12 Mart 2018 20:59
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu təhqir və söyüşləri bizim mentalitetə yaraşmayan tərbiyəsiz hərəkətlər hesab edirəm. Bu, insanlığa zidd hərəkət olmaqla yanaşı, həm də təhqir yağdıranların özlərinə qiymət verməməsinin göstəricisidir.

Bunu Teleqraf.com-a hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O bildirib ki, sosial şəbəkələrdə bu kampaniyaya kimlərin rəhbərlik etdiyini bilir:

“Zamanında biz də ciddi təhqirlərə məruz qalırdıq. Bunu edənlərin kimliyini bilirdik. Odur ki, onlara cavab vermədik. Çünki hesab etdik ki, onlar gücsüz və cılız insanlardır. Əgər gücləri çatsaydı, bunu üzümüzə deyərdilər. Bəziləri saxta adlarla təhqirlərə keçir, ağızlarına gələni yazırlar. Son zamanlar bu kampaniya daha da artıb, artıq dövlət rəhbərliyini belə hədəfə alırlar. Bunu edənlər bütövlükdə ölkəni təhqir edirlər və beləcə vicdansızlığa rəvac verirlər. Mən hesab edirəm ki, istənilən şəxsi qərəzli şəkildə təhqir etmək şərəfsizlikdir. Sözün varsa, gəl bura, üzünə de. Tənqidlər anlaşılan və başadüşüləndir. Təhqir və söyüşlər isə insanın kimliyindən xəbər verir. Belələri bilməlidir ki, siyasətə təhqir və söyüşün gətirilməsi onlara xeyir verməyəcək. Onlar sadəcə icraçılardır, sifarişi verənlər isə arxadadır. İnsan öz ölkəsinə qarşı müxalifətdə olmamalıdır. Bu mövqe dəhşətli və biabırçıdır”.

Hüquq müdafiəçisi deyir ki, təhqirə keçənlər, siyasi rəqiblərinin ailə üzvlərini hədəfə alanlar özləri haqqında bir qədər düşünməlidirlər:

“Onlar özlərinə rəva bilmədiklərini başqalarına rəva görməməlidir. Bu xətti seçmək onların dünyagörüşü, tərbiyəsi ilə bağlıdır. Onlar özlərinə siyasətçi deməməlidir. Siyasətçiliyi kənara qoyuram, normal insan söyüşə əl atmamalıdır. Ən azından özünə hörmət etməli, qarşısındakı şəxsə tənqidini hörmətli şəkildə çatdırmalıdır. Ancaq yazıqlar olsun ki, bunlar nə özlərinə, nə də qarşısında olanlara hörmətli yanaşırlar”.

Səadət Bənənyarlı əlavə edib ki, təhqir və söyüşlərə rəvac verənlər, son vaxtlar Azərbaycandan Avropaya miqrasiya edən şəxslərdir:

“Mən xatırlayıram, 15 il əvvəl Avropaya gedən insanlar var. Biz indiyə qədər onlardan belə qeyri-əxlaqi davranış, söyüş və təhqirlər eşitmirik. Bunu adətən son vaxtlar gedənlər edirlər. Onlar öz gücsüzlüyü ilə yanaşı, Azərbaycanı sevməyən qüvvələrin əlində oyuncağa çevrildiklərini ortaya qoyurlar. Burada mübarizə apara bilməyənlərin gedib orada müxalifətçilik etməsi əslində onların şəxsiyyətini ortaya qoyur”.

Qeyd edək ki, son zamanlar xaricdə anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilən bəzi azərbaycanlılar ölkə prezidenti daxil olmaqla ziyalıları, ictimaiyyət nümayəndələrini, ictimai-siyasi xadimləri təhqir etməklə gündəmə gəlməyə çalışırlar.


Müəllif: Cavad