Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində 20-dən çox adamın ölümü ilə nəticələnmiş yanğın barədə xəbəri dərin hüzn və kədərlə qarşıladım.
Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu və onlara səbir dilədiyimi bildirir, xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm.
Sizinlə bərabər ürəkdən kədərlənirəm".
***
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli cənab Prezident.
Bakıdakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Öz doğmalarını itirmiş ailələrin kədərinə ürəkdən şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm. Qoy, həlak olanların xatirəsi insanların qəlbində həmişəlik yaşasın, buna oxşar faciələr bir daha təkrarlanmasın.
***
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Bakıdakı Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar tatarıstanlıların adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciə nəticəsində həlak olanların doğmalarının və yaxınlarının ağrı-acısını bölüşür, onlara səbir diləyir, dərdlərinə şərik olduğumuzu bildiririk".
***
Ukraynanın Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanmışdır.
Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm".