10 Mart 2018 09:15
2 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə qarşısına öz təhlükəsizliyi üçün problemlər törədən PKK və PYD-ni sıradan çıxarmaq məqsədini qoyub. Hazırda PYD-PKK terror təşkilatına qarşı silahlı mübarizə aparılır. Türkiyə onları Suriya ilə sərhədindən uzaqlaşdırmağa cəhd göstərir.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli Türkiyənin İraq ərazilərində anti-terror əməliyyatlarına başlayacağı haqda rəsmi xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Afrin əməliyyatı may ayından da tez başa çata bilər:

“Nəzərə almaq lazımdır ki, türk ordusu artıq Afrinə yaxınlaşıb. Amma əməliyyatın müddəti uzana da bilər. Söhbət anti-terror fəaliyyətindən gedirsə, bunun ən ciddi və Türkiyə üçün təhlükə kəsb edən nöqətlərindən biri Qəndil dağlarıdır, İraqın şimalıdır. Odur ki, İraqda da hərbi əməliyyatlar aparılmaldır ki, PKK-nın kökünü kəsmək mümkün olsun. Bununla bağlı Ankara və Bağdad arasında razılıq əldə edilib. Ankara Bağdad hökumətini inandırıb ki, onun ərazi bütövlüyünü təmin etmək məqsədilə Qəndil dağlarında yuva salan PKK-çıları oradan çıxarmaq və ya məhv etmək lazımdır. Bundan sonra iki dövlət arasında münasibətlərdə problem olmayacaq. Həm də Türkiyə İraq sərhədlərini bir daha pozmayacaq. Bu, çox prinsipial məsələdir. Türkiyə kiminsə torpağında bir qarış gözü olmayan dövlətdir, amma onun ərazisinə qonşu dövlətlərdən, o cümlədən Suriya və İraqdan ciddi müdaxilələr baş verir. Odur ki, Türkiyə İraq ərazisində də hərbi əməliyyat aparmalıdır ki, bu məsələni başa çatdıra bilsin”.

Qabil Hüseynli hesab edir ki, bu tədbirlərlə Türkiyə müəyyən mənada PKK-nın fəaliyyətini sıfıra endirə bilər:

“Məsələn, artıq türk ordusu Afrin əməliyyatı ilə PYD-ni taqətdən salıb. Bu təşkilat tamamilə çökmək üzrədir. PYD terrorçuları Türkiyə ilə sərhəd ərazilərdən uzaqlaşır. Üstəlik bu ərazilərə Suriyadan olan qaçqınlar yerləşdiriləcək və beləcə, bufer zona yaranacaq. Eyni bufer zonanı da İraq ərazisində yaratmaq mümkündür. Mən burada çətin bir şey görmürəm. Beynəlxalq münasibətlər də bunun üçün lazımı şərait yaradır. Bu baxımdan Türkiyə İraqda da əməliyyat apara bilər”.

Politoloq deyib ki, ABŞ-ın bu durumda hansı reaksiya göstərəcəyindən ehtiyat etməyə dəyməz:

“Türkiyə PKK-ya qarşı mübarizə aparır. ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyıb və ona qarşı mübarizədə Türkiyəyə dəstək verəcəyini bildirib. İndi Türkiyə terrorçulara qarşı antiterror fəaliyyəti həyata keçirir. Hazırda yalnız hərbi əməliyyatların zamanı ilə bağlı fikir deyilə bilər. Belədə Türkiyə regionun böyük dövlətlərindən biridir və bölgədə qayda-qanun yaradılmasına cavabdehdir. Bu baxımdan da İraq ərazilərində razılaşdırılan hərbi əməliyyatlar beynəlxalq hüququn tələblərini pozmur”.


Müəllif: Cavad

Oxşar xəbərlər