq mənim fikrimcə, indi dünyada müşahidə edilən mövcud geosiyasi və geostrateji durumu nəzərə alsaq, eləcə də Rusiyanın strateji resurslarını, habelə Rusiyanın rəqiblərinin resurslarını diqqət edəndə görünür ki, orta və uzaq perspektivdə imperiya sərhədlərini bərpa etmək qeyri mümkündür”.