Bəzi şəxslər ölkədən qaçaraq Azərbaycanın simvollarını təhqir edirlər. Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında şıxışı zaman qeyd edib.
Ə.Həsənov bildirib ki, Azərbaycan mətbuatı bu cür insanlara qarşı mübarizə aparmalıdır: “Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. Həmin insanlar “Facebook”un imkanlarından istifadə edərək çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.
Ə.Həsənov qeyd edib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.
PA rəsmisi vurğulayıb ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları bundan sonra da mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.
Ə.Həsənov müxalifət nümayəndələrinə müraciət edib: "Buradan üzümü müxalifət nümayındələrinə tuturam.Onlar ölkə qanunvericiliyinə uyğun olaraq parlamentə seçiliblər, dövlət büdcəsindən qanunla təsbit olunmuş maliyyələşmə haqlarını alırlar. Bunun nəyi pisdir?
Mənbəsi heç kimə bəlli olmayan şəxslər sizdən də yaxşı yaşayır, övladları, özləri ölkənin daxilində və xaricində kifayət qədər təminatlı həyat sürürlər. Onların - sizi tənqid edənləri, parlamentə oturub, Azərbaycan siyasi paltrasını təmsil edərək dövlət büdcəsindən məvacib alanları ittiham etməyə haqları yoxdur. Bunlara qarşı dirəniş göstərmək lazımdır. Onların haqsız olduğunu media onlara çatdırmalıdır”.
Ə.Həsənov medianı milli-mənəvi dəyərlərə uyğun fəaliyyət göstərməyə çağırıb:
“Milli-mənəvi dəyərlər sizin ailənizə rəva görmədiyiniz məqamlardır. Ekranda ailənizlə birlikdə baxmağı özünüzə sığışdırmadığınızı Azərbaycan cəmiyyətinə də rəva görməməlisiniz. Bu şəxslərə qarşı ictimai müzakirə açmalısınız. Harada yaşamağından asılı olmayaraq, hansı adla ölkəni tərk etməyindən, ölkədən qaçıb xarici ölkələrin xüsusi xidmət orqanlarının idarəçiliyi altına keçməsindən asılı olmayaraq onlara qarşı mübarizə aparmalısınız”.
Ə.Həsənov qurultayda səsləndirilən fikirlərə də münasibət bildirib:
“Mən də hesab edirəm ki, Mətbuat Şurası haqqında qanunun qəbul edilməsinin vaxtı çatıb.Mətbuat Şurasının statusu bəlli normativlər çərçivəsində tənzimlənməlidir. Milli Məclisdə təmsil olunanlar arasında mətbuat nümayəndələri də var. Onlar Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanunvericilik bazasını hazırlamalıdır.
Vahid kart məsələsi də qanuna söykənməlidir. Bu kartın kim tərəfindən verilməsi, onların hansı imkanlara malik olması müəyyən edilməlidir. Karta sahib olmayanların statusu ilə bağlı məqamları da sizlər müəyyən edib təqdim edə bilərsiniz.
Biz də lazımı dəstəyi göstərməyə hazırıq.Bununla yanaşı ayda iki dəfə çıxan mətbuat orqanlarının keçirilən jurnalist müsabiqələrində iştirakı tələbini də haqlı hesab edirəm. Bundan başqa, rayon qəzetlərinin portallarının yaradılması fikrini də dəstəkləyirəm. Jurnalistlərimiz üçün kurslar, seminarların təşkilinə də münasibətimiz çox yaxşıdır”.
Reket jurnalistikanın bu gün problemə çevrildiyini deyən Ə.Həsənov onları ciddi media ilə məşğul olmağa çağırıb:
“Reket jurnalistlər müəyyən siyahı hazırlayaraq Prezident Adminstrasiyasına ünvanlayır və “Əli Həsənov bizim çörəyimizi kəsir" deyirlər. Biz heç kimin çörəyini kəsmirik. Hər kəsə qanunvericiliyə uyğun fəaliyyət göstərməyə çağırırıq. Bu reket jurnalistlər arasında istedadlılar da var. Bəzən onlar icra məmurları ilə bağlı elə məqamları tuturlar, bir çoxlarının ağlına gəlmir. Bu eybəcərlilikləri aradan qaldırmalıyıq. Mən həmin jurnalistləri doğru yola qaytarmaq üçün çalışıram”.