Çox təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün hakimiyyətə deyil, Azərbaycana qarşı müxalifətçilik edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, xaricdə anti-Azərbaycan təbliğatı aparanların hərəkətləri öz doğma torpaqlarına nifrət həddinə gəlib çatıb:
“Onların etdiyi hərəkət Azərbaycana qarşı daim təxribat aparan xarici dairələr və erməni millətçilərinin davranışları ilə üst-üstə düşür. Araşdırma apardıqda onların eyni mənbədən maliyyələşdirdiyi də məlum olur”.
Millət vəkili bildirib ki, antimilli təbliğat aparanlar barmaqla sayılacaq qədər azdırlar:
“Xaricdə yaşayan və Azərbaycan diasporunu təşkil edən soydaşlarımızın böyük əksəriyyəti öz dövlətinə, vətəninə bağlı olan insanlardır. İçlərində müxtəlif siyasi əqidəli insanlar olsa da, onlar hər zaman Azərbaycanın maraqlarını üstün tutublar. Bir neçə nəfərin çirkin, vətən oğlu adına yaraşmayan hərəkətləri onların özlərinin daxili aləmini və düşüncəsini göstərir. Onlar heç bir halda Azərbaycanda problem yarada bilməzlər”.
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan əhalisi dövlətinə və millətinə bağlıdır:
“Onlar qarşıdan gələn prezident seçkisində demokratik şəkildə seçim edə biləcəklər”.
Qeyd edək ki, prezident seçkiləri yaxınlaşdıqca Avropaya sığınan bəzi vətəndaşlarımız Azərbaycana qarşı yaraşmayan şəkildə, heç bir əxlaq norması gözləmədən anti-təbliğat aparırlar.