10:22
Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının sədri Georgi Seretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulandı və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi bildirilib. Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunuldu. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
Georgi Sereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğulayıb.
Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.