11 Mart 2018 15:28
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə təşkil edilən silsilə tədbirlər başa çatıb.

Teleqraf.com xəbər verir ki, tədbirlərin ikinci günündə Ərzurumun mərkəzində “Azərbaycan bulvarı”nın, “Nuru Paşa bağı”nın və “Yüzüncü il qəhrəmanları” abidəsinin açılışı olub. “Yüzüncü il qəhrəmanları” abidəsi 1918-ci ildə Bakının azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşa və Mürsəl Paşa, o cümlədən Naxçıvanın xilasında böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşa və erməni silahlı dəstələri ilə mübarizə aparmış, Azərbaycandan Ərzuruma yardıma gəlmiş gəncəli Seyidovun adını əbədiləşdirən xatirə kompleksidir.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydəmir və Mustafa İlıcalı, Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) sədri Hikmət Eren və Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsinin onların xilaskarlıq missiyasının yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Qeyd olunub ki, ötən əsrin əvvəlində xalqlarımıza qarşı amansız soyqırımları törədən erməni silahlılarının zərərsizləşdirilməsi istiqamətində soydaşlarımızın göstərdikləri birlik və həmrəylik nəsillərə örnəkdir.

Mərasim bədii proqramla davam edib.

Qeyd edək ki, iki gün davam edən tədbirlər Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin (TDƏD) və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri ilə bağlı konfrans təşkil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər